İlham Əliyevlə Nikol Paşinyan ilk rəsmi görüşlərini keçirəcəklər

Çünki şərtlər məqbul deyildi

Source: google.az

Rauf Mirqədirov: ''Görüşdən önəmli gözlənti yoxdur''

Avstriyanın paytaxtı Vyana şəhərində martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, görüş həmsədrlərin təklifi ilə keçiriləcək.

Bu, İlham Əliyevlə Nikol Paşinyan arasında ilk rəsmi görüş olacaq. Bundan əvvəl Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin müxtəlif tədbirlər çərçivəsində üç dəfə ayaqüstü, qısa danışıqları olub.

2019-cu ilin fevral ayında

Brüssel

ə səfər edən N.Paşinyan İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirakı məsələsini qaldıracağını bildirsə də, Avropa İttifaqının yüksək vəzifəli şəxsləri bu təklifin əleyhinə olduqlarını bəyan ediblər.

Avropada mühacir həyatı yaşayan siyasi icmalçı Rauf Mirqədirov Meydan TV-yə deyib ki, söhbət Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişdən gedirsə, 29 mart görüşündən önəmli gözlənti yoxdur:

“Məsələ heç də Vyana görüşünün tərəflər arasında tam formatlı ilk görüşün olmasında deyil. Sözsüz ki, bu da vacibdir. Amma tam formatlı ilk görüşdən irəliləyişlər gözləmək sadəlöhvlük olardı. Çünki bu tanışlıq xarakteri daşıyı. Paşinyan da “problemin özü ilə hələ tanış oluruq” açıqlamasını verib”.

Rauf Mirqədirov
Rauf Mirqədirov

R.Mirqədirovun sözlərinə görə, danışıqlarda ciddi irəliləyişin olması üçün obyektiv şərait yoxdur. Hər iki ölkədə hazırki daxili şərait tərəflərə ciddi güzəştlərə getməyə imkan vermir.

“Ermənistanda da, Azərbaycanda da oxşar proseslər gedir, elitalar təzələnir. Ermənistanda proses inqilabi çevrilişlə müşayət olundu, Azərbaycanda isə siyasi elita təmizlənir, “köhnə qvardiya”dan imtina olunur. Ermənistanda bu proses daxili narazılıq yaratdığından tərəflərin ağrılı, cəmiyyət üçün reaksiya doğuracaq Dağlıq Qarabağ məsələsində güzəştlərə getmək imkanları kifayət qədər məhduddur. Bunu Ermənistan mediasına baxmaqla görmək olar. Orada siyasilər daha çox Baş naziri Qarabağı satmaqla ittiham etməyə çalışırlar”.

R.Mirqədirov deyib ki, eyni zamanda, beynəlxalq aləmdə də Dağlıq Qarabağ probleminin həlli üçün obyektiv şərait yoxdur.

“Aparıcı geopolitik oyunçular münaqişə ilə əlaqədar vahid mövqe sərgiləmirlər, münaqişə onların regional qarşıdurmasında bir vasitə kimi istifadə olunur”.

İcmalçının sözlərinə görə, Azərbaycanda bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsinin Rusiya vasitəsi ilə həlli imkanları çox ciddi müzakirə olunurdu.

“Hakim partiyanın bir sıra üzvləri Azərbaycanı az qala Avrasiya Birliyində və Kollektiv Təhlükəsizlik Təşkilatında görmək istəyirdilər. Onlar hesab edirdilər ki, Paşinyan hakimiyyətə gələndən sonra Rusiya Ermənistandan üz döndərəcək və Bakı şəraitdən istifadə etməlidir. Artıq bu bəyanatlar azalıb. Deməli, Rusiyaya meylli qruplaşmanın ümidləri gerçəkləşmədi. Çünki şərtlər məqbul deyildi”.

Ana səhifəXəbərlərİlham Əliyevlə Nikol Paşinyan ilk rəsmi görüşlərini keçirəcəklər