Əhalinin hər nəfərinə düşən ÜDM 2239,4 manata bərabər olub
2016-cı ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 21 512,8 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 faiz az ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub. Əlavə dəyərin 39,8 faizi sənayedə, 12,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi tikinti, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə, 16,4 faizi isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2239,4 manata bərabər olub.