Müharibələr, sanksiyalar, siyasi proseslərin fonunda neft qiymətləri

Neft və dollar. Foto: GAS-photo/shutterstock

“Neft bazarı böyük tərəddüd və qeyri-müəyyənlik astanasındadır”

Noyabrın 14-də dünya bazarlarında neftin qiyməti yüksəlib.

Brent markalı neftin fyuçerləri 20 sent və ya 0,2 faiz artaraq barrel üçün 82,72 dollar olub. ABŞ-ın WTI markalı xam neftinin fyuçerləri isə 21 sent və ya 0,3 faiz artaraq 78,47 dollara qalxıb.

Noyabrın 13-də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) dünya bazarlarında neftin qiymətinin enməsi ilə bağlı açıqlama vermişdi. Bunda möhtəkirləri günahlandırmışdı.

Ötən həftə neft qiymətləri tələbin azala biləcəyi səbəbindən iyuldan bəri ən aşağı səviyyəyə enmişdi.

ABŞ və OPEC. Foto: Vitalii Vodolazskyi/shutterstock

“Rusiya neftinin ixracına təzyiq də qiyməti artırır”

Analitik Giovanni Staunovo bildirib ki, ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinin ixracına təzyiq göstərməsi də neft qiymətlərinin qalmasına səbəb olub.

Fatih Birol. Foto: https://time.com/

Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol “S&P Global Commodity Insights” beynəlxalq agentliyinə müsahibəsində deyib ki, neft bazarı çox böyük tərəddüd və qeyri-müəyyənlik astanasındadır.

Yaxın Şərqdə münaqişənin geniş yayılması qorxusu, OPEC+” ölkələrinin tədarüklərini könüllü şəkildə azaltması, Ukraynada davam edən münaqişə və Rusiyaya qarşı sanksiyalar neft bazarında yüksək əhval-ruhiyyəni gücləndirib”.

“S&P Global Platts”ın hesablamalarına görə, 2023-cü ilin əvvəlindən “Brent” markalı neftin qiyməti təxminən 13 ABŞ dolları artıb.

“Kreml neftini müxtəlif yollarla bazara çıxara bilir”

İqtisadçı Natiq Cəfərli deyir ki, davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə münaqişənin yenidən alovlanması və bölgənin neftlə zəngin ölkələrinə münaqişənin yayılması təhlükəsi, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının ritorik olsa da, İsrailə qarşı sərt reaksiyası, əslində, nefti 100 dolların üzərinə çəkməli idi:

“Sual olunur: Nə baş verir? Səbəblər sırasında FED və digər ölkə Mərkəzi Banklarının uçot dərəcəsini artırmaqla iqtisadi aktivliyi azaltmaq yolunu tutmasıdır – bu yolla inflyasiyanı azaltmaq istəyirlər. Bundan əlavə, Çinin gözləntilərdən daha aşağı sürətlə böyüməsinin və AB ölkələrində resessiya təhlükəsinin də rolu var. Eyni zamanda, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların fiaskoya uğraması da səbəbdir. Kreml hələ də öz neftini müxtəlif üsullarla bazara çıxara bilir”.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Natiq Cəfərli bildirir ki, əslində əsas səbəblər və məqsədlər siyasidir:

1) ABŞ-da seçkilər yaxınlaşır, orta statistik amerikalı üçün beynəlxalq vəziyyət, xarici siyasət sonuncu yerdədir, səsvermədən öncə ən çox baxdığı məsələ benzin qiymətləridir. Yanacaq ucuzdursa, iqtidarda olan partiyanın şansı artır, bahadırsa azalır, bu, korelyasiya onillərdir var və bu gün demokratlar və Bayden administrasiyası seçkidə şansları olsun deyə, müxtəlif üsullarla neftin bahalaşmasının qarşısını almağa çalışırlar. Amma çox ucuzlaşmasını da istəmirlər, çünki “yaşıl enerji” məsələsinə ən böyük maneə ucuz neft-qazdır. Neft 40 dollar olsa, heç kim bərpaolunan enerjiyə yatırım qoymaq istəməz;

2) Ucuz neft həm də Rusiyaya zərbədir, daha az qazanmasına səbəb olur. Amma Çinə xeyirdir, deməli, Rusiyaya ziyan vurmaq istəsələr, bu yolla Çinə dəstək vermiş olurlar.

“Neftlə zəngin müsəlman ölkələrində növbəti “ərəb baharları” törədə bilərlər”

İqtisadçı deyir ki, başqa bir səbəb isə dünyada liderlik böhranı ilə bağlıdır. Onun sözlərinə görə, dünyada liderlik böhranı yaşanır, dünya bölünür-bölünəcək, İsrailin son etdikləri, ağına-bozuna baxmadan sivil insanları bombalaması, uşaqların, qocaların, qadınların qətli vicdanları zədələyib:

“İslam Əməkdaşlıq Təşkilatına və Ərəb Liqasına daxil olan ölkələr artıq kənarda qala bilmirlər, çünki altdan, xalqdan ciddi təzyiq var. Əgər bu cəbhələşmə kəskinləşsə nefti kəskin ucuzlaşdırmaq yolu ilə neftlə zəngin müsəlman ölkələrində növbəti “ərəb baharları” törədə bilərlər. Onsuz da xalq qəzəblidir, bunun üzərinə iqtisadi böhran da gəlsə, müsəlman ölkələri daxili çəkişmələrlə boğuşacaqlar. Bu zaman indi formalaşan anti-Qərb koalisiyası zəifləyəcək, çünki, istənilən daxili xaosdan çıxmaq üçün həmin ölkələrin elitaları Qərblə yaxınlaşma yolu tutacaqlar. Hansı elitar qruplaşma tez tərpənsə, o da hakimiyyətə yiyələnəcək. Pisdir-yaxşıdır, bu ikinci məsələdir, amma təəssüf ki, müsəlman ölkələrində hakimiyyətləri legitimləşdirən siyasi “notarius” rolu hələ də Qərbdədir”.

Нефть
Mənbə: arxiv

Neft 30-40 dollara enərsə…

İqtisadçı bildirir ki, sözün qısası yaxın aylarda neftin kəskin ucuzlaşması baş verə bilər. İqtisadiyyatları neft-qazdan çox asılı olan ölkələr bunu nəzərə almalıdır:

“Hələ Tramp, Respublikaçılar qalib gəlsələr, bu məsələ daha da sürətlənəcək. Onlar neft-qaz hasilatını təşviq edən siyasətə geri dönəcəklər. Hətta Rusiya-Ukrayna müharibəsinin dayandırılması yollarından biri də neftin 30-40 dollara düşməsi ola bilər”. 

Ana səhifəİqtisadiyyatMüharibələr, sanksiyalar, siyasi proseslərin fonunda neft qiymətləri