O, Cinayət Məcəlləsinin 3 maddəsi ilə suçlanır
Avqustun 25-də Yasamal Rayon Məhkəməsi “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə 3 aylıq həbs qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə suçlanır.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.
Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.
“Turan” İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.
Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları “Turan” agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş verənləri “axtarış” adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının da yoxlanıldığı bildirilir.
Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.