İmran Əliyev: Hərbi xidmətə yararsız olduğum halda əsgərliyə aparırlar

“Tələm-tələsik şəkildə hərbi xidmətə cəlb olunmağımı qanunazidd hesab edirəm”

Foto: İmran Əliyevin “Facebook” səhifəsindən
İmran Əliyev
İmran Əliyev

“Tələm-tələsik şəkildə hərbi xidmətə cəlb olunmağımı qanunazidd hesab edirəm”

Gənc fəal İmran Əliyev hərbi xidmətə yararsız olduğu halda əsgərliyə aparldığını söyləyir. Bildirir ki, bugünədək 3 dəfə müayinədən keçib və hər birində yararsız olduğu deyilib. Bir də 2020-ci ildə müayinədən keçəcəkmiş. Amma bu günlərdə onu növbədənkənar yoxlanmağa dəvət ediblər. Bu zaman məlum olub ki, hərbi xidmətə məhdud yararlıdır.

“Əsgər gedirəm. İndiyə qədər hərbi xidmətdə olmamağım səhhətimlə əlaqəli olub. Bir neçə həftə öncədən başlayaraq müxtəlif tibbi yoxlanışdan keçdikdən sonra məlum oldu ki, hərbi xidmətə məhdud yararlı imişəm. Bundan öncə 2011, 2014 və 2017-ci illərdə tibbi müayinədən keçmişəm və ürəyimdəki ciddi problemlərə görə yararsız hesab olunmuşam. Növbəti tibbi yoxlanış isə 2020-ci ilə təyin olunmuşdu”, – İmran Əliyev belə deyir.

Gənc fəal bildirir ki, bir neçə həftə öncə təcili şəkildə hərbi komissarlığa çağırılıb. Yenidən növbədənkənar tibbi müayinədən keçməyi tələb edilib.

“Daha sonra üç müxtəlif tibbi müəssisədən tibbi yoxlamadan keçdim. İlk olaraq Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamadan keçdim, nəticədə şifahi şəkildə yararsız olduğum bildirildi. Müayinə zamanı mənim haqqımda Səhiyyə Nazirliyindən “tapşırıqlı” zəng gəldiyini bildirdilər, sonra “City Hospital” və 26-saylı Poliklinikada tibbi müayinədən keçdim. Rəy verdilər ki, hər bi xidmətə məhdud yararlıyam”.

İ.Əliyev deyir ki, yaxın zamanda hərbi xidmətə gedir və daim vətənin keşiyində durmağa hazırdır:

“Amma sağlamlıq durumumda problemlər qaldığı halda, tələm-tələsik şəkildə hərbi xidmətə cəlb olunmağımı qanunazidd hesab edirəm”.

İmran Əliyev hesab edir ki, ona qarşı atılan bu addım sifarişlidir, tapşırıq əsasındadır:

“Diaqnozu da həkimlər tərəddüdlə verirdilər. Deyirdilər ki, Səhiyyə Nazirliyindən deyilib, yuxarıdan tapşırıq verilib. Onlar doğru olan bir şeyi yazmağa çəkinirdilər, hamısı təlaş içində idi. Üç dəfə baxışdan keçirdilər. Ürək həkimləri dioqnozu qorxu və tərəddüd içində yazdılar. Amma şifahi şəkildə dəfələrlə əsgərliyə yararsız olduğumu söylədilər. Mənə rəsmi olaraq heç nə gəlməyib. Ancaq zənglə filan yerdə yoxlan deyiblər. Başdangetdi yoxlanışlardan sonra məlum oldu ki, əsgərliyə məhdud yararlıyam. Hamısı tapşırıq almışdılar deyə, sonda nəticə belə oldu”.

46400

İmran Əliyevin xəstəlik dioqnozu “Neyro-sirkulyator distonik tipli mitral qapağın prolapsı, sinus aritmiyası”dır.

Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ

NİN 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə müəyyən olunan xəstəlik siyahısında hərbi xidmətə yarasız kateqoriyadadır. Cədvəldə 42-ci bənddə bu barədə deyilir:

“Qan dövranı sisteminin xəstəlikləri, revmatizm, ürəyin revmatik, qeyri-revmatik miokarditlər, endokarditlər, o cümlədən bakterial (infeksion) endokardit xəstəliyi (revmatik perikardit, mitral, aortal və digər qapaqların revmatik qüsurları) olan insanlar hərbi xidmətə yararsızdır”.

Hüquqşünas Ələsgər Məmmədli də deyir ki, belə ciddi problem olan birinin əsgərliyə aparılması doğru deyil:

“Sabah həmin şəxsin hərbi xidmət zamanı ürək problem yarananda nə edəcəklər? Maraqlıdır, onun hərbi xidmətə yararlı olduğunu göstərən sənədin altına imza atanlar hansı məsuliyyətə cəlb ediləcəklər? Bu gün onlar öz məsuliyyətlərini dərk etmirlər”.

Daha öncə də oxşar hal yaşanmışdı. Azərbaycanlı gənc fəal

Ülvi Həsənli

də sağlamlığında problem olmasına baxmayaraq, həqiqi hərbi xidmətə çağırılmışdı.

O, hərbi xidmət keçmək üçün döyüş bölgəsinə göndərilmişdi. Baxmayaraq ki, 2017-ci ilin sentyabrında Ü.Həsənli tibbi müayinə keçdikdən sonra 2019-cu ilə qədər hərbi xidmətdən azad edilmişdi. Çünki müayinə zamanı böyrəklərində problem və sidik kisəsində daş olduğunu aşkar edilmişdi. Buna baxmayaraq, 2017-ci ilin oktyabrında Ü.Həsənli saxlanılaraq, hərbi hissəyə aparılmışdı.

Ülvi Həsənli də gənc fəaldır. 2013-cü ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür.

NİDA Vətəndaş Hərəkatı isə 2011-ci ilin fevralında, Bakıda bir qrup gənc fəal tərəfindən yaradılıb. Hərəkatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir. Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.


Amnesty International

bu cür addımlarda hesab edir ki, belə qərarlar gənclərin vətəndaş kimi fəallığının nəticəsidir. Azərbaycan hakimiyyəti hərbi xidmətə çağırışı gənc fəalların təqib olunması üçün istifadə edir.

Ana səhifəXəbərlərİmran Əliyev: Hərbi xidmətə yararsız olduğum halda əsgərliyə aparırlar