Kürdəmirin keçmiş icra başçısına hökm oxundu

Prokuror çıxışında sabiq icra başçısına 10 il həbs cəzası istəmişdi.

Ceyhun Cəfərov. Mənbə: Kürdəmir Rayon İcra Hakimiyyəti


Rayonda rəhbər vəzifədə olan digər şəxslər də azadlıqdan məhrum edildilər

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərov 8 il 6 ay azadlıqdan məhrum edilib. Oktyabrın 21-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hakim Cavid Səfərlinin sədrliyilə çıxarılan hökmə əsasən, sabiq icra başçısı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311.3.1 (bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) maddələrilə təqsirli bilinib.

Ceyhun Cəfərovla yanaşı, onun müavini olmuş Tacəddin Novruzov və İcra Hakimiyyəti Aparatının keçmiş şöbə müdiri Natiq Kərimov da eyni maddələrlə təqsirli sayılıb, hər birinə də 8 il 6 ay həbs cəzası kəsilib.

İcra başçısı ilə eyni vaxtda cinayət məsuliyyətinə cəlb olunmuş daha 7 nəfərdən rayonun Mərkəzi Xəstəxanasının sabiq direktoru Eynulla Novruzov və həmin tibb müəssisəsinin baş həkimi Məhəmməd Musayev, Təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev və baş mühasibi Rəcəb Hüseynovun hər biri 8 il 3 ay azadlıqdan məhrum edilib. Yaşıllaşdırma idarəsinə rəhbərlik etmiş Emin Sadıqov 4 il, Mənzil İstismar sahəsinin keçmiş rəisi Sərvər Məmmədov 2 il 6 ay həbs cəzası verilib. Təqsirləndirilən şəxslərdən yalnız bir nəfərə – Kommunal Müəssisələr Kombinatının direktoru olmuş Məhəmmədəli Surxayevə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilib. Ona 2000 manat cərimə və 3 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.

Prokuror çıxışında sabiq icra başçısına 10 il həbs cəzası istəmişdi.

Sabiq icra başçısı və onunla birlikdə cinayət məsuliyyətinə cəlb edilənlər icra hakimiyyətinə tabe olan qurumlara ayrılmış vəsaitləri mənimsəməkdə, rayon ərazisində fəaliyyət göstərən səhiyyə, təhsil və digər dövlət orqanlarından, özəl təşkilatlardan rüşvət almaqda, tikinti ilə bağlı qanunsuz sərəncamlarla torpağın üst münbit qatına ziyan vurmaqda təqsirləndirilirlər.

Həbs olunanların bir sıra əmlaklarının üzərinə həbs qoyulub.

Keçmiş icra başçısı məhkəməyə ifadəsində özünü təqsirli bilməyib.

1965-ci il təvəllüdlü Ceyhun Cəfərov 2011-2014-cü ildə Tərtər rayonunun icra başçısı olub. 2014-cü ildə Kürdəmirə icra başçısı təyin edilib və 2020-ci ilin avqustunda həbs olunana qədər bu vəzifədə çalışıb.

Ana səhifəSiyasətKürdəmirin keçmiş icra başçısına hökm oxundu