Həyat yoldaşını itirən Leyla Musayeva iki oğlu ilə şəraitsiz evdə yaşayır. Onun sözlərinə görə, yağış yağanda su evə axır, ev isə nəmişlikdir. Ailənin tək gəliri uşaqlara atasızlıq müavinətinə görə verilən 160 manatdır. Ancaq bu pul onların dolanışığı üçün bəs etmir. Qadının sözlərinə görə, o, bu pulla nə işıq pulunu, nə də su pulunu verə bilir. Üstəlik evdə qaz xətti olmadığından, ailə evdə qaz balonundan istifadə etməyə məcburdur.
Leyla Musayeva deyir ki, evlərinə gedən yol da bərbad vəziyyətdədir. Onlar evə təcili yardım çağıranda, yolların vəziyyətinə görə maşın ora gəlmir. Nə yolla, nə də evində qazının olmaması ilə bağlı maraqlanan yoxdur. Ailənin böyük oğlu İsmayıl Quliyev 9-cu sinifdə məktəbdən çıxıb, dəmir yığıb satmaqla evi dolandırmağa çalışır. İsmayıl deyir ki, bir il əvvəl maşın qəzasında ağır xəsarət alıb, buna görə də indi dəmir yığmağa da çətinlik çəkir: "Vəziyyət o yerdədir ki, mən heç işə getməyə ayaqqabı ala bilmirəm. Ayaqlarım qəzadan sonra dəmirdən təzə çıxıb, 50 metr gedən kimi belim qırılır".
İsmayılın sözlərinə görə, onun yaşıdları indi təhsil alır, amma atasının olmadığına və anasının işləmədiyinə görə o işləməyə məcburdur.
Leyla Musayeva isə sosial müavinət üçün müraciət etsə də, ondan rüşvət tələb etdiklərini deyir.