”MSŞT-də Azərbaycanın üzvlüyü 1 il müddətinə dayandırıla bilər”

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün VII qlobal konfransı
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün VII qlobal konfransı
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün VII qlobal konfransı
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün VII qlobal konfransı


Zöhrab İsmayıl: ”Əgər hökumət İslahatedici Tədbirlər Planını yerinə yetirməzsə, ağır nəticələr ola bilər”



Ötən ayın sonu Perunun paytaxtdı Limada keçirilən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün VII qlobal konfransı Azərbaycan siyasi-iqtisadi dairələri üçün də maraq kəsb edib. Xüsusilə 1 aydan sonra Azərbaycan hökumətinin MSŞT qarşısında götürdüyü öhdəliklər gündəmə gələcək. Bu baxımdan tədbirdə iştirak edən iqtisadçı Zöhrab İsmayılla söhbətimizdə gündəmin suallarına cavab almağa çalışdıq.


-Zöhrab bəy, “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” (MSŞT)  rəhbərliyinin dəyişməsi baxımından qurumda yeni dönəm nədən ibarət olacaq?

– Fevralın 24 və 25-də Perunun paytaxtı Limada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün VII qlobal konfransı keçirildi. Konfransda həm yeni İdarə Heyəti təsdiqləndi, həm də qurumun standartları yeniləndi. İdarə Heyətindəki əsas yenilik Azərbaycan hökumətinin  təmsilçisi Şahmar Mövsümovun seçilə bilməməsidir. Bu, Azərbaycan üçün önəmlidir, qlobal səviyyədə isə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün prezidenti və İdarə Heyətinin sədri dəyişdi. İndiyədək Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə rəhbərlik edən Böyük Britaniyalı Kler Şortu İsveçdən olan Fredrik Reinfeldt əvəz etdi. Fredrik Reinfeldt 2006-14-cü illərdə İsveçin baş naziri olub. Düşünürəm ki, o, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə yeni nəfəs gətirəcək. Onun çıxışlarında və İdarə Heyətinin bəzi üzvləri arasındakı konfliktə münasibətindən prinsipial olacağı və vətəndaş cəmiyyətinin prosesdə iştirakını dəstəkləyəcəyi anlaşıldı.


– Azərbaycan hökumətinin təmsilçisi, Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümovun seçilməməsini necə izah edərdiniz?

– Bu, sadəcə, səsvermə prosesi idi və yanvar ayında olub. Proses zamanı  Ukraynanın namizədinə üstünlük verilib və əvəzedici kimi Qazaxıstanın nümayəndəsi seçilib. Səsvermədə Avrasiya ölkələrindən olanlar iştirak edir, prosesi isə xüsusi Seçim Şurası həyata keçirir. Azərbaycanın təmsilçisi bu qurumda bir neçə dəfə təmsil olunub, çox güman ki, Ukraynada islahatları dərinləşdirmək üçün təmsilçisinə üstünlük verilib.


– Yeni dönəmdə neft şirkətlərilə bağlı hansısa dəyişikliklər olacaqmı?

– Xüsusi önəm daşıyan məsələlərdən biri neft şirkətlərinin faydalanan sahibləri barədədir. Söhbət son anda bu şirkətlələrin qazanclarını kimlərin əldə etməsinin açıqlanmasından gedir. Ancaq bu tələbolunan yox, arzuolunan məsələdir.  Bir çox ölkələr artıq pilot qaydada bunu etdilər və gözlənilirdi ki, budəfəki konfransda məcburi tələbə çevriləcək. Amma təxirə salındı və 2020-ci ildən bu standartın tətbiq olunması qərara alındı. Səbəb də bəzi ölkələrin buna hazır olmamasıdır.


– Azərbaycan da o sırada varmı?

– Azərbaycanın adına rast gəlməsəm də, rəsmi Bakının şirkətlələrin qazanclarını kimlərin əldə etməsi məsələsini açıqlamadığını bilirəm. Baxmayaraq ki, vətəndaş cəmiyyəti də bu barədə təkliflərini verib, görünür, Bakı hələ hazır deyil.



Qayıdaq yeni dönəm məsələsinə, prezidentin dəyişməsilə bu dönəm nələr vəd edir?

– Artıq yeni standartlara uyğun olaraq hesabatlar açıqlanmağa başlanıb və bu ildən dəyərləndirmə  olacaq. Ölkələr hesabatlarını açıqladıqca, qlobal katibliyin və İdarə Heyətinin seçdiyi Auditor Şirkətləri bunu dəyərləndirəcək. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün yeni standartları artıq oturuşmağa başlayır. Əvvəllər Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün missiyası çox bəsit, ideyası da məhdud idi. Şirkətlər ödədiklərini, ölkələr də aldıqlarını açıqlayırdı, şirkətlərin bunu ayrı-ayrılıqda açıqlaması tələbi yox idi. Amma yeni standartlar 2013-cü ildə qüvvəyə mindiyindən növbəti ilin hesabatını yeni standartlarla açıqlamağa imkan verirdi.


– Bu prosesdə mühüm məsələlərdən biri vətəndaş cəmiyyətinin iştirakıdır. Azərbaycanda müstəqil QHT-lər təzyiq altında olduğundan vətəndaş cəmiyyətinin iştirakını hansı səviyyədə görürsünüz?

– Konfransdan iki gün öncə “Ödədiyini açıqla”Beynəlxalq Vətəndaş Cəmiyyəti Koalisiyasının ümumi toplantısı keçirildi. Hansı ki, bütün ölkələrdəki Mədən Sənayesi üzrə QHT koalisiyaları da “Ödədiyini açıqla”Beynəlxalq Vətəndaş Cəmiyyəti Koalisiyasının üzvləridir. Toplantıda vətəndaş cəmiyyəti üzvlərinin fikirləri ümumləşdirildi və ayrı-ayrı ölkələrdə bu sektorun nümayəndələrinin təqib olunması da gündəmdəydi. İkinci konfrans vətəndaş cəmiyyəti mühitinin daralmasına həsr olunmuşdu. Həmin tədbirdə çıxışçılardan biri kimi Azərbaycanda vətəndaş cəmiyyətinin durumu barədə danışdım, diskussiya yarandı. Əsas sual o idi ki, bu qədər təqiblər və həbslər varsa, bəlkə vətəndaş cəmiyyəti prosesdən çıxsın? Ancaq bu mümkün deyildi, çünki yeganə platformadır ki, vətəndaş cəmiyyətinin təmsilçiliyi var.


– Hansı mənada vətəndaş cəmiyyətinin prosesdən çıxmasını gündəmə gətirmişdilər?

– Yəni heç nəyə nail ola bilmirsiniz, qarşı tərəfdən də təzyiq və təqiblər dayanmırsa, bəlkə ən yaxşısı vətəndaş cəmiyyəti prosesdə iştirak etməsin. Ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri bu məsələni sual şəklində qaldırırdı. Məsələ ondadır ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün standartlarından biri də vətəndaş cəmiyyəti protokoludur. Protokolun 5 önəmli şərti var: ifadə azadlığı, birləşmək azadlığı, sərbəst fəaliyyət , debatlar və qərar qəbul etmək imkanı. Məhz bu şərtləri pozduğuna görə Azərbaycan üzvlükdən namizəd statusuna salındı.



Apreldə Azərbaycanla bağlı qəbul olunan İslahatedici Tədbirlər Planının bir ili tamam olacaq. Bu baxımdan hökumətdən hansı gözləntiləriniz var?

– Ötən ilin oktyabrında sabiq prezident Kler Şort Azərbaycanda oldu və prezident İlham Əliyevlə görüşdü. Prezident ona bildirmişdi ki, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə üzvlüyünü saxlamaqda maraqlıdır və problemləri həll edəcək. Ancaq ötən müddətdə kiçik problemlər istisna olmaqla əsas məsələlər həll olunmayıb. Məsələn, ayrı-ayrı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü koalisiya nümayəndələrinə qarşı cinayət işi dayandırılıb, onların hesabları açılıb. Amma ümumi götürdükdə koalisiyasının əsas fiqurları və təsisçilərinin problemi qalmaqdadır. Əsas məsələ odur ki, Qrant və QHT haqda qanunvericiliyə edilən dəyişikliklər Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü protokolunun reallaşmasını mümkünsüz edib. Hətta mənim, Qubad İbadoğlunun, Elçin Abdullayevin də hesablarına qoyulan həbslər götürülsə də, koalisiyanın sərbəst fəaliyyət göstərməsi, ictimai müzakirələr keçirməsi, qrant alması üçün imkanları çox məhduddur. Bu məhdudiyyətlərin aradan qaldırılması üçün heç bir iş görülməyib.



Əgər aprelə qədər dediyiniz problemlər həllini tapmazsa, Azərbaycan haqda hansı qərarların qəbulu mümkündür?

– Apreldə İslahatedici Tədbirlər Planının bir ili tamam olandan sonra Qlobal Katiblik missiya müəyyən edib planın həyata keçirilməsini dəyərləndirəcək. Həmin missiya Azərbaycana göndərilə də bilər. Sadəcə, əvvəl problemlərin həll olunub-olunmamasını araşdıracaq, sonra vətəndaş cəmiyyəti üzvlərinin, şirkətlərin və hökumətin mövqelərini toplayıb, bunların əsasında İdarə Heyətinə sənəd təqdim edəcək və qurum bununla bağlı qərar qəbul edəcək. Limada olarkən MSŞT beynəlxalq katibliyinin rəhbəri Jonas Moberglə bu barədə müzakirələr apardıq. Mən prinsipial qalan problemləri qabardaraq, xüsusilə Ədliyyə Nazirliyinin QHT-lərlə bağlı qərarını geriyə atılmış addım saydım. Ümumiyyətlə, hökumət İslahatedici Tədbirlər Planını yerinə yetirməlidir. Hazırda hökumətin imitasiya edəcəyi sezilir, məsələn, kiçik tədbirlər keçirməklə, yaxud xırda problemlərin həllini böyük dəyişiklik kimi təqdim etmək istəyirlər. O cümlədən, yeni üzv olan bəzi təşkilatların problemlərini də qabardırlar, halbuki, onların üzvlüyün 6 ayı hələ tamam olmayıb.



Necə düşünürsünüz, İslahatedici Tədbirlər Planının nəticəsi olacaqmı?

– Nəticəsi olmalıdır, əks halda Azərbaycan MSŞT-da üzvlüyünü saxlaya bilməyəcək. Əgər problemləri həll olunmazsa, çox güman ki, Azərbaycanın üzvlüyü 1 il müddətinə dayandırılacaq. Bu bir il müddəti də Bakı üçün növbəti zaman olacaq, amma üzvlüyün dayandırılması daha sərt addımdır. Bundan sonra Azərbaycanın üzvlüyünü bərpa etməsi çox çətin olacaq. Bərpa olunması üçün yeni məsələlər ortaya çıxacaq. Mən vəziyyətin bu həddə gəlməsini istəmirəm. Neft Fondunun rəhbəri Şahmar Mövsümov da Azərbaycanın prosesdən kənarda qalmasında maraqlı deyil.



Konfransda Şahmar Mövsümovla görüşüb müzakirələr apara bildinizmi?

– O, sabiq İdarə Heyətinin üzvü kimi konfransa qatılmışdı və panellərdə də bir neçə dəfə çıxış etdi. Onunla vətəndaş cəmiyyətinin problemləri və MSŞT-da Azərbaycanı nələr gözləməsi ətrafında ayaqüstü müzakirəmiz oldu. Təəssüratım ondan ibarətdir ki, Şahmar Mövsümov Azərbaycanın MSŞT-da qalması üçün çalışır. O, bunun Azərbaycan üçün əhəmiyyətini və üzvlüyün dayandırılmasının mümkünlüyünü anlayır. Sadəcə, problemləri həll etmək üçün onun elə bir səlahiyyəti yoxdur. Həmin problemləri yalnız  siyasi rəhbərlik edə bilər. Sözsüz ki, biz fəaliyyətimizi davam etdirəcək, İslahatedici Tədbirlər Planının yoxlanması işində də fəal iştirak edəcəyik. Burda hansısa xırda mənfəətlər naminə güzəştlərə getmək fikrimiz də yoxdur. Azərbaycan hökuməti beynəlxalq dəyərlərə hörmətlə yanaşıb, vətəndaş cəmiyyətinin problemlərini həll etməlidir. Normal siyasi-iqtisadi istiqamət götürən ölkələrdə vətəndaş cəmiyyəti problemlərin həlli naminə hökumətlə əməkdaşlıq edir. Azərbaycanda isə 2012-ci ildən vətəndaş cəmiyyətinə fərqli yanaşma sərgiləndi, bu, cəmiyyətlə hökumətin birgə problemlərin həllinə çox ciddi ziyan vurdu.


– Ümumiyyətlə, Azərbaycanın MSŞT-da üzvlüyünün dayandırılması ölkə üçün nə vəd edir?

– Birinci, Azərbaycana iqtisadi ziyanlar gətirə bilər. Ölkə qaz-neft layihələri həyata keçirir, üzvlük dayandırılsa, investisiya qoyan şirkətlərin mənsub olduğu dövlətlərin vətəndaş cəmiyyəti və mediası sual verəcək ki, MSŞT üzvlüyündən çıxarılan ölkəyə niyə investisiya qoyurlar? Yaxud qeyri-şəffaf ölkədə necə işləyirlər? Başqa bir problem Azərbaycanın kredit reytinqlərinin aşağı düşməsinə səbəb ola bilər. Üzvlüyü dayandırılan ölkələrin kredit reytinqlərinin aşağı düşməsilə nəticələnib. Onsuz da son bir ildə Azərbaycanın kredit reytinqləri 2 pillə aşağı düşüb. Yenə də aşağı düşərsə, bu, çox ciddi nəticələrə gətirər. Konkret olaraq, beynəlxalq maliyyə qurumlarından  kredit almaq çətinləşər. Hazırda iqtisadi durum günü-gündən ağırlaşır, yanvardan isə iqtisadi tənəzzül başlayıb, əgər hökumət İslahatedici Tədbirlər Planını yerinə yetirməzsə, ağır nəticələr ola bilər.

Ana səhifəVideo”MSŞT-də Azərbaycanın üzvlüyü 1 il müddətinə dayandırıla bilər”