Mavritaniyada qalan dənizçilərin borcları bağlanıb

“Dövlət Dəniz Agentliyi, Azərbaycanın Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə dənizçilərlə mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görməkdədir”.

Source: Foto: Azərtac


Meydan TV-nin işıqlandırdığı problemin bir qismi həllini tapıb

Aldadılaraq Mavritaniya İslam Respublikasına aparıldığını deyən 4 azərbaycanlı dənizçinin üzləşdiyi problemlər aradan qaldırılır. Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri

Tural Müseyibov

AZƏRTAC-a bildirib ki, dənizçiləri işlə təmin edən xarici şirkət tərəfindən dəvət alan, lakin ciddi çətinliklərlə qarşılaşan həmin dənizçilər Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinə müraciət ünvanlayıblar.

Müraciətə dərhal reaksiya verilərək Dövlət Dəniz Agentliyi tərəfindən dənizçilərlə əlaqə saxlanılıb, dənizçilərin problemlərinin həlli istiqamətində vacib addımlar atılaraq onların otel və digər xərcləri ödənilib, lazımi köməkliyin göstərilməsi təmin edilib.

“Dövlət Dəniz Agentliyi, Azərbaycanın Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə dənizçilərlə mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görməkdədir. Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniya İslam Respublikası və Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiq edilməsi, sərhədlərin bağlı olması, gediş-gəlişin qadağan edilməsi səbəbindən dənizçilərin ölkəyə qayıtmasının mümkünsüzlyünü nəzərə alaraq onların gündəlik problem və çətinliklərinin həlli üçün lazımi effektiv addımlar atılır, bütün maddi ehtiyaclar ödənilir”, – Tural Müseyibov deyib.

Onun sözlərinə görə, karantin rejimi bitdikdən sonra yaranan ilk fürsətdə dənizçilərin vətənə geri dönməsi təmin ediləcək.

Dənizçilərin problemlərini aprelin 27-də

Meydan TV

işıqlandırıb.

Məlum olub ki, ötən ilin sonunda kapitan Rövşən Abdullayevə, baş mexanik Mikayıl Mikayılova, kapitan köməkçiləri Arif Əsgərova və Fərəc Əliyevə Afrikanın Atlantik sahilindəki liman şəhəri Nuadibuda balıqçı gəmisində işləmək təklif olunub. Aylıq maaş və gəminin üzmə rayonu barədə dəqiq məlumat aldıqdan sonra dənizçilər vasitəçi şəxs Rasim Əliyevə işləməyə razı olduqlarını bildiriblər. Türkiyəyə yola düşən dənizçiləri balıqçılıq şirkətinin nümayəndələri Rasim Əliyev, Vedat Yüksel və Raqib Karadeniz qarşılayıb. Təlimat aldıqdan sonra dənizçilər təhvil-təslim işlərini həyata keçirmək üçün yanvarın 7-də gəminin keçmiş kapitanı Hamza adlı şəxslə birlikdə Mavritaniyanın paytaxtı Nuakşot şəhərinə uçublar.

Dənizçilər Nuakşot hava limanından birbaşa balıqçılıq mərkəzi hesab olunan Nuadibu şəhərinə yollanıblar. Burada isə məlum olub ki, aldadılıblar, gəmi onlara təqdim olunan şəkildə deyil, yararsız haldadır. Geri qayıtmaq istəyən dənizçilər isə problemlərlə üzləşiblər, otel və kafelərə borcları ödənilməyib, iş təklif edən şəxslər isə telefonu bağlayaraq yardım etməyiblər. Bundan sonra dənizçilər Azərbaycan səfirliyinə müraciət ediblər.

Kapitan Rövşən Abdullayev Meydan TV-yə Dövlət Dəniz Agentliyinin məlumatını təsdiqləyib. Deyib ki, onların otel və yemək xərcləri ödənilib:

“Bəli, müxtəlif qurumlardan, təşkilatlardan və fərdi insanlardan pul vəsaiti yığılıb. Bu günə qədər olan borclar bağlanıb. Bildiyim qədərilə səfirlik tərəfindən pul köçürülməyib. Səfirliyə ərizə ilə müraciət etmişik ki, bizi Nuadibudan Nuakşota köçürmətə yardım etsinlər. Çünki burda bir şəhərdən başqa şəhərə getməyə icazə yoxdu. Bildiyimizə görə, səfirliyin belə bir səlahiyyəti var. İcazə kağızı ilə paytaxta getmək istəyirik ki, aeroporta yaxın olsun. Müraciətimizdə xahiş etmişik ki, yol xərclərində, vizaların düzəldilməsində bizə kömək etsinlər. Bizim vizaların vaxtı çoxdan bitib. Digər bir müraciətimiz də ondan ibarət idi ki, yaxın tarixdə Türkiyəyə uçuş olarsa, səfirlik kömək etsin, biz də həmin reyslə gedək”.

Dənizçilərin sözlərinə görə, onların problemlərinin həllində əsas təşəbbüskar Azərbaycan Dənizçilər İctimai Birliyidir. Birliyin sədri İlham Nəsirov da rəsmi açıqlamanı təsdiqləyib:

“Diaspora təşkilatı və səfirlik onlarla əlaqə saxlayıb. Yardımı agentlik etməyib. Rəsmi qurumlar əsasən sənədləşdirmə işində köməklik edir. Maddi yardımları isə müxtəlif qurumlar, şəxslər edir. Əsas “Xəzər Dəniz Gəmiçiliyi” QSC bu işdə köməklik göstərir”.

Ana səhifəSosialMavritaniyada qalan dənizçilərin borcları bağlanıb