***
11.58. Mehman Hüseynov hal-hazırda Nəsimi rayon Məhkəməsindədir. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi polisin qanuni əmrinə tabe olmamağa görə tutulub. İşə Nəsimi Rayon məhkəməsinin hakimi Pənahov baxacaq.
Bu barədə vəkil Elçin Sadıqov öz “Facebook” səhifəsində yazıb
***
Bloqqer 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb
Bloqqer Mehman Hüseynov Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindədir. Bu barədə məlumatı vəkil Elçin Sadıqov yayıb. Onun sözlərinə görə, hazırda Mehman Hüseynov Nəsimi rayon Məhkəməsinə aparılır.
Mehman Hüseynov yanvarın 9-da, saat təxminən 19:30-da dostlarından ayrılıb və həmin vaxtdan da ondan heç bir xəbər yox idi.
Yanvarın 10-na keçən gecə, Bakı vaxtilə 2:50-də Mehman Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov “Sancaq” səhifəsindən canlı yayım edərək bloqqerin həbs olunma ehtimalını vurğulayıb:
“Aldığım məlumata görə, bu gün (9 yanvar nəzərdə tutulur-red) Həzi Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində kafedən çıxarkən 5-6 naməlum şəxs tərəfindən zorla tutulub və naməlum istiqamətə aparılıb. Saxlanılarkən iki nəfər ağzını tutub və səs-küy salmasına imkan verməyib”.
Emin Hüseynov vətəndaşı saxlayarkən yaxınlarına xəbər verilməməsini qanun pozuntusu hesab edib və deyib ki, Mehman Hüseynovla bağlı hər hansı hadisə baş verərsə, onun işini davam etdirəcək.