Elgün Abdullayevin işi üzrə istintaq yekunlaşıb
Lənkəran rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Elgün Abdullayev yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq. Oktyabrın 4-də Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan Elgün Abdullayevin işi üzrə istintaq yekunlaşıb. Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Elgün Abdullayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrar rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Cinayət işinin materiallarında iddia olunur ki, sabiq şöbə müdiri Lənkəranda fərdi-yaşayış evi və qeyri-yaşayış sahəsinə dair sənədlərinin hazırlanması üçün 100 min manat rüşvət istəyib, 33 min 500 manat alıb.
Elgün Abdullayevin özü və ya yaxınlarının ittihama münasibəti məlum deyil.
Onun işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
2022-ci ilin oktyabrında keçirilən əməliyyat nəticəsində Lənkəranın baş memarı Elgün Abdullayevlə yanaşı, Rayonlararası Psixiatriya Xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyev də saxlanmışdı. Onun işi üzrə istintaq isə dekabrın sonunda yekunlaşaraq, iş materialları baxılması üçün məhkəməyə göndərilmişdi. Nəsrəddin Nuriyevin işinə də Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.
O zaman Elgün Abdullayevin barəsində həbs qətimkan tədbiri seçilmiş, Nəsrəddin Nuriyevin isə istintaq dövründə ev dustaqlığında qalmasına qərar verilmişdi.