Hazırda Avropada yaşayan “Marka Film Production” təsisçisi Laçın Məmişov “Mühacirlər” layihəsi çərçivəsində yeni film çəkib. Film iki hissədən ibarətdir birinci hissə “Kəlbəcər düyünü” ikinci hissə isə “Böyük oyun” adlanır. Bu mühacirlər layihəsinin ikinci filmidir.
Film haqqında Meydan TV-yə danışan müəllif deyir ki, təqdimat 12 avqust 2017-ci ildə Almaniyanın Köln şəhərində baş tutmalıydı: “Lakin nə qədər gülməli səslənsə də, Heydər Əliyevi ifşa edən filmin təqdimatının keçirilməsinə müxalifət partiyasının lideri və bəzi “siyasi mühacirlər” maneçilik törətdilər. O səbəbdən də filmin təqdimatı baş tutmadı. Lakin budəfəki təqdimatda yəqin ki, heç kim təxribat törədə bilməyəcək, çünki təqdimat düz Bern kantonal polis idarəsinin yanında keçiriləcək”.
L.Məmişov deyir ki, filmi 3 ilə ərsəyə gətirib: “Fikrimcə, bu qədər gec başa gəlməsində böyük fayda oldu. Çünki bütün qaranlıq məqamları araşdırdım. Çox vaxt, enerji və əsəb sərf etdim. Filmin montajını bitirib, tam versiyasını özüm üçün bir tamaşaçı kimi izləyəndə, bir daha əmin oldum ki, bu qədər vaxt boşuna getməyib. Film bir çox siyasi dairələrə güllə kimi dəyəcək, çox əsəb, gərginlik, həyəcan keçirəcəklər. Hələ film yayımlanmamışdan, necə deyərlər, “xain xoflu olar” məsəli kimi bir çoxu həyəcanlanır, təlaşa düşür. Lakin hər bir kəs etdiyi əməllərə görə nə zamansa cavab verməlidi.
Azərbaycanın işğal olunan rayonları çoxdur. Lakin filmdə bir Kəlbəcər sakininin səsləndirdiyi “Ən böyük açar Kəlbəcərdir” fikri olduqca maraqlı bir mesajdır. Filmin çəkilişləri zamanı bir daha əmin oldum ki, doğurdan da, Kəlbəcər böyük bir oyunun açarı idi. Ona görə də filmin ilk bölümünü “Kəlbəcər düyünü” adlandırmaq qərarına gəldim. Filmin ikinci bölümü isə Kəlbəcərin işğalı və ondan sonra ölkədə baş verən oyunlardan, Gəncə “qiyamı” və onun ətrafında hakimiyyətin ötürülməsindən bəhs etdiyi üçün “Böyük oyun” adlandlrmağı qərara aldım”.
Müəllifin sözlərinə görə, filmdə 25 il üzərinə qaranlıq salınan çox məqamlar açıqlanıb, tamaşaçıların diqqətinə çatdırılıb: “Bugünkü tarixi daha düzgün başa düşmək üçün yaxın keçmişimizə nəzər salmaq, düzgün analiz etməyi bacarmaq lazımdı. Mən də bu işdə xalqımıza yardımçı olmağa çalışmışam. Filmə qiyməti yəqin ki, tamaşaçılar verəcək”.
İki hissədən ibarət tarixi-sənədli filmin ümumi xronometra 171 dəqiqədir.
Laçın Məmişovun özü də 3 ilə yaxındır ki, İsveçrənin Bern şəhərində siyasi mühacir həyatı yaşayır. Filmin təqdimatı İsveçrənin Bern şəhərində (Ünvan: Waisenhausplatz 30, 3011 Bern, Switzerland. Stube im Progr) 08 oktyabr 2017-ci il tarixində saat 13:00-da keçiriləcək.