“Kəndlilərə məxsus 120 hektar sahə susuz qalıb. Səbəb odur ki, arxası icra hakimiyyətinə, bələdiyyəyə bağlı olan adamlar kənddə balıq vətəgələri, süni göllər yaradıblar. Daha doğrusu, var idi, indi genişləndiriblər, çoxaldıblar. Kəndin arxa tərəfindən keçən su kanalının suyunun məcrasını da həmin göllərə çeviriblər”.
Susuz qalan torpaqlar Biləsuvarın İsmətli kənd sakinlərinə məxsus pay torpaqlarıdır. Kənd sakinlərinin iddiasına görə, təqribən 15 il olar ki, kənddə balıq vətəgəsi yaradılıb. Kəndin arxa tərəfindən keçən su kollektorunun qarşısını kəsərək axar suyun məcrasını süni göllərə çeviriblər. Nəticədə kənddə azı 60 ailəyə məxsus olan 120 hektar pay torpağında şoranlaşma başlayıb.
Kənd sakini İxtiyar Ağayevin deməsinə görə, insanların dolanışıq yeri olan torpaq sahələri əllərindən çıxmaqdadır:
“O vaxt Heydər Əliyev bu torpaqları kəndlilərə payladı ki, camaat dolanışığını təmin eləsin. Biri taxıl, biri buğda, biri pambıq əkir, ailəsini çətinliklə də olsa vəziyyətdən çıxarır. Ancaq görünür, bir neçə nəfərin pula hərisliyi beş min əhalisi olan bir kəndin dolanışığından daha üstündür. Kimdir, nəçidir, bilinmir, gəlib balıq vətəgələri yaradıb, camaatın suyunu kəsib, torpaqlarını zay eləyib”.
Təqribən 5 il əvvəl də eyni vəziyyət yaranıb. Həmin vaxt kəndlilərin narazılığı nəticəsində problem aradan qaldırılıb. Ancaq bu dəfə nədənsə onları dinləyən və məsələyə əncam çəkən yoxdur.
Kəndlilər təkcə münbit torpaqlardan yox, içməli sudan da məhrum olublar. Onların iddiasına görə, kəndi təmin etməli olan içməli su da süni göllərə axıdılır. Sakinlərsə suyu qonşu kəndlərdən daşımalı olurlar. Kənd sakini Yadigar Ələsgərov:
“Camaat bu soyuqda qonşu kəndlərdən eşşəyin belində su daşıyır. Halbuki, içməli suyumuz gözümüz görə-görə balıq vətəgələrinə axır”.
Kənd sakinləri kütləvi şəkildə icra hakimiyyətinə, bələdiyyəyə müraciət ediblər. Demələrinə görə, onlara ilk vaxtlar bildirilib ki, vətəgə sahibinə sözləri keçmir. Növbəti müraciətlərini isə ümumiyyətlə, dinləyən olmayıb. Deyirlər, icra hakimiyyətinin qapıları üzlərinə yerli-dibli bağlanıb. Bir sözlə, hektarlarla torpaq sahələri günbəgün yararlığını itirməkdə, şikayəti dinləyən, problemi çözən yox…
“Qeyri-qanuni, sənədsiz vətəgələrdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də gəldilər, yerindəcə məsələni ört-basdır edib getdilər. Çünki bu işi quranların arxasında rayon rəhbərliyi özü dayanır”- kənd sakinləri belə deyir.
Vətəgə sahibi kəndliləri həm də örüşsüz qoyub. Daha dəqiqi, gördüyü işlə kənddəki 450 hektarlıq örüş sahəsini bir neçə hissəyə bölüb. Kəndlilər örüş sahələrinə gedib çıxa bilmir, mal-qaranı otarmaq üçün qonşu kəndlərə üz tuturlar.
Deyirlər ki, kənddəki beş min əhali əlbir olub vətəgələr yaradan bir neçə iş adamının əlində aciz qalıb. Ancaq illərdir ki, kəndlilər bu vətəgələrin konkret kimə məxsusluğunu dəqiqləşdirə bilmirlər. Onlar bunu dəqiqləşdirmək üçün dəfələrlə rəsmi qurumlara yazılı və şifahi müraciətlər ediblər. Onlara rəsmi olmasa da, şifahi şəkildə vətəgələrin gah rayon rəhbərlərinə, gah da arxasında rayon rəhbərləri dayanan ayrı-ayrı iş adamlarına məxsus olduğu deyilib.
Meydan TV vətəgə sahiblərinin kimliyini Biləsuvar Rayon İcra Hakimiyyətindən öyrənməyə çalışıb. Lakin qurumdan yalnız o bildirilib ki, kənd ərazisindəki balıqçılıq təsərrüfatı qanuni fəaliyyət göstərir. Sahibkarda icarə müqaviləsi və başqa aidiyyəti qurumlardan olan bütün sənədlər var. İcra hakimiyyəti bu işi görən şirkət və sahibkarın kimliyi barədə məlumat veriməyib. Qurumdan təsərrüfatın rayon rəhbərliyinə aid olması ilə bağlı deyilənlər də təkzib edilib. Balıqçılıq təsərrüfatının kəndi susuz qoyması ilə bağlı deyilənlərə gəlincə, icra hakimiyyətindən bildirilib ki, deyilənlər həqiqətə uyğun deyil, gölün fəaliyyəti aidiyyəti qurumlar tərəfindən nəzarətdədir və torpaqlara hər hansı zərəri yoxdur.