Məhəmməd Məmmədxanov bir gün əvvəl Meydan TV-yə polis idarəsində təhqir olunduğunu, döyüldüyünü və şikayətini silməsi üçün ona 500 manat təklif edildiyini bildirmişdi.
Bakıda polis zorakılığına məruz qaldığını bildirən kuryer Məhəmməd Məmmədxanovun inzibati qaydada həbs edildiyi barədə məlumat yayılıb.
Bu barədə noyabrın 20-də kuryerin yaxınları Meydan TV-yə məlumat verib.
Məlumata görə, Məhəmməd Məmmədxanov saxlanılaraq Xətai Rayon Məhkəməsinə aparılıb. Onun xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edildiyi bildirilir.
Həbs barədə məlumat Məhəmməd Məmmədxanovun polis əməkdaşları ilə bağlı şikayətinin Meydan TV-də yayımlanmasından bir gün sonraya təsadüf edir.
Kuryer polis idarəsində döyüldüyünü bildirmişdi
Noyabrın 19-da Meydan TV Məhəmməd Məmmədxanovun başına gəldiyini dediyi hadisə barədə videosüjet yayımlayıb.
Kuryerin sözlərinə görə, o, restorandan Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinə yemək sifarişi çatdırıb. Bu zaman park edilmiş motosikleti cərimə meydançasına aparılıb.
Məmmədxanov bildirib ki, motosikletini geri almaq üçün məsələni aydınlaşdırmağa çalışarkən ona şöbənin rəis müavininin qəbuluna getmək tövsiyə olunub.
Kuryerin iddiasına görə, qəbul zamanı polis əməkdaşları onu təhqir edib və fiziki zorakılığa məruz qoyublar.
Məhəmməd Məmmədxanov daha sonra hadisəni sosial şəbəkələrdə ictimailəşdirib.
Onun sözlərinə görə, baş verənlər yayıldıqdan sonra görüntüləri və şikayətlərini silməsi müqabilində ona 500 manat pul təklif olunub.