2 il azadlıqdan məhrum edilən və haqqında yeni cinayət işi açılan bloger Mehman Hüseynovun prezident İlham Əliyevə müraciəti yayılıb.
“Report”-un yaydığı müraciətdən görünür ki, Mehman Hüseynov onu yanvarın 20-də imzalayıb. Blogerin yazdığı güman edilən müraciətdə bildirilir ki, cəza çəkdiyi 2 ildə cəzaçəkmə müəssəsinin əməkdaşları ilə hər hansı xoşagəlməz hadisə olmayıb: “Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam”.
Martın 2-də cəzasının vaxtının bitdiyini xatırladan bloger qeyd edib ki, o, azad ediləcəyi tarixi çox gözləyib: “Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir. Sizdən xahiş edirəm, araşdırmanın düzgün aparılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa, əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq”.
Mehman Hüseynovun vəkili Fuad Ağayev Meydan TV-yə müraciətdən xəbərsiz olduğunu deyib. Digər vəkil Şəhla Hümbətova isə ölkədən kənarda olduğundan telefona cavab verməyib.
Atası Rafiq Hüseynov da BBC-Azərbaycancaya müraciətdən xəbərsiz olduğunu deyib: “Mən bu dəqiqə xəstə yatıram, xəbərim yoxdur”.
Yanvarın 21-də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri Səadət Bənənyarlı, Sahib Məmmədov, Rauf Zeyni və Əliməmməd Nuriyev Prezident İlham Əliyevə blogerin azad edilməsi ilə bağlı müraciət ediblər.
Müraciətdə deyilir:
“14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum bloger Mehman Hüseynovla bağlı 16 dekabr 2018-ci il tarixində baş vermiş insident ətrafında süni şəkildə ajiotaj yaradılmasına cəhdlər davam etməkdədir. KİV və sosial şəbəkələrdə yalan məlumatlar yayılır, yanlış ictimai rəyin formalaşmasına cəhd edilir.
Mehman Hüseynov Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra onun vəziyyəti ilə tanış olmaq məqsədilə biz – ölkənin bir qrup insan hüquqları müdafiəçiləri Mehman Hüsenova baş çəkdik, onun saxlanma şəraiti ilə tanış olduq, özü ilə söhbət etdik və müəyyən etdik ki, Mehman Hüseynovun saxlanma şəraiti, onunla rəftarla bağlı heç bir şikayət yoxdur və o, aclıq aksiyası keçirmir. Onunla görüş zamanı Mehman Hüseynovun yeganə xahişi cəzası başa çatdıqdan sonra azadlığa çıxması ilə bağlı olub.
Bu görüşdən sonra bizim açıqlamalarımız, müşahidələrimiz və qənaətlərimizi ictimaiyyətlə bölüşməyiniz xeyli dərəcədə yalan məlumatların, şayiələrin qarşısını aldı, yerli və beynəlxalq ictimaiyyətin obyektiv informasiya almasına imkan verdi:
Möhtərəm cənab Prezident!
Sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşuq. Bütün bunlar bizə ümid verir ki, məhkum M.Hüseynovun barəsində də bu iradənizi nümayiş etdirəcəksiniz. M.Hüseynovun gənc olmasını, bir müddət əvvəl anasının vəfat etməsini, atasının ahıl yaşda olmasını nəzərə alaraq biz və bizə qoşulan insan hüquqları müdafiəçiləri həmin şəxslə bağlı məsələyə obyektiv baxılması və onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyinizi Sizdən xahiş edirik”.
Elə həmin gün axşamüstü prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı açıqlama verib.
“Azərtac”-ın yaydığı məlumata görə, Fuad Ələsgərov deyib ki, müraciətlər prezidentin diqqətinə çatdırılıb və o, dərhal reaksiya verib:
“Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib”.
Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.
Bloger həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib.
Rəsmi məlumata görə, Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bloger ittihamı qurama sayır.