Zelenski: “Getmək istəmirsən, otur, danışaq”

V.Zelenski. Foto: Meydan TV

“Dünya Ukraynaya kömək etmək üçün çox gecikdi”

“Biz özümüzü müdafiə etmək istəyirik, onlar isə bizi darmadağın etmək istəyir. Təminat verək? Nəyə? Biz Rusiyaya hücum etmirik, etməyə də hazırlaşmırıq. Nəyə təminat verək? Biz NATO-dayıq? Yox! Bizim nüvə silahımız var? Yox! Onda nəyə təminat?”

Bu açıqlamanı Ukrayna Prezidenti Vladimir Zelenski martın 3-də mətbuat konfransında səsləndirib.

Dövlət başçısı daha sonra deyib:

“Ümumiyyətlə, mən niyə kiməsə nəsə verməliyəm? İlahi, nə istəyirsən bizdən, nə verməliyəm sənə? Çıx, get torpaqlarımızdan. Getmək istəmirsən, otur, danışaq. Mən hazıram. Makron kimi, Şolts kimi 30 metr aralıdan yox. Mən qonşuyam. Dişləmirəm. Normal insanam. Otur, danışaq. Nədən qorxursan? Biz heç kimə təhlükə yaratmırıq. Biz terrorçu deyilik, bank yarmırıq, başqasının torpağını işğal etmirik”.

V.Zelenskinin sözlərinə görə, Rusiyanın hədəfi bir milləti dizlərinin üstünə çökdürməkdir:

“Burada insanların kökləri, ya da dili fərq etmədən, insanların özlərini bərabər hiss edəcəyi bir cəmiyyət yaradırlar. Xarkovda kilsəni vurdular. Rusiya prezidenti çıxıb dedi ki, çox çətinliklərlə üz-üzəyik, milliyyətçilər var, bir kilsə başqa kilsənin azadlığına əl uzadır. Gedib kilsənin yanına bomba atdılar Xarkovda. Bir rus bombası Moskva Patriarxlığının tabeliyindəki bir kilsəni vurdu. Orada abidəni belə bombalayırlar. Beş nəfər, böyük bir ailə öldü orada. “Biz hərbi infrastrukturu hədəf alırıq” dedilər, buna nə cavab verə bilərsiniz ki?”

Ukrayna başçısı qərb ölkələrinin liderləri ilə danışıqlarına da toxunub:

“Hava məkanı qapadılsın deyə çağırış etdim. Baydenə dedim, Şoltsa, Makrona dedim. Çox xatırlamıram, hər gün 20-23 görüş keçirirəm beynəlxalq liderlərlə.
“Əgər indi hava məkanını bağlaya bilmirsinizsə, nə vaxt qapada biləcəyinizi deyin” söylədim. Daha neçə insan öləcək? Neçə insan əzalarını itirəndə anlayacaqsınız? Biz də o say düzələnə qədər gözləyək! İndi yenə hava məkanının bağlanmasını istəyirəm. Bunu edəcək gücünüz yoxdursa, mənə təyyarələr verin. Bu, ədalətli deyilmi?”

“Dünya Ukraynaya kömək etmək üçün çox gecikdi. Məni bağışlayın, öz xalqları da dedi. Dünyadakı hər meydanda insanlar bizə dəstək verdi. Çünki onlar insandırlar. Bir çoxu Ukraynanı sevir. Bu liderlər bu günün dünyasında bir insan övladının heyvan kimi davranmasını gözləmirdi”, -deyə Zelenski fikrini yekunlaşdırıb.

Ana səhifəSiyasətZelenski: “Getmək istəmirsən, otur, danışaq”