Ermənistan üzvlük haqqını ödəmədiyinə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilib.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov noyabrın 11-də Moskvada keçirilən hərbi alyansın sammitində açıqlama verib.
Peskovun sözlərinə görə, qərar Prezident Vladimir Putinin sədrliyi ilə keçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında qəbul edilib. Ermənistan bununla yanaşı, təşkilatda məsul vəzifələrə öz nümayəndələrini irəli sürmək hüququndan da məhrum edilib.
Qərar KTMT Nizamnaməsinin 25-ci maddəsinə əsaslanır. Həmin maddəyə görə, üzv ölkə təşkilatın büdcəsi qarşısında borcunu iki il ərzində ödəmədikdə onun səsvermə və kvota üzrə vəzifələrə namizəd irəli sürmək hüququ dayandırıla bilər. Borc tam ödənildikdən sonra bu hüquqlar bərpa oluna bilər.
Bu qərar Ermənistanın KTMT-dən çıxarılması demək deyil. Rəsmi Yerevan qərara hələlik münasibət bildirməyib.
Yerevanla KTMT arasında münasibətlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra gərginləşib. Ermənistan Qarabağdakı Rusiya sülhməramlılarını Azərbaycanın 2023-cü ildə keçirdiyi hərbi əməliyyatın qarşısını almamaqda ittiham edib.
Rəsmi Yerevan Azərbaycanın 2022-ci ildə Ermənistan ərazisinə daxil olduğunu iddia edərək KTMT-ni buna münasibət bildirməyə və Bakının hərəkətlərini qınamağa çağırıb. Bakı isə həmin vaxt sərhəddəki mövqelərini dəqiqləşdirdiyini açıqlamışdı.
Ermənistanın KTMT ilə münasibətlərindəki gərginlik fonunda ölkə Avropa İttifaqı ilə inteqrasiyanı da gücləndirməyə çalışır. Baş nazir Nikol Paşinyan avqustda Ermənistanın KTMT-yə qayıtmasının hökumətin beşillik planında nəzərdə tutulmadığını bildirib. O, hətta təşkilat Ermənistanı üzvlükdən çıxararsa, bundan məmnun olacağını demişdi.
Paşinyan noyabrın 3-də isə Ermənistanın 2027-ci və ya 2028-ci ildə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməsinin real olduğunu açıqlayıb. Bununla belə, o, Aİ-yə üzvlüklə Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqında qalmaq arasında seçim məsələsinin gündəmə gələcəyini və bu qərarı Ermənistan xalqının verməli olduğunu bildirib.