Gənc fəal Ülvi Həsənli zorla hərbi xidmətə aparılır

“Heç bir hal fiziki zor tətbiq etməklə hərbi xidmət keçməyə məcbur edə bilməz”

Source:


“Heç bir hal fiziki zor tətbiq etməklə hərbi xidmət keçməyə məcbur edə bilməz”

NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli oktyabrın 26-da hərbi polis tərəfindən saxlanılıb. O, məcburi şəkildə hərbi xidmətə aparılıb.

Bu barədə Meydan TV-yə Ülvi Həsənli özü məlumat verib.

Bildirib ki, sonuncu dəfə 2016-cı ilin sentyabrında Gəncə şəhər Hərbi Komissarlığında yoxlamadan keçib və ona 3 illik möhlət hüququ verilib:

“Şiddətli revmatizmə görə, 2017-ci ildən hərbi xidmətə yararsız olduğum bildirilib. Kəpəz Rayon Hərbi Komissarlığından oktyabrın əvvəlində mənə zəng etdilər. “Səndən şikayət var, yenidən komissiyadan keçməlisən. Haqqındakı möhlət qərarı ləğv olunub”, – dedilər. Bundan sonra Hərbi Hospitalın komissiyasında yoxlamadan keçdim. Böyrəyimdə daş olduğu bildirildi. Sonradan eşitdim ki, Hərbi Hospitalda bunu mənə deyən həkim xanımı danlayıblar. Halbuki yay aylarında böyrək tutmam olmuşdu, böyrəyimdən daş düşmüşdü”.

Ülvi Həsənli deyir ki, 2 gün öncə, oktyabrın 24-də ondan Abdullayev adına Elmi-Təhqiqat Kardioloji İnstitutunda müayinədən keçməyi tələb ediblər. Ancaq böyrək problemi barədə heç nə deməyiblər:

“İnstitutda müayinədən keçsəm də, böyrəyimdəki problemi qeyd etmədilər. Mən həkimə bu barədə söyləsəm də, UZİ-dən keçirib heç bir problem olmadığını dedilər. Həkim buraya ürəklə bağlı göndərildiyimi söylədi. Dünən bütün günü Abdullayev adına Elmi-Təhqiqat Kardioloji İnstitutunda olmuşam”.

Ülvi Həsənli oktyabrın 26-da, səhər saat 12-də üç hərbçinin onu saxlayaraq, məcburi şəkildə Səfərbərlik Xidmətinə apardığını deyir:

“Orada 2017-ci ildə komissiyalardan necə keçməyim haqda izahat yazdırdılar. Bir-iki saat gözlətdilər. İdarədən çıxanda Gəncə Şəhər Hərbi Komissarlığının rəisi mənə “Bakı Hərbi Polisinə gedirik”, – dedi. 15-20 dəqiqə orda saxladıqları zaman mübahisə etdim ki, ailəm və dostlarım var. Məndən narahatdırlar. Bəlkə oğurlayıb, harasa aparırsınız. Bu insanları məlumatlandırmalıyam. Mənə Bərdə polisinə getdiyimizi dedilər”.

Ülvi Həsənli başına gələnlərlə bağlı artıq vəkilini məlumatlandırıb:

“Məsələ ondadır ki, heç bir yoxlamadan keçirmədən məni hərbi xidmətə aparırlar. Heç şəxsiyyət vəsiqəmi də soruşmurlar. Bəlkə mən başqa adamam?”

Ülvi Həsənlinin vəkili Elçin Sadıqov isə Meydan TV-yə deyib ki, qanunun tələbinə görə, heç kəsi fiziki zor tətbiq edib, öz iradəsi xaricində hərbi xidmətə apara bilməzlər. Şəxs növbəti dəfə hərbi xidmətdən yayınıbsa, barəsində cinayət işi aça bilərlər. Ancaq heç bir hal fiziki zor tətbiq etməklə hərbi xidmət keçməyə məcbur edə bilməz. Ülvi Həsənlinin 2019-cu ilədək möhlət hüququ var. Düşünürəm ki, bütün bunlar nəzərə alınmadan onun qanunsuz hərbi xidmətə aparılması son zamanlar NİDA-nın tədbirlərində fəal iştirakına görədir”.

Vəkil baş verən qanunsuzluqla bağlı müvafiq hüquqi addımlar atacaqlarını da bildirib.

İş vaxtı bitdiyindən məsələyə Gəncə şəhər Hərbi Komissarlığından və Bərdə rayon Polis İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Ülvi Həsənli 2013-cü ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür.

NİDA Vətəndaş Hərəkatı isə 2011-ci ilin fevralında, Bakıda bir qrup gənc fəal tərəfindən yaradılıb. Hərəkatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir.

Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.

Ana səhifəXəbərlərGənc fəal Ülvi Həsənli zorla hərbi xidmətə aparılır