“Meclis.info işi”: İmran Əliyevə 10, Elgiz Qəhrəmana 9 il həbs cəzası verilib

Elgiz Qəhrəman və İmran Əliyev – İllüstrasiya: Chatgpt

Elgiz Qəhrəman məhkəmə zalında həbs olunub, Tamella Musayevaya isə şərti cəza təyin edilib.

“Meclis.info işi” üzrə təqsirləndirilən platformanın rəhbəri İmran Əliyev 10 il, ictimai fəal Elgiz Qəhrəman isə 9 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə digər təqsirləndirilən Tamella Musayevaya 4 il sınaq müddəti olmaqla 8 il şərti həbs cəzası verilib.

Hökm noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda elan olunub.

Elgiz Qəhrəmanın yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, məhkəmə onun barəsində daha əvvəl seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirini ləğv edərək həbs qətimkan tədbiri seçib.

Fəal hökm elan olunduqdan dərhal sonra məhkəmə zalında həbs edilərək Bakı İstintaq Təcridxanasına göndərilib. Yaxınları onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyini bildiriblər.

Təqsirləndirilən şəxslərə qarşı qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, qaçaqmalçılıq, vergidən yayınma, sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlı ittihamlar irəli sürülüb.

Oktyabrın 20-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı İmran Əliyevin 12, Elgiz Qəhrəmanın isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

“Meclis.info işi” necə başlayıb?

“Meclis.info” platformasının rəhbəri İmran Əliyev 2024-cü il aprelin 19-da saxlanılıb. Elgiz Qəhrəman və Tamella Musayeva isə həmin cinayət işi üzrə 2025-ci ildə təqsirləndirilən şəxs qismində cəlb olunublar. Onlar barəsində həbs deyil, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

İmran Əliyev ittihamları qəbul etmir və həbsini Milli Məclisin, eləcə də deputatların fəaliyyətini araşdıran “Meclis.info” platformasına rəhbərlik etməsi ilə əlaqələndirir.

Platforma Milli Məclis deputatlarının fəaliyyətini, qanunvericilik təşəbbüslərini, parlament iclaslarında iştirakını və səsvermələrini izləyərək bu barədə məlumatlar dərc edirdi.

Elgiz Qəhrəman əvvəllər də həbs olunub

Elgiz Qəhrəman 2016-cı ilin avqustunda narkotik ittihamı ilə həbs edilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsi 2017-ci ilin yanvarında onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Həmin ilin noyabrında Ali Məhkəmə ittihamı dəyişdirərək cəzanı 3 ilə endirmişdi.

Qəhrəman ittihamları qəbul etmirdi. NİDA Vətəndaş Hərəkatı onun siyasi motivlərlə, sosial şəbəkədəki tənqidi paylaşımına görə həbs edildiyini bildirirdi. Fəal 2019-cu il martın 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

2026-cı il yanvarın 13-də Avropa İnsan Hüquqları Məhkəməsi Elgiz Qəhrəmanın əvvəlki həbsi ilə bağlı iki şikayəti üzrə qərar qəbul edib. Məhkəmə onun işgəncə iddialarının səmərəli araşdırılmamasında və məhkəmə iclası zamanı dəmir qəfəsdə saxlanılmasında Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin pozulduğunu müəyyən edib.

Qərara əsasən, Azərbaycan hökuməti fəala mənəvi zərərə görə 10 min avro, hüquqi xərclərə görə isə 2054,81 avro kompensasiya ödəməli idi.

Ana səhifə ▸ Siyasi işlər ▸ “Meclis.info işi”: İmran Əliyevə 10, Elgiz Qəhrəmana 9 il həbs cəzası verilib