İlqar Məmmədov hökm oxunandan dörd il sonra




Human Rights Watch”un Cənubi Qafqaz məsələləri üzrə direktoru



Georgi Qoqia: “İlqar Məmmədovun davam edən həbsinə bəraət qazandıracaq heç nə yoxdur. O, azad edilməlidir”

4 il əvvəl, martın 17-də Real hərəkatının lideri İlqar Məmmədova hökm oxunub.

Ona ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə maddələri ilə ittihamlar irəli sürülüb.


Həbsin tarixçəsi

23 yanvar 2013-cü ildə İsmayıllı rayonunda kütləvi iğtişaşlar başlayır. Əhali yerli hökumətin istefasını tələb edirdi. Nəticədə 60 nəfər həbs edildi. Polis və daxili qoşunlar etiraz aksiyalarını dağıtmaq üçün əhaliyə qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə etdilər.

Bəzi müxalifət partiyalarının və vətəndaş cəmiyyətlərinin nümayəndələri hadisə yerinə yollandılar. Onların arasında İlqar Məmmədov və Müsavat Partiyası başqanının keçmiş müavini Tofiq Yaqublu da vardı.

Тофиг Ягублу
Tofiq Yaqublu

Aksiyadan bir qədər sonra, fevralın 4-də İlqar Məmmədovla Tofiq Yaqublu həbs olunur.

“Hakimiyyət bizim hadisədən bir gün sonra İsmayıllıya getməyimizdən yararlandı. İttihamın bizə zərrə qədər aidiyyəti yox idi”, – Tofiq Yaqublu Meydan TV-yə danışdı.

“Human Rights Watch” Cənubi Qafqaz məsələləri üzrə direktoru

Georgi Qoqia İlqar Məmmədovun “ədavəti qızışdırmaqda günahlandırılmasını “gülünc” adlandırır:

“Tək biz yox, Avropa Məhkəməsi də təkid edir ki, ona qarşı irəli sürülən ittihamlar və oxunan hökm sırf onun fəaliyyətinə, yazdıqlarına və dediklərinə cavabdır”.

İnsan hüquqlarının müdafiəsi üzrə nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən “Amnesty International” onu vicdan məhbusu kimi tanıyıb. İnsan Hüquqların üzrə Avropa Məhkəməsi dəfələrlə onun dərhal azad edilməsi və hüquqlarının bərpa edilməsi ilə bağlı qərar qəbul edib. Amma bu qərarlar yerinə yetirilməyib.

“İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara gəlib ki, İlqar Məmmədov (müxalifət liderlərindən biri) susdurulmaq və hakimiyyəti tənqid etdiyinə görə cəzalandırmaq məqsədi ilə həbs edilib. Məhkəmə həmçinin qərara alıb ki, Azərbaycan onun həbsini və aldığı cəzanı əsaslandıracaq heç bir dəlil təqdim etməyib”, – Avropa İnsan Haqlarının Müdafiə Mərkəzinin (EHRAC) hüquqi məsləhətçisi Ramute Remezayte Meydan TV-yə bildirib.


İlqar Məmmədov əslində niyə həbsdədir?

2013-cü ildə Azərbaycanda növbəti prezident seçkilərində ReAl hərəkatı İlqar Məmmədovun prezidentliyə namizədliyini irəli sürmək qərarını verdi. Amma onun seçkilərdə iştirakı iki səbəbdən mümkün olmadı: İlqar Məmmədovun namizədliyini qeydiyyatdan keçirmədilər, daha sonra isə o həbs olundu.

“Bu hadisə ilə bağlı Azərbaycanın imici onsuz da ciddi zərbə alıb. Yenə Avropa Məhkəməsi, Avropa Parlament Assambleyası və başqa qurumlar onun azadlığını tələb edirlər. Bizimkilər də inadla onu buraxmırlar”, -politoloq Hikmət Hacızadə deyir. O hesab edir ki, Azərbaycan hakimiyyətinin İlqar Məmmədovu azad etməkdən imtina etməsi Azərbaycanın beynəlxalq nüfuzunun aşağı düşməsinə gətirib çıxaracaq:

“Sanksiyalar gözlənilir. Məsələn ABŞ-da “Maqnitski siyahısı” var, bəzi məmurlarımızı ora sala bilərlər. Cürbəcür iqtisadi sanksiyalar meydana gələ bilər. Bunlar hamısı gözlənilir. Qərb çox gec tərpənir, ləng tərpənir, amma tərpənəndə, artıq heç nə etmək mümkün olmur”.

2017-ci ilin sonlarında Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə Azərbaycan hökumətinə xəbərdarlıq etmək barədə qərar qəbul edir.

Ramute Remezaytenin sözlərinə görə, “bu ilk haldır ki, Avropa Şurası üzvü olan ölkəyə qarşı pozuntu işi üzrə aydınlaşdırma prosesinə başlayır”

“Bir müxalifət liderinin heç bir qanuni əsas olmadan həbsdə qalması 47 Avropa ölkəsini narahat edir. Nazirlər Şurası Məhkəməyə məsələyə baxmaq və qərar qəbul etməyi üçün müraciət edib”.

Artıq 2017-ci il dekabrın 7-də Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov bildirib ki, İlqar Məmmədov vaxtından əvvəl azadlığa çıxa bilər, amma şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmaq üçün xahiş etməlidir. İlqar Məmmədov isə xahiş etməkdən imtina edib.

Георгий Гогия
Georgi Qoqia

“Düzdür, indi İlqarın nə düşündüyünü bilmirəm. Amma kompromisə getməkdən imtina etməsi onun haqqıdır, kompromisə məcburən getməməlidir. Onun həbsi əsas hüquqlarının pozulmasıdır. Buna görə də heç bir şərt qoyulmadan azad edilməlidir. Ona öz karyerası, siyasi fəaliyyətilə məşğul olmasına imkan verilməlidir. Onun davam edən həbsinə bəraət qazandıracaq heç nə yoxdur. O, azad edilməlidir”, –

“Human Rights Watch”un Cənubi Qafqaz məsələləri üzrə direktoru Meydan TV-yə müsahibəsində deyib.

Ana səhifəVideoİlqar Məmmədov hökm oxunandan dörd il sonra