Milli Şura növbəti ”Talana yox” mitinqi keçirib


Aksiyanın keçirildiyi ərazidə internetin sürətində problem olub

Oktyabrın 28-də Milli Şura Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirib. Aksiyanın şüarı “Talana yox” olub.

Mitinqin keçirildiyi ərazidə internetin sürətində problem olub. Buna görə KİV-lər canlı yayım verə bilməyiblər.

Milli Şuranın bundan öncə, oktyabrın 7-də keçirdiyi aksiyada da internet problemi yaşanmışdı.

Ancaq bunun səbəbi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Meydan TV-nin suallarına cavab verməmişdi.

Bu gün keçirilən aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı.

Milli Şuranın ilk “Talana yox” mitinqi sentyabrın 23-də keçirilib. Növbəti aksiya isə oktyabrın 7-də olub. Aksiyalarda Milli Şura rəhbərliyi hökumətin neft siyasətini kəskin tənqid edib. Bildirilib ki, Azərbaycanın neft siyasəti xalqın yox, Əliyevlər ailəsinin maraqlarına xidmət edir. Milli Şura rəhbərliyinin fikrincə, Azərbaycanda korrupsiyanın başında birbaşa prezident İlham Əliyev durur.

Aksiyalarda iştirak edən onlarla insan işdən çıxarılıb, mitinqöncəsi həbs edilib.

Bakının Zirə qəsəbəsində yerləşən 120 saylı poçt şöbəsinin poçtalyonu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mehriban Hüseynli Meydan TV-yə 7 oktyabr mitinqində iştirak etdiyinə görə işdən çıxarıldığını bildirmişdi:

“Sonuncu mitinqdən sonra düşdülər üstümə. Bilirəm, mitinqə getdiyim üçün işdən çıxardılar. Bütün bunlar sadəcə insanları yormaq üçündür”.

Ondan əlavə, Bakı Şəhər Təcili Yardım Stansiyasında həkim işləyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri müavini Həsrət Rüstəmov da oktyabrın 6-da işdən uzaqlaşdırılıb.

O, səbəb kimi sonuncu mitinqlərdə iştirak etməsi olduğunu söyləyib.

“Dekabrda stansiyada işləməyimin 5 ili tamam olacaqdı. İmkan vermədilər, çıxardılar. Özü də Bakı Şəhər Təcili Yardım Stansiyasına imtahanla qəbul olmuşdum”

AXCP-nin Ağsu rayon şöbəsinin üzvü Mirdamət Həsənov da oktyabrın 2-də işlədiyi Kommunal Təsərrüfat İdarəsindən çıxarılıb. O da səbəb kimi Milli Şuranın 23 sentyabr mitinqində iştirak etməsini deyib.

AXCP-nin Rəyasət Heyətinin üzvü Eldar Hüseynov Dövlət İqtisad Universiteti İnformasiya və İqtisadi Texnologiyalar kafedrasından, cəbhəçi Elmi Usubov isə həkim işlədiyi tibb müəssisəsindən çıxarılıb. Onlar da eyni səbəbi göstəriblər.

Mitinqöncəsi aksiyanın təşkilatçıları Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilərək, xəbərdarlıq aldıqlarını da bildiriblər. Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 10-dan çox fəalı saxlanaraq inzibati qaydada həbs edilib. Onlar polisin qanuni tələbini yerinə yetirməməkdə ittiham ediliblər.

Ancaq bu mitinqlərdən sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri KİV-lərə müsahibə verərək Milli Şura rəhbərliyinin özünü korrupsiyada ittiham

ediblər

. Aksiyaların Azərbaycanı sevməyən qüvvələrin sifarişi olduğunu deyiblər.

Milli Şura bəyan edib ki, inzibati həbslər, işdən çıxarılmalar aksiyanın kütləviliyinin qarşısını almağa xidmət edir.

Ancaq prezident İlham Əliyev də mitinqlərə münasibətdə bildirib ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Sadəcə, prezidentin fikrincə xalq belə aksiyaları dəstəkləmir.

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb.

Ana səhifəVideoMilli Şura növbəti ”Talana yox” mitinqi keçirib