Emin Hüseynovu xüsusi nümayəndə təyin edilib
Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bu barədə dövlət başçısı İlham Əliyev dekabrın 1-də sərəncam imzalayıb.
İlham Əliyev digər sərəncamıyla 24 may 2656 nömrəli Sərəncamını ləğv edib.
Sənəd Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsini özündə ehtiva edirdi.
Emin Hüseynov 1974-cü ildə Sumqayıtda anadan olub.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
1998-ci ildə ABŞ-ın Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb.
Əmək fəaliyyətinə 1996-cı ildə Maliyyə Nazirliyindən başlayan Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycan ofisində, 2001–2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində iqtisadçı işləyib.
Emin Hüseynov 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində iqtisadi və maliyyə sistemləri, 2009-cu ildən isə liderlik mövzuları üzrə təlim kursları keçirib.
O, 2016-cı ildə maliyyə nazirinin müavini təyin olunub.
2 il sonra I vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin edilib.
2021-ci ilin 24 mayından Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi vəzifəsini daşıyır.
Ağdam rayonu 1930-cu ildə yaradılıb.
İri yaşayış məntəqələri Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı kəndləridir.
İşğaldan əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.
Ağdam rayonu 1993-cü ilin iyulun 23-də işğal edilib.
Ötən ilin 20 noyabrında 44 günlük savaşdan sonra geri qaytarılıb.