”Mehman Hüseynovla bağlı tapşırıq xalqın qələbəsidir”

Siyasətçilər prezidentin blogerlə bağlı qərarını şərh edib

Source:


Siyasətçilər prezidentin blogerlə bağlı qərarını şərh edib

Gündəmin əsas müzakirə predmeti prezidentin hazırda cəza çəkən Mehman Hüseynovla bağlı tapşırıq verməsidir.

Bu barədə prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi

Fuad Ələsgərov

“Azərtac”a deyib ki, bu istiqamətdə müraciətlər prezidentin diqqətinə çatdırılıb və o, dərhal reaksiya verib:

“Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib”.

Baş verən proseslərlə bağlı Meydan TV-nin suallarını cavablandıran AXCP sədri Əli Kərimli hesab edir ki, ölkə başçısı İlham Əliyevin bloger Mehman Hüseynovla bağlı tapşırıq verməsi Azərbaycan xalqının qələbəsidir:

“Azərbaycan xalqı Mehman Hüseynovu tək qoymadı, günahsız siyasi məhbuslara qarşı ikinci dəfə şərləmə kampaniyasına çox güclü etiraz etdi. 19 gün davam etmiş aclıq aksiyasi, 19 yanvardakı möhtəşəm mitinq də Azərbaycan xalqının iradəsini ifadə etdi. Hakimiyyət xalqın israrlı olduğunu başa düşdü. İndi geri çəkilmək üçün özlərinə guya bu şəkildə şərait yaradırlar. Əslində, indi də elədikləri ayıb bir işdir. Ölkənin başçısı bir gənclə hikkə davası aparır, “səni buraxarıq, amma sənin bir məktubun olmalıdır, nə yazırsan yaz, orda bir cümlə “xahiş edirəm” olmalıdır,” – deyə özlərinə təsəlli verirlər. Ancaq bunlar cəmiyyəti aldatmamalıdır. Azərbaycan cəmiyyətinin israrı, mövqeyi, bizim mitinqimizin tələbləri olmasaydı, aksiyaların davamlı olması barədə qərar verməsəydik, hökumət geri çəkilməzdi. Nəticədə bu müraciətlər də ortalığa çıxmazdı, zəmin yaratma əməliyyatları da keçirilməzdi. Azərbaycan xalqı bilməlidir ki, yalnız xalqın iradəsi meydanlarda ifadə olunanda onunla hesablaşırlar. Yaxşı əlamətdir ki, hökumət xalqın iradəsini hiss edib geri çəkilməyə hazırlaşır”.

AXCP sədri Milli Şuranın 26 yanvar mitinq qərarını dəyişmədiyini bildirib:

“Bizim mitinq qərarı yalnız Mehman Hüseynovun azad edilməsi ilə bağlı deyildi. Əvvəla, Mehman Hüseynov azad edilməyib. Saxtakar hakimiyyət bəlkə Milli Şuranı mitinq qərarından daşındırmaq üçün bu əməliyyatı hazırlayıb?! Hələlik Mehman Hüseynov azad edilməyib, buna zəmin yaradırlar. İkincisi, mitinq tələblərimiz həm də siyasi məhbuslarla əlaqədardır. Nəhayət, Milli Şura ölkənin xaricdə olan pullarının geri qaytarılmasını, saxtakarların cəzalandırılmasını tələb edib”.

Müsavat Partiyasının başqanı Arif Hacılı Mehman Hüseynovun azadlığa buraxılması istiqamətində atılan addımları müsbət qiymətləndirib.

Ancaq Arif Hacılı hesab edir ki, hakimiyyət bu istiqamətdə qərarları yerli və beynəlxalq ictimaiyyətin təzyiqlərindən sonra qəbul etməməliydi. Eyni zamanda, bu davranış yalnız Mehman Hüseynova aid edilməklə kifayətlənməməlidir.

“Həbsxanada artıq 6 ildir günahsız cəza çəkən İlkin Rüstəmzadə, Əfqan Muxtarlı, Qiyas və Bayram, nəhayət, 150-yə qədər siyasi məhbus var ki, onlar azad edilməlidir. Bu insanların azad edilməsi tələbi yerli və beynəlxaql birliyin açıqlamalarında yer alır. Hökumət yalnız Mehman Hüseynov haqda qərarla kifayətlənməməli və bütün siyasi məhbusları azad etməlidir,” – partiya başqanı vurğulayıb.

Arif Hacılı əminliyini ifadə edib ki, Azərbaycan cəmiyyəti yalnız Mehman Hüseynovun azadlığa buraxılması ilə sakitləşməyəcək. Beynəlxalq birlik də bununla bağlı atılan addımları müsbət dəyərləndirməyəcək. Azərbaycanın da bununla imici düzəlməyəcək: “Ölkədə bütün siyasi məhbuslar azad edilməlidir, ciddi siyasi-iqtisadi islahatlar aparılmalıdır. Əgər hakimiyyət bu addımları atmasa, cəmiyyət hökuməti bunları etməyi məcbur edəcək və çox ağrılı proseslərin olması ehtimalları daha artacaq”.

Arif Hacılı 26 yanvar mitinqi haqda deyib ki, bu barədə qərar Milli Şura tərəfindən verilib və onlara növbəti aksiya haqda hər hansı müraciət olmayıb.

Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloger həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib.

Rəsmi məlumata görə, Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bloger ittihamı qurama sayır.

Ana səhifəXəbərlər”Mehman Hüseynovla bağlı tapşırıq xalqın qələbəsidir”