Elvin Abdullayevin anası polis bölməsinə aparılıb
Müsavat Partiyası Xətai rayon təşkilatınım sədr müavini Elvin Abdullayev 30 sutka inzibati cəza alıb.
Bu barədə Meydan TV-yə Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli məlumat verib.
Fərəc Kərimli deyib ki, mayın 22-də bir neçə polis müsavatçının evinə gəlib anasını 36-cı polis bölməsinə aparıblar. Elvin Abdullayev bundan xəbər tutandan sonra bölməyə gedib, anasını sərbəst buraxandan sonra onun saxlayıblar.
Saat 16 radələrində Xətai Rayon Məhkəməsi Elvin Abdullayev barədə 30 sutka həbs qərarı çıxarıb. Onu İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisə tabe olmamaq) ilə ittiham ediblər.
Ancaq yaxınları hesab edir ki, Elvin Abdullayev “Facebook”da İlham Əliyevin üzərində “Diktator” yazılmış fotosunu paylaşdığı üçün cəzalandırılıb.
Müsavat Partiyasının mətbuat xidmətinin məlumatında bildirilir ki, Elvin Abdullayevin həbsi ifadə azadlığının kobud şəkildə pozulmasıdır.
“Elvin Abdullayevin anasının polis bölməsinə aparılması isə hüquqa sığmayan ləyaqətsiz bir addımdır. Elvin Abdullayevin dərhal azad olunmasını tələb edirik”- məlumatda vurğulanır. Bu barədə ilk məlumatı basta.info yayıb.
Elvin Abdullayev əvvəllər də həbs olunub. Həmin dövrdə o, AXCP Gənclər Təşkilatının fəalı idi. Gənc fəal Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum
edilmişdi
. 2016-cı ildə Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən AXCP üzvü Elvin Abdullayevin kassasiya şikayətinə baxılıb.
Qərara əsasən, E. Abdullayevin ittiham olunduğu 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) maddəsinə tövsif edilib. Onun cəzası 6 ildən 2 il 6 aya endirilib. O, 2017-ci ilin martında prezident İlham Əliyevin Əfv sərəncamı ilə azadlığa buraxılıb.
Elvin Abdullayev beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınırdı.