Siyavuş Novruzov: ”Siyasi partiyaların maliyyələşməsində qaranlıq məqamlar var”

”Siyavuş Novruzov 2,9 milyardlıq ”pulyuyan maşın” araşdırmasından sonra danışmasın”

Source:


”Siyavuş Novruzov 2,9 milyardlıq ”pulyuyan maşın” araşdırmasından sonra danışmasın”

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinə siyasi partiyaların və ictimai birliklərin maliyyələşdirilməsi ilə bağlı təkliflər gəlib.

“Turan”-a bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Bildirib ki, dünyada siyasi partiyaların, o cümlədən ictimai təşkilatların maliyyələşdirilməsinin müxtəlif forma və vasitələri var. Azərbaycanda isə siyasi partiyalar dövlət büdcəsindən, üzvlük haqlarından və vətəndaşların ianələri hesabına maliyyələşir:

“İstər dövlət büdcəsindən, istərsə də üzvlük haqlarından, vətəndaşların ianə və yardımlarından maliyyələşən siyasi partiyalar şəffaflığın təmin olunması üçün aidiyyatı orqanları, bu, olmadıqda isə ictimaiyyəti məlumatlandırmalıdır. Qanuna dəyişiklik edilənədək YAP-dan başqa heç bir siyasi partiya maliyyələşdirilməsi ilə bağlı ictimaiyyətə məlumat verməyib. Soruşanda da, bunu özlərinə qarşı təzyiq hesab ediblər. Çünki onların maliyyələşməsində şəffaflıq yoxdur, qaranlıq məqamlar var”, – deyə Siyavuş Novruzov bildirib.

 Partiya üzvlərinin çox fərqli həyat tərzi var

S.Novruzov deyib ki, sonradan qanuna dəyişiklik edildi ki, siyasi partiyalar Mərkəzi Seçki Komissiyasının rəsmi saytında rüblük və illik maliyyə hesabatlarını, gəlirləri və xərcləri barədə məlumatları dərc etsinlər:

“Burada söhbət yalnız siyasi partiyalardan getmir. Eyni zamanda, siyasi partiyalarda çalışan insanların əmək haqqından, əmək haqlarının vergiyə cəlb olunmasından, sosial müdafiəsindən və başqa təminatlardan gedir. Siyasi patiyalarda çalışan insanların əmək müqaviləsinin olmasının vacibliyini, pensiya fonduna ödəmələrinin olmasını və gələcəkdə pensiya təminatını nəzərə alaraq qanuna dəyişiklik edilib”.

Komitə sədrinin sözlərinə görə, siyasi partiyaların maliyyələşdirilməsi şəffaf olmadığından partiya üzvlərinin çox fərqli həyat tərzi var:

“Bu səbəbdən patiyanın bir üzvünün çox yaxşı təminatı var. Digəri isə yaşayışını çox çətinliklə təmin edir. Buna görə də “Siyasi partiyalar haqqında” Qanunda maliyyələşmənin şəffaflığının təmin edilməsi üçün MSK-ya hesabat verilməsi əksini tapıb”.

Hesabat verməyən təşkilatın fəaliyyəti dayandırılmalıdır

S.Novruzov hesab edir ki, qanuna maliyyə hesabatı təqdim etməyən qurumlarla da bağlı müddəa əlavə edilməlidir.

O, komitəyə bununla bağlı təkliflər daxil olduğunu deyib:

“Təklif ondan ibarətdir ki, hər bir siyasi partiya şəffaflığın təmin olunmasında əməli-salehdirsə, maliyyə təminatını düzgün həyata keçirirsə, hesabat verməlidir. Hesabat vermədiyi təqdirdə bir neçə mərhələli şəkildə addımlar atılmalıdır. Birinci, həmin təşkilatlara xəbərdarlıq olunmalıdır, ikincisi onlar haqqında müvafiq məhkəmələrə müraciət edilməlidir, üçüncüsü, maliyyə hesabatını təmin etməyən təşkilatın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir”.

 Mitinqlərin hamısı eyni mərkəzdən idarə olunur

Deputat Milli Şuranın oktyabrın 28-də keçirəcəyi mitinqə də münasibət bildirib. O, aksiyaların eyni mərkəzdən idarə olunduğunu deyib:

“Mitinqlər Azərbaycanın müstəqil şəkildə atdığı hər hansı addım və siyasətin həyata keçirilməsi ilə bağlıdır. Məsələn, Azərbaycanda neft müqavilələrinin yenilənməsindən bir ay öncə Avropa və Amerika mətbuatında anti-Azərbaycan mövqeyində məqalələr dərc olunmağa başladı. Azərbaycana qarşı korrupsiya ittihamları başladı. Hansı ki, bunların əlində heç bir əsas yox idi. Eyni zamanda, Azərbaycanda müxalifət partiyalarının bir hissəsi mitinq keçirmək barədə qərar qəbul etdi. Bu, gözlə görünəndir ki, bunların hamısı eyni mərkəzdən idarə olunur. Bunlar erməni lobbisi, onlara xidmət göstərən müəyyən siyasətiçilər, qeyri-hökumət təşkilatlarıdır.

 Kozlariç Azərbaycandan nə istəyir?

Siyavuş Novruzov Azərbaycanda səfir olmuş Kozlariç barədə də danışıb:

“Kozlariç və onun ətrafında olan adamlar maraqları həyata keçmədiyi halda, hər hansı bir institutda professorluq edib, təhsillə, tədrislə məşğul olmaq əvəzinə, ölkəmizdən əl çəkmir. Sual olunur: Amerikanın 200-dən çox dövlətdə səfiri olub. Onların hər biri fəaliyyəti başa çatdıqdan sonra lazımi dövlət orqanına hesabatını verib, öz işi ilə məşğul olub. Kozlariç Azərbaycandan nə istəyir? Azərbaycanla heç bir bağlılığı yox, demokratiyaya aidiyyatı yox, insan hüquqlarına aidiyyatı yoxdur. Bu adam bir institutun professorudur. Amma mütəmadi olaraq Azərbaycan haqqında bəyanatlar yaymaqla məşğuldur. Burdan da görünür ki, o, Azərbaycanda maliyyə marağı olan qüvvələrin əlində bir alətdir. O cümlədən, Azərbaycanda müxalifətin bir hissəsi, onlar da alətdirlər. Hansı tərəfə çevirirlər, o tərəfə də addımlayırlar”.

Aksiyaların heç biri Azərbaycan xalqının maraqlarına xidmət etmir

Siyavuş Novruzov deyir ki, Azərbaycanın güclənməsi, məsələn, yeni silahların alınması, o cümlədən, Azərbaycan ordusunun təchizatı, təminatı Ermənistanı qorxuya salıb, əhali arasında ciddi panika yaradıb:

“Ermənistanda yaşayan insanlar qorxularından övladlarını Dağlıq Qarabağda xidmətə göndərmək istəmirlər. Ancaq Azərbaycan müxalifətinin nümayəndələri Azərbaycandakı silahların köhnə olduğunu deyirlər. Azərbaycan müdafiə sistemində korrupsiya olduğunu söyləyirlər. Qəti şəkildə yalandır, özü də ağ yalan. Bu, birbaşa erməni mətbuatına, erməni ictimaiyyətinə xidmətin bariz nümunəsidir. O baxımdan da bunların keçirdiyi aksiyaların heç biri Azərbaycan xalqının maraqlarına xidmət etmir”.

 Qanunları mürtəceləşdirməklə hakimiyyətlərini möhkəmləndirmək istəyirlər

İcra katibinin müavini Milli Şuranın “Talana yox, Yalana yox!” – şüarına da münasibət bildirib.

“Oradan nə şüarlar yazıb verirlər, bunlar da həmin şüarları qaldırırlar”.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, qanunvericiliyə dəyişiklik təşəbbüsləri siyasi partiyaların fəaliyyətini daha da məhdudlaşdırmaq, azad rəqabət şəraitinin qarşısını almaq, siyasi təşkilatlara bərabər fəaliyyət imkanlarının heçə endirilməsi istiqamətində hakimiyyətin düşüncələrinin təzahürüdür:

“Qanunvericiliyin daim yenilənməsinə və dövrə uyğunlaşmasına ehtiyac var. Lakin hakimiyyətin qanunvericilik sahəsində təşəbbüsləri bir qayda olaraq mürtəce dəyişikliklərlə bağlı olur. Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı”, mətbuat azadlığı sahəsindəki dəyişikliklər antidemokratik istiqamətdə olub. Görünür, 25 il əvvəl demokratik qüvvələrin hakimiyyətdə olduğu dövrdə “Sərbəst toplaşmaq haqqında”, mətbuat azadlığı, “Siyasi partiyalar haqqında” qəbul olunan qanunlar indiki hakimiyyəti qane etmir. İqtidar qanunları mürtəceləşdirməklə öz hakimiyyətini möhkəmləndirmək istəyir”.

 YAP siyasi partiya kimi fəaliyyət göstərmir

Arif Hacılı deyir ki, əslində, YAP siyasi partiya kimi fəaliyyət göstərmir. Struktur fəaliyyəti ilə məşğul deyil, ölkənin daxili və xarici siyasəti ilə bağlı mövqeləri yoxdur:

“Bu partiya hakimiyyətdə olan bir qrupun təzyiq vasitəsidir. Həm də korrupsiya sisteminin tərkib hissəsidir. Azərbaycanda fəaliyyət göstərən aparıcı partiyaların mərkəzi ofislərinin olmadığı halda, YAP-ın rayon təşkilatlarının iri qərargahları var”.

 Qanunvericilikdə tələb olunan qaydada maliyyə hesabatı veririk

Arif Hacılı bildirib ki, siyasi partiyaların və YAP-ın maliyyələşdirilmədiyi illərdə də hakim partiyanın yüzlərlə ofisləri, avtomobilləri və minlərlə işçiləri olub. Ona görə, YAP üzvünün partiyaların maliyyə hesabatı verməməsi haqqında fikirləri gülüncdür:

Arif Hacılı

“Korrupsiyaya qurşanmış partiyanın təbliğatçısının maliyyə hesabatı verməsi, maliyyə sistemini düzgün qurması haqda düşünmək belə mümkün deyil. Azərbaycanda büdcədən maliyyələşdirilən partiyalar var. Hakimiyyət həmin partiyaların bir neçə üzvünü parlamentə daxil etməklə onların fəaliyyətinə şərait yaradıb. Amma aparıcı partiyalar büdcədən maliyyələşmir. Ona görə, həmin təşkilatlardan maliyyə hesabatının tələb olunması gülüncdür. Bununla belə Müsavat Partiyası maliyyə hesabatını istər seçki kampaniyası dövründə, istərsə də digər dövrlərdə MSK-ya təqdim edib. Eyni zamanda, bu hesabat mətbuatda dərc olunub. Məhdud imkanlarımız olsa da, toplanan məhdud vəsait barədə qanunvericilikdə tələb olunan qaydada maliyyə hesabatı veririk”.

 Yalançılıq və talançılıq dövlət siyasətinə çevrilib

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə deyir ki, Siyavuş Novruzov ictimai fikirdə qeyri-ciddi açıqlamaları ilə xatırlanır və belə də qəbul olunur:

“Ümumiyyətlə, yalnız siyasi olaylarda deyil, ictimai fikirdə pozulmayan prinsipi var: deyilən sözün müəllifinə yox, onun mahiyyətinə diqqət yetirilir. Azərbaycanda yalançılıq və talançılıq dövlət siyasətinə çevrilib. Heç olmasa, Siyavuş Novruzov 2,9 milyardlıq “pulyuyan maşın” araşdırmasının ortaya qoyduğu faktlardan sonra danışmasın. 16 min adam bu maxinasiyanın iştirakçısıdır. Onların arasında diplomatlar, dövlət məmurları, deputatlar var. Ən azı 5-6 ölkədə bu əməliyyatla bağlı istintaq aparılır. Konkret olaraq, italiyalı deputat Volontenin, Bolqarıstanda YUNESKO-nun baş katibi İrina Bokovanın həyat yoldaşı Metrev haqqında araşdırmalar gedir. Birinci dəfədir Avropa Şurası mövcud olduğu dövrdə Azərbaycanla bağlı korrupsiya əməllərini araşdıran komissiya yaradıb. Bu mənada, erməni lobbisindən danışmaq yersizdir”.

 Mitinqlərin keçirilməsində səbəb axtarmaq absurddur

N.Məmmədli Azərbaycanda mitinqlərin keçirilməsi ilə bağlı səbəb axtarmağı absurd sayır. Deyir, ölkədə o qədər problem var ki, ona görə aksiya keçirilməlidir:

Nurəddin Məmmədli

“Baxın, 2 milyon adam kredit borcunun əsarətindədir. Dövlət büdcəsi cərimələr hesabına doldurulur. Postsovet respublikalarında da devalvasiya oldu, amma dövlət banka borclu olan vətəndaşa dəstək göstərdi. Azərbaycanda isə borcluya zamin olanı həbs edirlər. Ən dəhşətlisi isə odur ki, gələn ilki büdcədə sosial sferaya ayırmalar azaldılıb. Faktiki olaraq büdcənin üçdə ikisi təmir-tikintiyə yönəlib. Hamı neft gəlirlərinin korrupsiyanın “yeminə” çevrildiyini bilir. Bütün bunların qarşılığında, müxalifətin keçirdiyi mitinqə görə ABŞ və Avropanı hədəfə almaq gülüncdür”.

 Erməni lobbisi haqda deyilənlər nağıldan başqa bir şey deyil

Nürəddin Məmmədli deyir ki, Qərbə Azərbaycandakı duruma müdaxilə etmək lazım deyil. Hakimiyyətin bu kimi iddiaları artıq aktuallığını itirib:

“Həm də ikrah hissi doğurur. Hökumətin ardıcıl siyasəti olmadığından erməni lobbisi haqda deyilənlər nağıldan başqa bir şey deyil”.

Ana səhifəXəbərlərSiyavuş Novruzov: ”Siyasi partiyaların maliyyələşməsində qaranlıq məqamlar var”