İsa Qəmbərin ölkədən çıxışına qadağa qoyulub

İsa Qəmbər – Foto: Meydan Tv

Siyasətçi Berlində keçirilən beynəlxalq konfransa gedərkən hava limanından geri qaytarıldığını deyir. Bundan əvvəl Arif Hacılı və Cəmil Həsənli də oxşar məhdudiyyətlə üzləşdiklərini açıqlamışdılar.

Müsavat Partiyasının başqanı İsa Qəmbərin Azərbaycandan çıxışına icazə verilməyib.

Bu barədə siyasətçi noyabrın 21-də məlumat yayıb.

İsa Qəmbər bildirib ki, həmin gün Almaniyanın paytaxtı Berlində keçiriləcək beynəlxalq konfransa dəvət alıb. Lakin gecə saat 04:00-a olan reysi ilə ölkədən çıxmasına hava limanında maneə yaradılıb.

“Bu gün, 21 noyabrda Berlində, önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq biletim var idi. Hava alanında uçuşumu əngəllədilər. Heç bir izahat vermədilər”, – siyasətçi yazıb.

İsa Qəmbər paylaşımında konfransın təşkilatçılarına və iştirakçılarına uğurlar arzulayıb.

Onun hansı hüquqi əsasla ölkədən buraxılmadığı məlum deyil. Siyasətçi hava limanında ona heç bir izahat verilmədiyini bildirib.

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumlar rəsmi açıqlama verməyiblər.

Digər müxalif siyasətçilər də oxşar məhdudiyyətlərlə üzləşiblər

Bundan əvvəl Müsavat Partiyasının Məclis sədri Arif Hacılı da 2026-cı il iyunun 23-də Avstriyaya səfər edərkən hava limanında ölkədən buraxılmadığını açıqlayıb.

Milli Şuranın sədri Cəmil Həsənli isə 2025-ci il noyabrın 30-dan ölkədən çıxışına qadağa qoyulduğunu bildirib. Onun sözlərinə görə, məhdudiyyət Ramiz Mehdiyevin cinayət işi üzrə şahid qismində dindirilməsindən sonra tətbiq edilib və hələ də qüvvədədir.

Həsənli bu səbəbdən 2027-ci ilin yanvarında ABŞ-də keçiriləcək beynəlxalq elmi konfransda iştirak edə bilməyəcəyini açıqlayıb.

Ana səhifə ▸ Xəbərlər ▸ İsa Qəmbərin ölkədən çıxışına qadağa qoyulub