Mühafizəçi: Əmək müqavilələrimizdə yazılanlar icra edilmir

Yusif Ələkbərov 2014-cü ildən “Etalon Təhlükəsizlik” özəl mühafizə agentliyində mühafizəçi kimi çalışıb. O, şirkətlə bağladıqları əmək müqaviləsini işə başlamasından 3 il sonra – 2017-ci ildə əlinə ala bilib. Müqavilədə gecə növbəsində çalışan işçilərə 40 faiz əlavə əmək haqqı yazılması, bayram və istirahət günlərində işlədikdə ikiqat pul verilməsi, işçinin ildə bir dəfə məzuniyyətlə təmin olunması kimi maddələr yer alıb. Yusif Ələkbərov iddia edir ki, “Etalon Təhlükəsizlik” mühafizə şirkəti bu öhdəliklərini icra etmir.

“Bu pulların niyə ödənilməməsi ilə bağlı şirkət rəhbərliyinə müraciət etdim. Dedilər: “Sən niyə belə işlərə başını qatırsan? Sonra başın ağrayacaq. Burada heç kim haqqını istəmir, bircə sən istəyirsən?” Bu idarədə çalışanların çoxu mənimlə eyni vəziyyətdədir. Sadəcə olaraq, danışmağa qorxurlar. Ona görə ki, işdən çıxaracaqlar” – Yusif Ələkbərov danışır.

Yusif Ələkbərov deyir ki, ötən il ƏƏSMN-nin qaynar xəttinə müraciət edib. Bundan sonra şirkət ona tələb etdiyi məbləğin hissə-hissə ödəniləcəyi vəd edib. Lakin 2018-ci ilin 3 iyul tarixində mühafizəçi işdən çıxarılıb.

“Etalon” mühafizə şirkəti 2012-ci ildə yaradılıb. Şirkətin adı yerli mediada daha əvvəl də işçilərin maaşlarının verilməməsi ilə hallanıb.

Yusif Ələkbərov bu şirkətdən əmək müqaviləsindəki haqlarını tələb etdiyi üçün çıxarıldığını deyir. Şirkət isə iddiaları qəbul etmir: “Saxta akt tərtib olunmayıb. Onun nə qədər nöqsanları olub. Neçə dəfələrlə özbaşına işdən çıxıb gedib. Burada çoxlu raportlar var onun haqqında”.

ƏƏSMN-nin əməkdaşı Fazil Talıbov da şirkətin dediklərini təsdiqləyir: “Şirkət bununla bağlı müvafiq sənədləri təqdim edib. Və sənədlər olduğu halda artıq araşdırmağa ehtiyac yoxdur. Vətəndaşa da deyilib ki, məhkəmə qaydasında müraciət edib öz iddiasını qaldıra bilər”.

Yusif Ələkbərov öncəki iş yerlərindən aldığı xasiyyətnamələri göstərir. İndi isə əmək kitabçasında işdən çıxarılma səbəbinin düzgün göstərilmədiyinə görə yeni iş tapa bilmədiyini deyir.

Ana səhifəVideoMühafizəçi: Əmək müqavilələrimizdə yazılanlar icra edilmir