“Bakı 2015” I Avropa Oyunları ilə əlaqədar idman komplekslərində yaradılmış “Media Center”lərdə jurnalistlərə pulsuz verilməli olan içki və meyvələr başqaları tərəfindən çantalara yığılaraq, aparılır. Bu barədə Musavat.com saytında məqalə dərc olunub.
Jurnalistlərin bununla bağlı narazılığını işıqlandıran sayt yazır ki, kimlərsə yaranmış fürsətdən istifadə edərək, çanta-çanta “Red Bull” içkisini oğurlayır, meyvələri kiloqramla daşıyıb aparır. “”Red Bull” və meyvə almağa maddi imkanları olmayan, buna görə də bunları çantalarına yığıb, aparanlar arasında tanınmış idman klubunun mətbuat xidməti üzrə meneceri və AzTv-nin bəzi əməkdaşlarının adları çəkilir” –deyə məqalədə qeyd olunur.
Məqalədə daha sonra deyilir: “Səhər saatlarında, media nümayəndələrinin az olduğu saatlarda “Kristal Hall”-ın media mərkəzinə gələn bu şəxslər, “Red Bull” və meyvələri çantalarına yığaraq, aparıblar. Nəzərə alsaq ki, həmin şəxsin tutduğu vəzifənin maaşı bunları qutu ilə almağa kifayət edir, bu hərəkətə bəhanə uydura bilmədik. Aztv-nin isə başı Almaniyaya qarışdığı üçün, deyəsən işçilərin durumunu unudub. Belə halların baş verməsi artıq elanların yapışdırılmasını zəruri edib.
Əvvəlki günlərdə belə halların olacağını düşünməyən təşkilatçılar, soyuducu yaxınlığına nəzarətçi qoymurdular. Artıq bunu da etməyə məcbur qalıblar”. Musavat.com iddia edir ki, oğurlanan sular satışa çıxarılır: “Məsələ bununla da bitmir. İki gün öncə daimi oxucularımızdan biri bizə maraqlı bir videogörüntü göndərib. Videoda görünən budur ki, üç nəfər boğazında “Baku 2015” akreditasiyaları olan naməlum şəxslər, şəxsi avtomobilləri ilə marketə “Koka-kola”, “Fanta”, “Sprite” və meyvələr gətirərək, satırlar. Videonu göndərən şəxs deyir ki, o, həmin şəxslərin market sahibindən pul aldıqlarını görüb.
İlk ağıla gələn şey, satılanlar jurnalistlərə verilməli olan sular və meyvələrdir. Bu sərinləşdirici içkilər bütün idman komplekslərində verilmir. Bu məsələni araşdırmaq çətin olmayacaq. Burada ortaya maraqlı suallar çıxır:
1. Akkreditəli şəxslərin satdıqları su və meyvələr media nümayəndələri üçün nəzərdə tutulmuş məhsullardırmı?
2. Bu şəxslər bu məhsulları haradan götürüblər?
3. Əgər satdıqları məhsulların dediklərimizə aidiyyatı yoxdursa, bu şəxslərin niyə boğazında “Baku 2015” akreditələri var?
Qeyd edək ki, bu görüntülər Sabunçu rayonu ərazisində çəkilib. Bu məlumatı dərc etməyimizin səbəbi, 5-10 manat qazanmaq və ya cibinin pulunu verib almamaq üçün bu hərəkətləri edənləri utandırmaqdır. Utanın… Bəzən heç aidiyyatı olmayan hadisələrə “Bunlar təxribatdır” deyənlər olur. Baxın, əsl təxribat budur. P.S Fotolarda avtomobilin nömrəsinin üstünü qapatdıq. Araşdırmaq istəyən qurumlara bu nömrələri də təqdim edə bilərik”.