AXCP Sabunçu şöbəsinin sədrindən xəbər yoxdur, saxlanıldığı ehtimal edilir

AXCP üzvü Elnur Yusubov – İllüstrasiya: Chatgpt

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubovun bu gün, noyabrın 12-də səhər saatlarından etibarən harada olduğu məlum deyil.

AXCP-nin məlumatına görə, Elnur Yusubov səhər tezdən işə getmək üçün evdən çıxıb. Həmin vaxtdan onunla əlaqə saxlamaq mümkün olmayıb. Partiyanın bildirdiyinə görə, Yusubov hər gün işə şəxsi avtomobili ilə gedir. Lakin bu gün onun işə çatmadığı, avtomobilinin isə evin yaxınlığında qaldığı məlum olub.

“Maraqlı məqam odur ki, maşının qapısı açıq, açarı da içində olub. Ehtimala görə, uşaqlarını məktəbə aparıb-gətirən ailə üzvlərinin istifadə edə bilməsi üçün maşını açıq saxlayıb”, – AXCP-dən bildirilib.

AXCP onun saxlanıldığını ehtimal etsə də, bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və digər aidiyyəti dövlət qurumlarından münasibət almaq mümkün olmayıb.

Son illərdə AXCP-nin bir sıra üzvləri və fəalları müxtəlif ittihamlarla həbs ediliblər. Partiyanın məlumatına görə, hazırda 20-dən çox fəalı uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var.

AXCP həbs olunan üzvlərinin təqibə məruz qaldığını və siyasi motivlərlə həbs edildiyini bildirir. Rəsmi qurumlar isə siyasi fəaliyyətə görə həbslərlə bağlı iddiaları rədd edir, şəxslərin konkret hüquqpozmalara görə məsuliyyətə cəlb olunduğunu vurğulayırlar.

Hüquq müdafiəçilərinin hazırladığı son siyahıya əsasən, Azərbaycanda 322 siyasi məhbus var. Rəsmi qurumlar isə ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmirlər.

Ana səhifə ▸ Xəbərlər ▸ AXCP Sabunçu şöbəsinin sədrindən xəbər yoxdur, saxlanıldığı ehtimal edilir