Oqtay Gülalıyev: “”Siyasi məhbus” terminini dilə gətirməmək üçün “mübahisəli məhbus” kimi qüsurlu ifadə işlədirlər”
“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansın təqdim etdiyi hesabat müzakirə predmetinə çevrildi. Hesabatın müxtəlif bölümləri – “siyasi girovlar”, “həbsxanadakı işgəncələr”, “korrupsiya” və digərləri əsaslandırılmış şəkildə ortaya qoyuldu. Alyansın koordinatoru Oqtay Gülalıyevlə söhbətimizdə bu məsələlərə müvafiq orqanların münasibətini öyrənmək və yaranan suallara cavab tapmağa çalışdıq…
– Oqtay bəy, “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansın yaydığı hesabat necə qarşılandı?
– Hesabat noyabrın 6-da ictimaiyyətə təqdim olunub və indiyə qədər sənədin müzakirəsi davam edir. Təbii ki, hesabat müstəqil qurumlar, vətəndaş cəmiyyəti institutları, siyasi məhbusların özləri, ailələri, beynəlxalq təşkilatlar, xüsusilə səfirliklər tərəfindən çox maraqla qarşılanıb. Bununla bağlı bizə müraciətlər edilib və sənəd təqdir olunub.cEyni zamanda, sosial şəbəkələrdə hesabat əhatəli şəkildə müzakirə olunur. Təbii ki, əks reaksiyalar da var və bu, Pentinsiar Xidmət, ədliyyə sistemi və öz vəzifələrini yerinə yetirə bilməyən nöqsanları ört-basdır etməyən tərəflərdən gəlir. Nəhayət, hesabatdan dərhal sonra övladlarımla birgə Bakı Şəhər Baş Polis İdarəsinə çağrılmışam, təbii ki, dindirilmədə hesabatla bağlı sual verilməyib. Ancaq özümə qarşı təzyiqlər olsa da, bu barədə yox, hesabat haqqında danışmaq daha yaxşı olar.
–
O zaman siyasi məhbus ifadəsi ilə bağlı hakimiyyətin münasibətinə izahınızı istərdim. İqtidar “problemli məhbuslar” ifadəsini işlədir. Bu baxımdan siz hansı arqumentlərlə Azərbaycanda siyasi məhbusların olduğunu və problemli məhbuslar anlayışının uyğunsuz olduğunu deyirsiz?
– Avropa Şurasının siyasi məhbuslarla bağlı qəbul etdiyi meyarlar var, bu, 5 meyardan ibarətdir. Eyni zamanda, Azərbaycanda bu yaxınlarda 98 siyasi məhbusun siyahısı elan olundu və siyahı beynəlxalq təşkilatlar tərəfindən qəbul olundu. Siyahıya həmin 5 meyara cavab verən adamların adı daxil edildi. Biz də məsələyə yanaşmada Avropa Şurasının meyarlarını əsas götürürük. Elə həmin meyarlar əsasında “siyasi məhbus” termini və siyasi məhbusların özünü də gündəmə gətirdik. Bu gün ədalətli məhkəmə olmadığından, insanlar siyasi-ictimai, dini fəaliyyətlərinə görə hakimiyyət tərəfindən şərlənərək həbs olunurlar. Məhz Avropa Şurasının meyarlarına görə onlar siyasi məhbus elan olunurlar. Hakimiyyətin isə yanaşması ənənəvi metoddur, onlar siyasi məhbus termini qəbul etmək istəmirlər və Azərbaycanda siyasi məhbus olmadığını bildirirlər. Bu baxımdan “siyasi məhbus” terminini dilə gətirməmək üçün “mübahisəli məhbus” kimi qüsurlu ifadə işlədirlər.
–
Nə üçün qüsurlu?
– Mübahisəli, yaxud problemli deyirlər. Sual olunur: Məhbus necə mübahisəli ola bilər? Məhbus məhbusdur, ya sıradan, ya da siyasi məhbus ola bilər. Siyasi məhbuslar o insanlara şamil olunur ki, onlar məhz həmin meyarlara cavab verirlər, yəni həbslərində siyasi motivlər rol oynayır. Hakimiyyət də bunu danmaq üçün uğursuz ifadələr işlədir. Məqsəd siyasi məhbus olmadığını ictimaiyyətə təlqin etməkdir. Əslində, bu terminin və İşçi Qrupunun yaranması siyasi məhbusların olmasının etirafıdır.
–
Hesabatda siyasi girovlardan da danışılır, bəlkə bunu açıqlayasız?
– Bizim hesabatda müxtəlif bölümlər var və bu, ikinci illik hesabatımızdır. Hesab edirik ki, araşdırma günümüzün ən real və obyektiv hesabatlarından biridir. Çünki hesabatın hazırlanmasında keçmiş və indiki məhbuslar, onların yaxınları, vəkilləri iştirak ediblər. Bu mənada hesabatda müsahibələr, onların rəyləri, məhdud şəkildə həbs yerlərində aparılmış monitorinqlər əsas götürülüb. İndi də təkmilləşmə davam edir. Siyasi girovlara gəldikdə, söhbət ondan gedir ki, Azərbaycan hakimiyyətinin repressiyaya məruz qoyduğu insanlar var ki, onların özləri ölkəyə buraxılmır, yaxud yaxınları həbs edilib, ya da ölkədən kənara çıxa bilmirlər. Məsələn, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı Mətanət Əzizovanın ailəsi ölkədən kənara buraxılmırdı, yalnız bugünlərdə problem aradan qalxdı. Yaxud AXCP sədri Əli Kərimli 10 ilə yaxındır pasport ala bilmir. Başqa bir fakt, mandat alveri məsələsinə görə ABU-nun sabiq rektoru Elşad Abdullayevin qohumlarına müxtəlif səbəblərdən ölkədən çıxışa qadağa qoyulub. Təsəvvür edin ki, onların arasında 11 yaşında uşaqdan tutmuş 87 yaşında yaşlı insan da var. Təvazökarlıq olmasın, mənim özüm iki ildir ölkədən kənara çıxa bilmirəm. Bu yöndə çoxlu şikayətlər var, hakimiyyət siyasi mənsubiyyəti olan insanlar haqqında qondarma cinayət işi açır və onların xaricə çıxmasına qadağa qoyurlar. Hazırda Azərbaycanda bu cür kifayət qədər siyasi girovlar var.
–
Hesabatda “yalançı əfv fərmanları” fəsli var, ancaq Avropa Şurası, ABŞ Dövlət Departamenti hər bir əfv fərmanını alqışlayır. Bu yanaşmanı necə izah edərdiniz?
– Beynəlxalq təzyiqlər artdıqca, müəyyən bayramlar ərəfəsində bu cür əfv fərmanlarlı imzalanır və siyasi məhbuslar hesab olunan şəxslərin azadlığa çıxdığı bəyan edilir. Bilirsiniz ki, bir neçə il əvvəl Amnistiya Aktı da qəbul olunmuşdu. Götürək, sonuncu əfv fərmanını. Fərman siyasi məhbus olan bir sıra şəxslərə şamil olunmadı. Yaxud, götürək eyni maddəylə həbs olunan NİDA-çıları, 2 nəfəri azad olundu, digərləri yox. Əgər siyasi məhbusların əfvindən söhbət gedirsə, onların əfvi gündəmə gəlməməlidir. Siyasi məhbuslar siyasi motivlərə həbs olunduğundan onlar qeyd-şərtsiz azad olunmalıdır. Azərbaycan hökuməti də onları qanunsuz həbsdə saxladığı üçün təzminat verməlidir. Mən bəzi hüquq müdafiəçilərinin əfv fərmanı ətrafında yaratdığı şoulara diqqət çəkmək istəyirəm.
–
Siz Monitorinq Qrupunu nəzərdə tutursunuz?
– Yalnız Monitorinq Qrupu yox, bilirsiniz ki, hakimiyyətə yarınmaq istiqamətində böyük yarışlar gedir. Bu yarışda iştirak edənlər hər bayram ərəfəsində cəmiyyəti aldadaraq, “yaxın zamanda əfv olacaq”- deyə bəyanatlar verirlər. Axı siyasi məhbuslar əfv olunmur, başqa tərəfdən siyasi məhbuslar niyə əfv edilməlidir?! Bu insanlar qanunsuz həbs olunubsa, bəraət alıb azadlığa çıxmalıdır. Təəssüf ki, mətbuat bu fikirləri tirajlayır və cəmiyyətdə yalançı eyforiya baş alıb gedir. Sonuncu əfv fərmanlarını götürək, may ayında 4 nəfər əfv edildi, bir müddət əvvəl də 4 nəfər əfv edildi. Amma Azərbaycanda 100-dən çox siyasi məhbus var. Ona görə əfv fərmanlarının reallığı əks etdirmədiyini və yalançı fərmanlar olduğunu düşünürük. Nəhayət, hakimiyyət məcburi şəkildə məhbuslara əfv ərizəsi yazdırıb, azad edir və bundan şou yaradır, sonda onları bu addımı qarşılığında Fəxri Xiyabana apararaq, bütlərə baş əydirir.
–
Hesabatda diqqət çəkən məqam məhbuslara işgəncə verən 21 vəzifəli şəxsin adıdır. Bu adamların məhbuslara işgəncə verdiyini nəylə əsaslandıra bilərsiniz?
– Əvvəla, hesabatı hazırlayan, koordinatoru olduğum alyansın yaradıcıları keçmiş siyasi və vicdan məhbuslardır. Mən də daxil olmaqla hamımız həbs həyatı yaşamış insanlarıq. Sənəddə adları qeyd olunan vəzifəli şəxsləri də tanıyırıq, onlarla təmasda olmuşuq. Eyni zamanda, dostlarımızın verdiyi məlumatlar əsasında hesabatın həmin bölümü hazırlanıb. Əgər yanlış məlumat olsaydı, onlardan biri dərhal etiraz edərdi. Buyurub, hüquqi müstəvidə etiraz etsinlər, biz hazırıq. Hələ 21 nəfər çox kiçik rəqəmdir, çox dəhşətli dərəcədə böyük siyahıdır. Biz sadəcə vəzifəli şəxslərin adlarını qeyd etmişik, axı orta və aşağı vəzifə tutanlar var. Bir daha deyirəm, siyahı kifayət qədər genişdir və zaman-zaman açıqlanacaq. Növbəti hesabatımızda siyasi motivlərlə həbs olunmuş şəxslərə hökm oxuyan hakimlər və işi aparan müstəntiqlərin adlarını qeyd edəcəyik. Biz bu siyahıları yalnız kiminsə əməllərini ifşa etmək üçün tərtib etmirik. Həm də ictimai qınaq yaradılması üçün bu addımı atırıq. Qoy, işgəncəyə məruz qalan günahsız məhbusların yaxınları bu adamları tanısın, o cümlədən, vəzifəli şəxslərin övladları atalarının nə işlə məşğul olduqlarını bilsinlər.
–
Ancaq Mədət Quliyevin Pentinsiar Xidmətə rəis təyin olunmasından sonra həbsxanalarda vəziyyətin yaxşı olduğu bildirilirdi. Siz sabiq məhbus kimi bu barədə nə deyə bilərsiniz, doğrudanmı, Mədət Quliyevin təyinatından sonra dəyişiklik var?
– Hesabatın əvvəlində “həbs yerlərində pozitiv vəziyyət” bölümü var. Biz məsələlərə obyektiv yanaşmağa çalışmışıq. Təbii ki, məhbəslərdə müsbət məqamlar azdır, amma olanları da sadalamışıq. Dustaqların saxlanma, qidalanma istiqamətində müəyyən irəliləyişlər var, mən tam irəliləyişdən danışmıram. Əgər biz dustaqların daşınmasından danışırıqsa, deməli, “stolıpinlər” fəaliyyət göstərir.
–
Korrupsiyanın kökünün tam kəsilmədiyini deyə bilərikmi?
– Əlbəttə, korrupsiyanın kökü kəsilməyib və bu gün də davam edir. Məsələn, “dustaqlara havanın pulla satılması” bölümü böyük rezonans doğurdu. Həbs yerlərindəki kameralarda nəfəsliklər var-“qarmoşka” deyirlər, havalanmaq üçündür, bəzən nəzarətçilər onu gün ərzində bağlı saxlayırlar. Havalandırma üçün olan nəfəsliyi açmaq üçün dustaqdan pul alınır.
–
Nə qədər alırlar?
– Çox cüzi məbləğdir. Yeri gəlmişkən, mən həbsdə olanda bu cür hallarla rastlaşdım, düzdür, mənə qarşı belə hərəkətlər edilmədi. Qonşu kameralarda isə belə hal oldu, sonradan bu məsələni qaldırandan sonra qarşısı alındı. Yəni saatı 1-2 manata havalandırma üçün nəfəsliyi açırdılar.
–
Oqtay bəy, hökumətin təşəbbüsü ilə yaranan İşçi Qrupunun nəyisə dəyişəcəyinə inanırsınızmı?
– Əvvəla, İşçi Qrupunda olan inanların xeyli qismilə QHT sektorunda birgə çalışmışıq və bu gün də çalışmaqdayıq. Orda mənim kifayət qədər hörmət etdiyim insanlar var və bu gün də hörmətlərini saxlayıram. Təbii ki, təşəbbüs Avropa Şurası Baş Katibi cənab Yaqlanddan gəlib. Biz təşəbbüsü alqışlayırıq, İşçi Qrupunun formatından asılı olmayaraq, bu yöndə atılan addımları təqdir edirik. Amma düşünürük ki, yaxın bir məsafəni getmək üçün uzaq yolu qət etməyə ehtiyac yoxdur. El arasında buna “görünən dağa bələdçi yoxdur” – deyirlər. Bu gün Azərbaycanda siyasi məhbuslar var, kim şübhə edir ki, İntiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov, Tofiq Yaqublu, İlqar Məmmədov, NİDA-çılar, xeyli sayda dini kəsimin nümayəndələri siyasi məhbus deyil? Deməli, biz 98 nəfərin cəzasıyla bağlı araşdırma apardıq, məlum oldu ki, hakimiyyət onlara 633 il iş verib. Hələ istintaqı gedən 13 nəfər siyahıya daxil deyil. Sözümün mahiyyəti odur ki, bu gün ölkədə siyasi məhbuslar var, ona görə yenidən İşçi Qrupu yaratmaq, ora toplanmaq və müzakirə açmağa ehtiyac varmı? Yox! Eyni zamanda, koordinatoru olduğum alyans hesab edir ki, bu cür İşçi Qruplarının yaradılmasına el arasında “gözdən pərdə asmaq” deyirlər. Həmçinin görüntü yaratmaq, beynəlxalq təzyiqlərin qarşısında bir az sığortalanmaq məqsədi daşıyır. Belə İşçi Qrupları o zaman yaradıla bilər ki, dəhşətli fikir ayrılığı yaransın və insanlar siyasi baxışlarına görə həbs olunmasın. Ancaq bizim hamımızın tanıdığımız siyasi məhbuslar var və onların azadlığa buraxılması üçün işçi qruplarına ehtiyac yoxdur. Ona görə həmin siyasi məhbuslar qeyd-şərtsiz azad olunmalıdırlar.