Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib

Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb

Source:


Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb

Mehriban Əliyeva ölkənin birinci vitse-prezidenti təyin edilib. Bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncam president.az saytında dərc olunub.

İlham Əliyevin sədrliyi ilə fevralın 21-də Təhlükəsizlik Şurasının iclası keçirilib və iclasda ölkə başçısı Mehriban Əliyevanı təqdim edib.

26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsində qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklərə əsasən, Azərbaycanın birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

Birinci vitse-prezident və onun ailəsi dövlət hesabına təmin edilir. Birinci vitse-prezidentin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar prezidenti seçkiləri keçirilir və bu halda yeni prezident seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini birinci vitse-prezident icra edir. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən birinci vitse-prezident istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edir.

Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula, cinayət məsuliyyətinə cəlb edilə, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə, axtarışa məruz qala və şəxsi müayinə edilə bilməz.

Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.

Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakıda anadan olub. O, yazıçı Mir Cəlal Paşayevin və Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.

Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

M.Əliyeva 2005-ci ildə “Eftanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

M.Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.

2016-cı ilin 26 sentyabrında Azərbaycanda referendum keçirilib. Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentləri postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Ana səhifəXəbərlərMehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib