İlham Əliyev üç rayona icra başçısı təyin etdi

Elgin Həbibullayev,Elxan İbrahimov və Coşqun Cəbrayılov. Fotolar report və modern.az-dan götürülüb

Ölkə başçısı onları videoformatda qəbul edib

Fevralın 18-də Nizami, Nərimanov və Kürdəmir rayonlarına yeni icra başçıları təyin olunub.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Elxan İbrahimov Kürdəmir, Coşqun Cəbrayılov Nizami, Elgin Həbibullayev isə Nərimanova icra başçısı təyin edilib.

Azərbaycan Kooperasiya Universitetinin məzunu olan Elxan İbrahimov əvvəllər Şamaxıda icra başçısının müavini vəzifəsində çalışıb.

E.İbrahimov buna qədər bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrini də tutub.

Coşqun Cəbrayılov yeni təyinata qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Nərimanov rayonunun yeni başçısı Elgin Həbibullayev isə 2003-2011-ci illərdə Gəncənin icra başçısı Eldar Əzizovun köməkçisi, daha sonra Sumqayıt İcra Hakimiyyətində müavin vəzifəsində olub.
2015-ci ildə Zakir Fərəcov Sumqayıta icra başçı təyin olunanda onu vəzifəsindən azad edib.
2018-ci ilin oktyabrında Eldar Əzizov onu paytaxtın Bakı Şəhər İcra Hakimiyyətində Aparat rəhbəri vəzifəsinə təyin edib.

Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımov 2020-ci ilin iyulun 11-də vəzifəsindən azad edilib.

Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu ilin yanvarın 19-da Abşerona icra başçısı təyin edilib.

2014-2020-ci illərdə Kürdəmirin icra başçısı vəzifəsində çalışan Ceyhun Cəfərov ötən ilin otyabrında il 8.6 ay azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətİlham Əliyev üç rayona icra başçısı təyin etdi