Azərbaycan ictimaiyyəti, fəal kəsimin diqqəti məhkəmələrə yönəlib. Hər gün məhkəmə prosesləri keçirilir, hətta vəkillər də iclasların hamısında iştirak etməyə vaxt tapmırlar. Eyni zamanda istintaqı gedən həbsləri də nəzərə alsaq, növbəti proseslər də gözlənilir. Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri, tanınmış vəkil İntiqam Əliyevlə söhbətimizdə gündəmin doğurduğu suallara cavab almağa çalışdıq.
–
İntiqam müəllim, Azərbaycanda məhkəmə “bumu” yaşanır, Şəki Rayon Məhkəməsinin ReAL sədri İlqar Məmmədov və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunu azadlıqdan məhrumetmə hökmündən sonra paytaxt Bakıda məhkəmə prosesləri başlayıb. Artıq aclıq aksiyalarının 14-cü gününü adladan NİDA-çı gənclərin, jurnalist Pərviz Həşimlinin, bloger Əbdül Əbilovun, Seçki Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin məhkəmələri gedir. Eyni zamanda, yeni məhkəmə prosesləri gözlənilir, mən Rauf Mirqədirovun həbsini nəzərdə tuturam. Bu mənada məhkəmə proseslərinin artmasının səbəbi nədir?
– Azərbaycanda məhkəmə “bumu” 20 ildir davam edir, 20 ildir hakimiyyət insanları saxta ittihamlarla həbs edir, insanlar müəyyən müddət həbsdə qalandan sonra yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının təzyiqi ilə azad olunur. Amma ardınca növbəti həbslər başlanır. Azərbaycan hakimiyyəti avtoritar olduğundan azadlıq, demokratiya, müstəqil, məhkəmə, media və şəffaf seçkilər istəyən insanlara düşmən kimi baxır. Ona görə də bu cür insanlar hakimiyyətin nəzərində cinayətkar olduqlarından həbs olunurlar. Adlarını sadaladığınız insanlar cəmiyyətin ən müxtəlif təbəqələrinin təmsilçiləridir, həbs olunanlar arasında dini azlıqlardan başlamış media, gənslər, dini təşkilatlarının, vətəndaş cəmiyyətinin nümayəndələri də var. Bu gün həbsxanalarda cəmiyyətin ən fəal nümayəndələri “yatır”. Hakimiyyət bu yolla insanların gözünü qorxutmaqla bərabər beynəlxalq təşkilatlara mesaj vermək istəyir ki, heç kimi saymır, Azərbaycan toplumuna isə “heç kimə arxayın olmayın” deyir.
–
Bu prosesdə məhkəmələrin rolu nədən ibarətdir?
– Məhkəmələr hakimiyyətin əlində zor aparatı kimi istifadə olunur.
–
Polislə bərabər?
– Dünyada ədalət mühakiməsi adlanan institutlar Azərbaycanda prokurorluq və polis orqanları ilə birgə hakimiyyətin əlində opponentlərini sıradan çıxartmaq və zərərsizləşdirmək üçün vasitədir. Hakimiyyət məhkəmələrdən və hüquq-mühafizə orqanlarından istifadə edərək demokratiya uğrunda çalışanları, vətəndaş cəmiyyəti təmsilçilərini saxta ittihamlarla həbsə atır.
–
Məhkəmə proseslərinin ardı-ardıya keçirilməsi, təqsirləndirilən şəxslərə 6-8 il cəza istənilməsi, hətta hökm çıxarılması ictimai rəyə qorxu xofunun yeridilməsi məqsədi daşıyır, yoxsa növbəti il seçkiləri baxımından başqa amillər də var?
– Müxtəlif məqsədlər var. Bir tərəfdən qorxu yayır, hakimiyyət düşünür ki, bununla cəmiyyətdə qorxunu gücləndirir, bəzi hallarda buna nail olur, bəzi hallarda isə yox. İkinci, qisasçılıq elementi var, çoxlu sayda bu istiqamətdə nümunə gətirmək olar, məsələn, İlqar Məmmədov, NİDA-çılarla bağlı proseslərdə bu görünür, o cümlədən, Leyla Yunusa qarşı hərəkətlərdə. Eyni zamanda, qarşıdan bələdiyyə və parlament seçkiləri, Avropa Olimpiya Oyunları gəlir, eləcə də Gəncənin Avropa şəhəri aksiyası keçiriləcək. Həm də hakimiyyət ictimai əhəmiyyətli hadisələrə qorxaq, sözəbaxan, etirazsız cəmiyyətlə getmək istəyir. “Avroviziya” mahnı yarışması ərəfəsində hakimiyyət çox güclü repressiyalar aparsa da, gözlənilməz proseslər, canlanma baş verdi. Bu anda hakimiyyətin son addımları, yəni məhkəmə proseslərinin və repressiyaların artmasında bir məntiq var.
–
Sovet dövründə hakimiyyətdən narazı qalanlar Moskvaya şikayət yazardılar, bu gün isə Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi var, düzdür, şikayətlər göndərilsə də, cavabın verilməsi uzun vaxt çəkir. Bu mənada ötən illərdə Avropa Məhkəməsinə göndərilən şikayətlər özünü doğruldurmu?
– Azərbaycanda məhkəmə sistemi yoxdur. Xüsusi ilə də siyasi sifariş olan proseslərdə siyasətçilərin, jurnalistlərin, gənc fəalların heç bir şansı olmur. Bu anlamda Avropa İnsan Haqları Məhkəməsi yeganə vasitədir ki, insanlar gec-tez pozulmuş hüquqlarını bərpa edə bilirlər. O adamlar müəyyən mənada reabilitasiya olunur və kompensasiya alırlar. Amma ATƏT, BMT və Avropa Məhkəməsi normal ölkələr üçün nəzərdə tutulmuş institutlardır. Azərbaycan, Rusiya, Ermənistan kimi ölkələr üzərlərinə öhdəliklər götürsələr də, yaxşı halda onları imitasiya edirlər. Bu halda adlarını çəkdiyim institutlar çarəsiz bir hala düşürlər. Nəzərə alsaq ki, hakimiyyətin öz vətəndaşından oğurladığı pullar hesabına çoxlu sayda əlavə pulları da var, bunlarla bir sıra adamları ələ alır.
–
Söhbət Avropa Məhkəməsi hakimlərindən gedir?
– Bu barədə konkret heç nə deyə bilmərəm, amma adını hallandırdığınız üçün Avropa Şurasında “kürü diplomatiyası” adlı hesabatını xatırlada bilərəm. Həm də çoxlu sayda faktların səsləndirilməsi göstərir ki, Azərbaycan hakimiyyəti istəsə, hətta diplomatları da ələ ala bilir.
–
Adətən Məhkəmə Hüquq Şurası, yaxud Ali Məhkəmə rəhbərliyi ölkədə məhkəmə islahatlarının aparıldığını bildirirlər. Bu açıqlamaların fonunda beynəlxalq təşkilatlar birgə konfranslar keçirir, tədbirlərdə tanınmış hüquqşünaslar iştirak edir, onlar da hakimiyyətyönlü mediaya, telekanallara müsahibələr verib islahatların getdiyini təsdiqləyirlər. Bu fikirlərin bir əsası varmı?
– Heç nə gizlətməyəcəm, Azərbaycana gələn həmin diplomatlara, hüquqşünaslara sual edirəm: sizin marağınız nədir? Ölkə həbsxanalarında 100-dən çox məhbus var, 20 ildə seçkilərin saxtalaşdırılması haqqında çoxlu sayda hesabatlar var, bunları təqdim edirik, amma seçkilərin demokratik keçirildiyini, normal idarəetmə sisteminin olduğunu, məhkəmələrin normal işlədiyini deyirsiniz. Axı marağınız nədir? Təbii ki, sualımız ritorikdir, çünki bunların arxasında maraqlar dayanır. “Kürü” ifadəsi simvolik anlamda işlənir, bunun arxasında pul, Azərbaycanda biznes şəraitinin yaradılması dayanır. Mənə görə belədir, əks halda bunların cavabı yoxdur. Son dövrlərdə bu sözləri xarici ölkələrin dövlət məmurlarının, diplomalarının üzünə deyirik və çox zaman da başlarını aşağı salıb dinləyirlər.
–
Deməli, onların qeyri-rəsmi cavabı başlarını aşağı salıb dinləməkdir?
– Mənə görə başqa adı yoxdur. Məsələn, ATƏT-nin İnsan Hüquqları Bürosu seçkilərin saxtalaşdırılması haqqında faktları ortalığa qoyan hesabat yayır, amma qurumun fransalı məmuru seçkilərin normal keçirildiyini deyir. O cümlədən, Avropa Şurasının həmməruzəçiləri ölkədə normal mühitin olduğunu, islahatların getdiyini bildirirlərsə, bunun arxasında maraqlar dayanır.
–
Bəlkə bu sualım ritorik qarşılana bilər, amma bilmək istərdik, Azərbaycanda vicdanlı hakim varmı?
– Azərbaycanda vicdanlı hakim olmaq mümkün deyil. Çünki sistem hamının çirkaba batırılması şəklində qurulub. Məsələn, Avropa Məhkəməsinin 2005-ci il parlament seçkiləri ilə bağlı 15-ə yaxın qərarı olub, amma 2010-cu il parlament seçkilərindən sonra 70-ə yaxın şikayətin kommunikasiyası başlayıb. Bu şikayətlər ölkənin bütün hakimlərinin, birinci instansiyadan başlamış Ali Məhkəməyə qədər olan hakimlərinin əlindən keçir. Vicdanı olan adam seçki saxtakarlıqlarına bəraət qazandırmaz. Eləcə də NİDA-çıların işi, ondan əvvəl İsmayıllı hadisələri, juranlist Əvəz Zeynallı, tanınmış vəkil Qurban Məmmədlinin prosesləri olub və bu məhkəmələrdə çoxlu sayda hakimlər iştirak edəcək. Vicdanlı adam NİDA-çılara heykəli təhqir etdiyinə görə 8 il iş istəməz. Halbuki, hakim gənclərə “oğlum” deyə çıxış edirdi…
–
Hətta Zaur Qurbanlıya “doğrudanmı, hüququ bitirmisən” deyə sual etmişdi…
– Bəli, elə oğlum deyə müraciət edilməsi riyakarlıqdır, çünki həmin hakim gənci 8 il azadlıqdan məhrum edəcək. Həm gənclər, həm jurnalistlər, həm də digər həmkarlarımız heç bir cinayət etmədiyi halda hakim onları qanunsuz azadlıqdan məhrum edirlər. Ona görə həmin hakimlər cinayətkardır. Mənim nəzərimdə hakim qanunsuz olaraq təqsirləndirilən şəxsə iş kəsirsə, bu halda vicdanla bağlı çox ciddi prblemləri var.
–
Fransada mühacir həyatı yaşayan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin yaydığı video kadrlarda hakimlərdən biri “yuxarıdakıları” ittiham etmiş, hətta təhqiramiz ifadələr işlətmişdi. Sonradan həmin hakim təzyiqlərə davam gətirməyib insult keçirdi…
– Təbii ki, problemin kökündə sistem dayanır, yəni indiki sistemdə vicdanlı olmaq mümkün deyil. Sistem adam hakim seçiləndən bəri təminatını alır, bilir ki, sifarişli hökmlər çıxartmağa hazır olmalıdır, başqa cür olsa sistemdə qala bilməz.
–
Yəni sistem o adamların vicdanlarını “abort” edib?
– Bəli.
–
Bu mənada indiki vəziyyətdə vəkillər hansı durumdadır, vicdanlı vəkillər azdırmı?
– Hakimlərdən fərqli olaraq, vəkillər dövlətdən maaş almırlar, ona görə müstəqil olmalıdırlar. Dünyanın əksər ölkələrində vəkillər və media nümayəndələri hakimiyyətə müxalifətdə olan insan kimi qəbul olunur. Jurnalist hakimiyyəti dəstəkləyirsə, hakimiyyət mənzil, mükafat alırsa, bu, artıq jurnalistika deyil. Eləcə də QHT-lər müxalifətdə olmalıdırlar. Vəkillər də hakimiyyətə müxalif olanlar kimi qəbul olunur, mən siyasi müxalifətçiliyi nəzərdə tutmuram. Bizdə yanlış yanaşma odur ki, müxalifət deyəndə, yalnız siyasi partiyaları düşünürlər. Halbuki, müxalifət deyəndə vəkillər, media, QHT-lər, ziyalılar nəzərdə tutulmalıdır. Müstəqil vəkilliyin olmadığı bir ölkədə müstəqil məhkəmə ola bilməz. Çünki məhkəmə hakimlərinin özbaşınalığının qarşısında dayanan əsas qüvvə güclü vəkillikdir.
–
Bəs Vəkillər Kollegiyası bu prosesdə hansı rol oynayır?
– Vəkillər Kollegiyası ictimai birlik olmasına baxmayaraq, qurumun “pultu” hakimiyyətin əlindədir. Vəkillər Kollegiyasının sədri, Rəyasət Heyətinin xeyli üzvləri dövlət orqanlarında çalışırlar və dövlətdən maaş alırlar. Kollegiyanın sədri MSK üzvüdür, seçki komissiyası isə 20 ildir seçkiləri saxtalaşdırır və Avropa Məhkəməsində seçkilərin saxtalaşdırılması haqqında saysız-hesabsız işlər var. Təbii ki, kollegiyanın sədri həmin saxtalaşdırmada iştirak edir. Belə bir situasiyada kollegiyanın rəhbərliyinin seçki saxtakarlığına qarşı çıxan vəkillərə anti-simpatiyası olmalıdır. Xüsusən siyasi məhkəmə proseslərində iştirak edən vəkillərin əksəriyyəti Vəkillər Kollegiyası tərəfindən cəzalandırılır, onlara cinayət işi açılır, nəhayət, qurumdan uzaqlaşdırılır.
–
Bütün bunların fonunda çıxışınız Azərbaycan hüquq sisteminin “burulğana” düşməsi təəssüratı yaratmırmı?
– Azərbaycanda bütün sistem “burulğandadır”, ölkədə korrupsiya idarəçilik vasitəsidir, hökumət korrupsiya yolu ilə toplumu idarə edir. Rejim hamını çirkaba batırır, sonradan da “gözüqıpıq” edir, ardınca da həmin adamlardan-müəllimlərdən, həkimlərdən seçki saxtalaşdırılmasında istifadə edir. Məhkəmələr, hüquq-mühafizə orqanları korrupsiya girdabındadır, qəsdən korrupsiya üçün şərait yaradılır və onlardan opponentlərini sıradan çıxartmaq üçün istifadə olunur. Bir sözlə, hakimiyyət iyrəncdir, murdardır və cinayətkardır, çünki hər yerdə cinayətkar bir sistem yaradıb. Bu “burulğan”dan qurtulmağın yolu bu cinayətkar sistemdən qurtulmaqdır.