Milli Şura mitinqin vaxtını açıqladı

Demokratik Qüvvələrin Milli Şurası martın 22-dən aksiyalarla bağlı müzakirəsi başa çatıb

Source:

Əli Kərimli: Mitinqlərimiz dinc xarakter alacaq və Bakı şəhər icra hakimiyyətilə razılaşdırılacaq

Demokratik Qüvvələrin Milli Şurası martın 22-dən aksiyalarla bağlı müzakirəsi başa çatıb. Bu barədə AXCP sədri Əli Kərimli martın 29-da video-müraciətində bildirib.

Əli Kərimli bildirib ki, sosial şəbəkələrdə və mediada Milli Şuranın mitinq keçirmək haqda təklifi pozitiv qiymətləndirilib:

“Qərara aldıq ki, aprelin 9-da saat 15-də “İnşaatçılar” metrosunun yaxınlığında “Məhsul” stadionunda keçirilsin. Xüsusi vurğulamaq istəyirəm ki, 9 aprel mitinqi korrupsiyaya, Azərbaycan xalqının talanmasına, onun kasıb hala salınmasına, bahalaşmaya, sülalə hakimiyyətinin formalaşmasına, siyasi-iqtisadi hakimiyyətinin bir əldə cəmləşdirilməsinə qarşıdır. Eyni zamanda, mitinq çoxsaylı siyasi məhbusların azad olunması tələbiylə keçirilir. Hesab edirik ki, Azərbaycan Avropa məkanının üzvü olmalıdır, tələblərimiz arasında Avropa Birliyilə dərin inteqrasiya tələbi də var”.

Əli Kərimli 9 aprel mitinqini seçki mitinqi hesab etməyib:

“Bu, siyasi partiya çərçivəsində yox, ümummilli mənafelərimiz uğrunda olan aksiyadır. Azərbaycan xalqının tam haqqı var ki, hökumətdən soruşsun, 150 milyard dollar ölkəyə gəldiyi halda niyə minimum əmək haqqı 63 avrodur? Ölkəni necə idarə etdiniz ki, sadə vətəndaş çörək dərdi çəkir? Yaxud necə idarə etdiniz maaşlar yubadılır, sosial vəziyyət dözümsüzdür? Dünyanın hansı ölkəsində dövlət başçısı həyat yoldaşını özünə Birinci vitse-prezident təyin edir? Hansı ölkədə prezident xalqı heç saymır? Niyə bizim bunlara etiraz etmək haqımız olmamalıdır? Niyə biz özümüzə şübhəylə yanaşırıq ki, başqa xalqlar korrupsionerlərlə mübarizə aparmağı bacarırlar, amma biz yox?! Niyə biz ölkəmizə demokratik seçki gətirə biləcəyimizə inanmayaq? Mitinqlərimiz dinc xarakter alacaq və Bakı şəhər icra hakimiyyətilə razılaşdırılacaq. Başlanan bu proses haqqın və ədalətin bərpasına gətirib çıxaracaq”.

Ana səhifəXəbərlərMilli Şura mitinqin vaxtını açıqladı