Müsavat Partiyası qərargahının qarşısında bir qrup şəxs piket keçirib. Aksiyaçılar Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin və partiyanın ünvanına tənqidlər səsləndiriblər.
Müsavat Partiyasının başqanı Arif Hacılı piketin hakimiyyət tərəfindən təşkil olunduğuna əmindir.
Onun sözlərinə görə, hakimiyyət partiyanın fəallaşmasından, təbliğat işinin güclənməsindən narahatdır:
“Hakimiyyət Azərbaycanda yaradılmış indiki ağır sosial-iqtisadi və siyasi böhrandan çıxış yolları məsələsində Müsavat Partiyasının bir siyasi təşkilat kimi önə çıxmasından narahatdır. Bugünkü piketin də yəqinki mənası budur”.
Piket iştirakçıları tərəfindən təhqir olunan İsa Qəmbər isə hesab edir ki, bu, hakimiyyətin qərarı əsasında aparılan böhtan, təhqir kampaniyasıdır:
“Böyük liderimiz Məmməd Əmin Rəsulzadənin 133 illiyi ilə bağlı anım mərasimindəki əhval-ruhiyyə hakimiyyəti qəzəbləndirir, narahat edir. Başqa resursları da olmadığından, resursları ancaq böhtan, bu cür öyrədilmiş şəxslərin təhqiramiz çıxışları olduğu üçün yalnız bu üsuldan istifadə etmək məcburiyyətindədirlər”.
Dünən deputat Siyavuş Novruzov yerli mediaya açıqlamasında İsa Qəmbəri narkotikə görə həbs olunan gəncləri müdafiə etməkdə qınayıb:
“Bu, sıxılmış bir limondur. Ona görə də istəyir üzə çıxsın, özünü hardasa göstərməyə cəhd eləsin. Göstərmək üçün də birinci potensial lazımdır. İqtisadi təklif versin, siyasi təklif versin, yox. Ancaq söyüş və təhqir ifadələrilə gündəmdə qalmaq istəyir”.
İsa Qəmbərin sonuncu çıxışı yanvarın 31-də Məmməd Əmin Rəsulzadənin ad günü ilə bağlı təşkil edilmiş tədbirdə olub:
“Təsadüfi deyil ki, nəhayət, Azərbaycan gəncliyi sözünü dedi. O, Azərbaycan tarixinə dəxli olmayan heykəllərin üstündə ürək sözlərini yazdı. Bayram, Qiyas və başqa qəhrəman gənclər öz ürək sözlərini, həqiqətləri yazmağa başladılar”.