”Makroiqtisadi göstəricələrlə bağlı ümumi rəqəmlərdə həmişə şübhə yeri qalır”
2016-cı ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,9 faiz artıb.
Dövlət Statistika Komitəsindən “APA -Economics”ə verilən məlumata görə, 2016-cı ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,4 faiz artıb. Ay ərzində düyünün, unun, çörəyin, qarabaşaq, yulaf və arpa yarmasının, mal, qoyun və toyuq ətinin, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, kələmin, kökün, göy lobyanın, çuğundurun, sarımsağın, göyərtinin, tütün məmulatlarının qiymətlərində bahalaşma, balıq məhsullarının, almanın, armudun, bananın, gavalının, şaftalının, üzümün, pomidorun, xiyarın, badımcanın, bibərin, soğanın, kartofun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Avqustda iyul ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaa tmateriallarının, zərgərlik məmulatlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, televizor, telefon və fotoaparatların, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində artım müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən ali təhsil müəssisələrində təhsil haqqı, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadan kənara istirahət turlarının qiymətləri artıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Meydan TV-yə Dövlət Statistika Komitəsinin rəqəmlərinin həmişə şübhə doğurduğunu deyən iqtisadçı Natiq Cəfərli bunun səbəbini statistikanın siyasiləşməsində görür: “Makroiqtisadi göstəricələrlə bağlı ümumi rəqəmlərdə həmişə şübhə yeri qalır. Ötən il ərzində 2 dəfə devalvasiya olubsa, nəticədə bu il inflyasiyanın 10,8 faiz olması şübhələr doğurur. Gündəlik bazarlıq edən insanlar da gündən-günə qiymətlərdə ciddi dəyişikliklərin olduğunu görürlər. Sadəcə, hökumət ilk dəfə inflyasiyanın ikirəqəməli həddə olduğunu etiraf etməyə məcbur oldu. Bugünə qədər isə maksimum 1-3 faiz inflyasiya rəqəmləri göstərirdilər, amma indi az qala 11 faizdir, hökumətin etirafı da proseslərin çox sürətlə getdiyini göstərir. Problem ondadır ki, inflyasiya sovetdənqalma qaydalarla hesablanır. Hazırda əhalini ərzaq inflyasiyası narahat edir, səbəb də odur ki, vətəndaşların qazanclarının az qala 70-75 faizi ərzağa xərclənir. Bu baxımdan ərzaq inflyasiyasının 12 faiz göstərilməsi də şübhə doğurur. Ola bilər, yay mövsümündə kənd təsərrüfatı mallarında sabitlik oldu, amma payızın sonu, qışöncəsi qiymət artımının şahidi olacağıq. Həm də ölkənin xaricdən gətirilən məhsullardan asılılığı var, ona görə də ötən ilə nisbətən xaricdən gətirilən ərzaq və qeyri-ərzaq mallarının qiyməti 2 dəfə qalxmalıdır. Səbəb yenə devalvasiyada axtarılmalıdır. Bu nöqteyi-nəzərdən qeyri-ərzaq mallarındakı inflyasiya da inandırıcı deyil”.
Hansı təcili addımların atılmasına gəlincə, Natiq Cəfərli hesab edir ki, hökumət xeyli gecikib: “Hazırda bəzi kənd təsərrüfatı məhsulları ilə bağlı ciddi layihələrin gerçəkləşdirilməsi istəyi doğru istiqamətdir. Ancaq kənd təsərrüfatının problemi yalnız torpaqla, kəndlilərin işləmək problemi ilə deyil. Mütləq strateji proqramlar və aşağı faizli kreditlər olmalıdır. Azərbaycan fermerlərinin isə kreditə çıxış imkanları məhduddur, ona görə də nəticə gözləmək mümkünsüzdür. Hazırda iki ən böyük problemlə üz-üzəyik; nə zamanımız, nə də vəsaitimiz var. Vəsaitimiz getdikcə tükənir, zaman da daralır”.