İlham Əliyev: Danışıqlar Azərbaycanla Ermənistan arasında aparılmalıdır

Ermənistanla danışıqlara toxunan İlham Əliyev bəyan edib ki, Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur

Source: foto: prezident.az

''Bizim torpaqlarımızı Ermənistan işğal edib''


Aprel döyüşləri

bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir.

Bunu Azərbaycan Prezidenti

İlham Əliyev

aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində əsgərlər qarşısında çıxışı zamanı deyib.

Prezident deyib ki, aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi.

“Çünki əlverişsiz mövqelərdən bizim hərbçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edilib, on minlərlə hektar ərazi nəzarətimizə keçdi”.

Ermənistanla danışıqlara toxunan İlham Əliyev bəyan edib ki, Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur.

“Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır”.

Prezident deyib ki, danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır.

“Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəyib. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edib. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır”.

Onun sözlərinə görə, son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi.

“Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”.

Martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Minsk qrupunun həmsədrlərinin iştirakı ilə danışıqlar aparılıb.

Danışıqlardan sonra

N.Paşinyan

bəyan edib ki, Vyana danışıqlarına qarabağ ermənilərinin iştirakı məsələsi ilə gedib.

“Bu tələb deyil və danışıqların formatının dəyişdirilməsi deyil. Bu sadəcə olaraq danışıqların effektliyinin artırılması cəhdidir”.

Martın əvvəlində Brüsseldə səfərdə oplan N.Paşinyan

Avropa İttifaqı

rəsmilərindən bu təklifə rədd cavabı almışdı.

Avropa İttifaqının “Avropa qonşuluğu və genişlənmə” məsələləri üzrə komissarı Yoxanes Xan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Frederika Mogerini danışıqlarda formatın dəyişdirilməsinin yolverilməz olduğunu və Azərbaycanla danışıqların ilkin şərtlər irəli sürülmədən aparmağın vacibliyini qeyd ediblər.

Ana səhifəXəbərlərİlham Əliyev: Danışıqlar Azərbaycanla Ermənistan arasında aparılmalıdır