Fuad İbrahimov: ”
İndiki
vəziyyət sürətli tənəzzül dövrünü yaşadığımızı deyir”
Ötən gün prezident İlham Əliyevin Fransa iş adamlarıyla görüşündəki çıxışı bir sıra suallara yol açdı. Sualları iqtisadçı alim, YAP, Demokratiya və Rufah Hərəkatının üzvü, vaxtilə SOCAR-da, İqtisadiyyat Nazirliyində çalışmış Fuad İbrahimovla müzakirə etməyə çalışdıq.
– Fuad müəllim, hökumət 2017-18-ci illəri qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacağını və bu istiqamətdə planlaşmanın da hazırlandığını bəyan edir. Bu barədə siz nə düşünürsünüz, qeyri-neft sektorunun inkişafı üçün atılacaq ilk addımlar hansılar olmalıdır?
– Əvvəla, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı fürsətini artıq əldən verib. Çünki Azərbaycan iqtisadiyyatının sabit olduğu illərdə, yəni neftin dünya bazarında qiyməti indikindən 3 dəfə baha olduğu zamanlarda, hansı ki, külli miqdarda neft gəlirləri ölkəyə daxil olurdu, bax, o zaman qeyri-neft sektorunun həm bərpasını, həm yenilənməsini, ümumiyyətlə, həmin sahənin neft sektoruna bərabər səviyyəyə gətirilməsi imkanlarını itirmişik. Hazırda respublikaya daxil olan neft gəlirlərinin həcmi xərclərimizi güclə ödəyir. Bu baxımdan yaxın iki ildə qeyri-neft sektorunun inkişafı proqramının hazırlanması və tətbiqi devalvasiyadan sonra verilən qərarların və fərmanların taleyini yaşayacaq.
– O zaman qeyri-neft sektoru üçün dövlət və sərmayələrin planlaşdırıldığı barədə niyə danışılır?
– Dövlət müəyyən investisiyaların cəlb olunmasında maraqlıdır, öz daxili imkanları hesabına nəyisə stimullaşdıracaqlar. Ancaq makroiqtisadiyyatın tarazlığı pozulduğundan qeyri-neft sektoruna sərmayə qoymaqla o effekti ala bilməyəcəyik. Əvvəla, struktur dəyişikliyi və yanaşma dəyilməlidir. Əgər ölkənin büdcə xərclənməsinin şəffaflığı qaydası yoxdursa, problem çox dərindir. İkinci, özəl sektora sərmayə qoyulmasını, ümumiyyətlə, yaddan çıxartmaq lazımdır.
– Nə üçün?
– Söhbət sahibkarlardan gedir. Məsələ ondadır ki, sahibkarlar Azərbaycan iqtisadiyyatına inamını itirib. Səbəb də respublikanın maliyyə-kredit sisteminin çökməsidir. Biz bunun ağrısını yaxın 3-4 ayda mərhələli formada çəkəcəyik.
–
Ancaq Davos Dünya İqtisadi Forumunun hesabatlarında göstərilir ki, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə 40-cı yerdədir…
– Elə sorğular var ki, onlar ictimaiyyətə təlqin olunur, halbuki, onların şəffaf keçirilməsi şübhə doğurur. Hansı institutlar və hansı institusional dəyərlər əsasında belə sorğular keçirilir, yaxud hansı göstəricilər əsas götürülür? Biz vəziyyətə mövcud reallığın göstəricilərilə baxmalıyıq. İş yerləri bağlanır, adi bir misal, “Standart bank”ın yaşadığı problem. Ardınca “Azəriqazbank”, sonra “Dəmirbank” gəlir. Biz iqtisadçılar bunların təhlilini rəqəmlər əsasında aparırıq və hansısa sorğu mərkəzi bizim gördüyümüzü demir. İndiki vəziyyət sürətli tənəzzül dövrünü yaşadığımızı deyir.
– Ümumi fikrinizi misallarla zənginləşdirə bilərsinizmi?
– Əlbəttə. Birincisi, misal çəkməzdən əvvəl son 10 ildə respublika rəhbərliyinin iştirakıyla açılan müəssisələrin hansı vəziyyətdə olmasının monitorinqini keçirmək lazımdır. Mən keçirmişəm, cəmi 100 müəssisədən 8-i 15-20 faiz gücüylə işləyir. Faciədir. Deməli, hökumət ötən dövrdə ölkənin iqtisadi potensialını düzgün qiymətləndirməyib, şəffaflıq olmayıb, populist çıxışlara daha çox üstünlük verilib. Nəticədə qeyri-neft sektoruna buraxılan milyardların heç bir effektivliyi olmayıb. Ona görə bu işlərə rəhbərlik edən maliyyə və iqtisadiyyat sektoru təcili istefa verməlidir. Çünki həmin nazirliklərin apardığı siyasət iflasa uğrayıb. Necə olur ki, 100 müəssisədən 8-i 15-20 faiz gücündə işləyir? Bu, dəqiq rəqəmdir, əmin ola bilərsiniz. Araşdırma nəticəsində gəlib bu qənaətə çıxmışıq. Biz Gilan-Holdinqin fabrik və zavodlarına, o cümlədən, konserv, pambıq emal edən müəssisələrdə araşdırma aparmışıq, heç biri işləmir.
– Artıq iflasa uğrayıblar?
– Əlbəttə.
– Fuad müəllim, bütün bunlara rəğmən Mərkəzi Bankın sədri Elman Rüstəmov milli valyutamızın il ərzində devalvasiyaya uğramayacağını deyir…
– Bunu necə əminliklə demək olar? Azərbaycan iqtisadiyyatının, manatının varlığı neft amilindən asılıdır. Biz neftin qiymətinə təsir edəcək gücdə deyilik, Rusiya kimi dövlət dünya birjalarına təsir edə bilmir. Neftin qiyməti dünya birjalarında 10 dollara ensə, bunun arxasında dayanmaq olarmı?
– Ancaq Azərbaycan rəsmilərində neftin qiymətinin artacağına ümid var, bu barədə Natiq Əliyev tez-tez danışır…
– Bu cür çıxışlar daha çox məlumatsızlıqdan irəli gəlir. Rusların belə bir misalı var: arzu etdiyini həqiqət kimi qələmə vermək. Ancaq bazar iqtisadiyyatı belə şeyləri bağışlamır. İndi neftin qiymətinin növbəti il artacağını heç peşəkar iqtisadçılar da proqnozlaşdırmır. Hesab edirəm ki, Natiq Əliyevin o cür bəyanatları ictimaiyyəti sakitləşdirməyə hesablanıb. Amma bununla iş getmir. Qubad İbadoğlu hökumətə hazır proqram təqdim edib, ona söykənib iş görsələr, neftin qiyməti 10 dollara da ensə, o zərbəni iqtisadiyyatımız üzərinə götürə biləcək. Hesab edirəm ki, ümidi itirmək olmaz, sadəcə, nə qədər gec deyil hökumət ölkənin geostrateji mövqeyi və zəngin insan kapitalından istifadə etməlidir. Bundan istifadə etməmək özü cinayətdir.
–
İndiki vəziyyətdə ölkə xarici iş adamları üçün maraqlı ola bilərmi?
– Onları unutmaq lazımdır. Azərbaycan iqtisadiyyatı riskli durumda olduğundan yatırım qoymaq istəyənlər çəkinir. Hazırda postsovet məkanında Gürcüstan və Ukrayna investisiya yatırımları üçün daha əlverişlidir. Düzdür, adlarını çəkdiyim respublikalarda da risklər var, amma Azərbaycan qədər yoxdur. Biz nə qədər xarici sərmayədərlar üçün açıq olduğumuzu desək də, qanunvericiliyimiz, məhkəmə sistemimiz qapalı şəkildə qaldığından təsirsiz ötüşmür. Bu mənada Azərbaycan yaxın gələcək üçün xarici sərmayədarların maraq dairəsinə daxil deyil. Gərək 10 il əvvəl bu barədə düşünərdilər. Bilirsiniz, islahatlar yalnız iqtisadi sfera daxilində getməməlidir, məhkəmə, idarəetmə sistemi və sairə də nəzərə alınmalıdır. Sərmayəçi bilməlidir ki, onun başına min bir oyun gətirməyəcəklər. Ölkədə nə qədər xarici iş adamı olub ki, itkiyə məruz qaldığından gedib. Hökumət nöqsanlarını açıq deməsə, heç nəyə nail olmayacaq. Nə qədər layihələr olub ki, milyonlar göyə sovrulub. Adi bir misal, kütləvi şəkildə ağac əkmə layihələri. Monitorinq keçirsinlər ki, hansı dövlət qurumlarına hansı ərazilərdə ağac əkmək tapşırılmışdı. Həmin ərazilərə baxmaq lazımdır, “hərəyə bir ağac əkək” layihəsiylə Bakının yarısı artıq meşəlik olmalıydı. Şitillər basdırılır, bir ay sonra quruyub məhv olur. Şitil 1 qəpik də olsa, puldur, sərmayə qoyulub. Bu cür yanaşmayla milyonlar itiririk. Başqa bir misal, Bakı-Quba yolu – beton yol statusu ilə tikilən yol bir il sonra əsaslı təmirə bağlandı. Kim buna görə cavab verdi? Heç kim. Üçüncü fakt, Beynəlxalq Bankdakı 6 milyard yox oldu, 1 nəfər həbs olundu və bütün məsuliyyət də onun üzərindədir. O zaman elə 1 nəfərə maaş verərdilər, o da aparatda işləyərdi də. Dördüncü fakt, Qiymətli Kağızlar Komitəsini idarə edən komanda Maliyyə Bazarlarına Nəzarət Palatasını idarə edəcək. Son 10 ildə qiymətli kağızlar siyasətini məhv ediblərsə, Maliyyə Bazarlarına Nəzarət Palatasında nə edəcəklər? Bu insanlarda azca qürur hissi olsaydı, istefa verməliydilər. Heç olmasa, əsasnamələrini oxusunlar ki, nə iş tapşırmışdılar, amma onlar nə ediblər. Yüzlərlə belə nöqsanlar səsləndirmək olar ki, neft gəlirlərimizi göyə sovurmuşuq.
–
Bu baxımdan devalvasiya qərarlarından sonra yaradılan qurumlar vəziyyəti dəyişmək gücündə olacaqmı?
– Ötən müddətdə heç nə edə bilməyiblərsə, indiki çətin durumda nəsə edə bilərlərmi? 2014-cü ilə qədər Nazirlər Kabineti ölkəyə gələn neft gəlirlərindən səmərəli istifadə edə bilməyibsə, bundan sonra nəsə edə bilərlər? Yox. Çünki bu insanlar dünyanın düz vaxtında işlərini səliqəyə sala bilməyiblər. Ötən ilin 21 fevralı birinci devalvasiya oldu, bu gün də mayın 12-dir, 1 ildən çox keçib, amma heç bir iş görülməyib.
– Belə olduqda yaxın 3 ayda gözləntiləriniz nədən ibarətdir?
– Yaxın 3 ayda orta sahibkarlıq sinfi tamamilə çökəcək. Məsələn, Nəqliyyat Nazirliyi ilə üz-üzə “1 nömrəli market” var, orda 60 nəfərə qədər gənc işləyirdi, təmirinə, avadanlığına yaxşı da sərmayə qoyulmuşdu, artıq bağlanıb. Bilirsiniz, qənaət anlayışı var, böhran dövründə sən hansısa paltarı, yaxud məişət əşyasını almaya bilərsən, ancaq ərzaq məhsulu mütləq almalısan, bunsuz mümkün deyil. Görün, həmin marketə nə qədər sərmayə qoyulub ki, iş adamı bunlara baxmadan işi dayandırdı. Yəni aylıq zərər o qədər olub ki, iş adamı buna getməyə məcbur olub.
–
Ancaq prezident İlham Əliyev Azərbaycanın böhrandan şərəflə çıxdığını deyir, bunu necə izah edərdiniz?
– Məndə belə təsəvvür yaranır ki, cənab prezidentə yazılı şəkildə məlumatları təqdim edirlər. Əgər belədirsə, bu işi görən insanlar dərhal cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki məlumatların bu səviyyədə verilməsi dövlətçiliyə təhlükədir. Bu baxımdan mən ölkə rəhbərinin fikirləriylə qətiyyən razı deyiləm. Azərbaycan hazırda böhran dövrünü yaşayır. Hesab edirəm ki, məmurlar informasiya assimetriyasına məruz qalıblar. Yəni məlumatı düzgün qəbul etməmək, qavramamaq, düzgün təhlil etməmək təsirinə məruz qalıblar.