Şafak Pavey türkiyəli jurnalist, “Dünyanın ən cəsarətli qadın jurnalisti” seçilən Ayşe Unalın qızıdır. Uşaqlıqdan teatra, sənətə, rəqsə böyük həvəs göstərən Pavey çox gənc yaşında bir ingilislə ailə qurub, ərinin işləri ilə əlaqədar İsveçrəyə köçür. Orada kino təhsili alan Paveyin həyatının dönüş nöqtəsi də elə İsveçrədə olur.
Bir gün ərinin dostunu yola salmaq üçün qatar stansiyasına gedirlər və bu sırada qəza baş verir. 19 yaşlı Şafak bədəninin yarısını qatarın altında itirir. Ş.Pavey məlum qəzadan az sonra onu tərk edən sevimli həyat yoldaşını belə xatırlayır: “Ərimlə anlaşaraq ayrıldıq. O vaxt onun mənim qədər güclü olmamasına məyus olmuşdum. Amma ona heç vaxt nifrət etməmişəm”.
Yaşadığı qəza Sürix Universitet Xəstəxanasında dissertasiya mövzusu olan Şafak Pavey hadisədən cəmi bir il sonra protez qolunu və ayağını taxıb, təhsil almaq üçün xəstəxanadan qaçır. O, özünü insan haqlarına həsr etmək qərarına gəlir. Londanda beynəlxalq münasibətlər üzrə bakalavr və magistr təhsili aldıqdan sonra imtahan verib, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığında işə düzəlir. Beləcə, əngəllilər, azlıqlar, uşaqlar, şiddətə məruz qalan qadınlar, qaçqınlar, işgəncəyə məruz qalanlar və hüquqları tapdanan zərərçəkənlər onun mücadilə sahəsinə çevrilir. Könüllü olaraq, dünyanın ən qaynar nöqtələrində, Livan, Əfqanıstan, Misir, Əlcəzair, Yəmən, İraq, İran, Haiti kimi bölgələrdə xidmət edir. BMT-də bir neçə önəmli vəzifələrə sahib olur. Dünyanın bir çox ölkələrində işlədikdən sonra, nəhayət, oturaq işə başlayır, BMT-nin Əngəlli İnsan Haqları üzrə katib təyin edilir. Lakin çox keçmədən, 2011-ci il Türkiyənin Cümhuriyyət Halk Partisi (CHP) tərəfindən siyasətə dəvət alır. Bəlkə də çoxlarının onun yerində olmaq istədiyi halda, BMT-dəki vəzifəsindən istefa verib, 15 ildir qoyub, getdiyi vətəninə qayıdır. 2011-ci ildən CHP-dən millət vəkilidir. Hazırda həm də CHP başqanı Kamal Kılıçdaroğlunun əsas yardımçısı vəzifəsində çalışır. Ş.Pavey təmsil etdiyi partiyanın sədrini belə xarakterizə edir : “İlk dəfə mitinqdə bir araya gəldik. Görüşmək üçün sol qolumu, yəni protez qolumu tutmaq istədiyində, özümə “bəli, doğru yerdəyəm” dedim”.
Şafak Paveylə yaşadıqlarından, incəsənət sevgisindən, Türkiyə gündəmindən, CHP-dən danışdıq.
– Ölkənizdə sizi adət olunmuş millət vəkili anlayışını dağıtmış biri kimi tanıdırlar. Sizcə, bu, nə ilə bağlıdır?
Doğrusu, nəyi isə dağıtmaq üçün yola çıxmamışdım. Özüm necə yaşayıramsa, millət vəkili olmağı da eyni həyat tərzinin içinə yerləşdirdim. Vəkil olmaq məni deyil, mən vəkil olmağı təyin etdim desəm?! İnsanın yıxıldığı yerdən başlamağı fövqəladə güclü bir şeydir. Çünki təkrar yıxılanda, onu necə bir yer gözlədiyini və bunun öhdəsindən necə gələcəyini bilir. Bu da onu heç yıxılmamışlardan bir addım öndə edir. O zaman başqalarından daha artıq bir şey bilmiş olursunuz. Türkiyədə çox böhranlı bir dövrdə olduğumuzu düşünürəm. Artıq altı boş bir millət vəkilliyinə inanıb, tovuzquşu ədasıyla ortalıqda gəzməyin cəmiyyətə bir faydası yoxdur. Özünüz kimi insanlar üçün, özünüzün də daxil olduğu haqları qorumaq və müdafiə etmək üçün son dayanacaqdasınız. Bunun bir həyatda qalmaq, ya da yox olmaq nöqtəsinə çatdığını bilirsinizsə, köhnə qəliblərə sığışmağınızın təmamilə gülünc bir səfəhlik olacağını bilməlisiniz.
– Həyatınıza baxınca, sizi bir az Frida Kahloya bənzətmək olar. Keçmişdə başınıza gələnlərlə bağlı təkrar-təkrar sizə verilən sualları soruşub, bəlkə də bununla sizi incitmək istəməzdim. Amma yaşadıqlarınız heç də asan bir şey deyil idi. Bu qədər güclü olmağı necə bacardınız?
Zənn edirəm, instinktlərim və səbrimin sintezindən ibarət bir duyğu güc verir mənə. Düşünürəm ki, yaşadıqlarımın içindən keçərkən bunların qeyri -adi bir şey olduğunun fərqində olmamışam. Çox sonralar çevrəmdən möhtəşəm təqdirlər alınca, “Doğrudan mı, önəmli bir şey etmişəm?” deyə, özümə sual verdim. Və daha sonralar bənzər sıxıntılardan keçən insanlar təcrübəmlə maraqlananda, özüm də bir mübarizdən keçmiş olduğumun fərqinə vardım. Çünki hər birimizin təbiəti tərifsiz zəyifliklərlə yüklənib. Hər an təslim olmaq mümkündür. Amma elə bilməyin ki, düz bir xətlə yerimişəm. Hər birimiz kimi, yıxılıb, qalxmışam. Hətta, deyə bilərik ki, bir ayağım protez olduğu üçün hamımızdan daha artıq yıxılıb, qalxmışam. Bu qəza mənə həyatda önəmli və önəmsiz olanları ayırd etməyi öyrətdi. Qəzalar və ya fəlakətlər keçib gedəndən sonra, insanın özünü yanlış yerdə tapmağı hər zaman mümkündür. Yanlış bir yerə düşməmək üçün mənim sualım belə oldu: “İnsanların böyük əksəriyyəti həyatın müxtəlif çətinlikləri ilə üzləşəndə, nə edirlər?” Dözümlülüklərini qoruyurlar. Cavab hamımız üçün son dərəcə aydın idi. Amma həqiqətdə belə olmadığını da hamımız bilirdik. Dözümü haradan əldə edəcəyimə dair heç bir cavabım yox idi. Açığını desəm, onu harada axtaracağıma dair də bir fikrim yox idi. Qəlbimin və ya beynimin kimyasında mı, yoxsa, genetikamda mı? Yolu nə olursa, olsun, insanın çətinliklərə qarşı müqavimət göstərmək gücünü artıracaq bir yol tapmaq fikri uğrunda mübarizə aparmağa dəyər bir şeydir. Sadəcə ölümün kandarından dönmüş biri olaraq, bizə hədiyyə edilən həyatın çox dəyərli olduğunu və yerli-yersiz pessimistliklərlə məhv olmağa haqqımız olmadığına inanıram. Bəlkə bu, məni nikbin və ümidli edir.
– 17 Dekabr hadisələrindən sonra Türkiyədə zəncirvari şəkildə bir neçə olay baş verdi. Sonuncu belə hadisələrdən biri də internetdə AKP hökümətinin mediaya təzyiq etdiyini iddia edən səs yazılarının yayılması oldu. Siz necə şərh edərdiniz, bu gün Türkiyədə nələr baş verir?
Hər kəs Türkiyədə rejimin böyük bir xalq dəstəyi ilə dəyişdiyinə inanır. Mən isə rejimin sadəcə İslami siyasətçilərin Tanrı naminə davrandıqlarına xalqı inandırmaqları ilə deyil, nəhəng bir qara təbliğat paketi ilə də dəyişdiyinə inanıram. Kimlər isə buna hərbi qəyyumluğun aradan qaldırılması deyə bilər. Ortalıqda gəzən təbliğat sözlərinin heç bir mənası yoxdur. Həqiqət sadəcə kazarmaların siyasi olaraq neytrallaşdırılması deyil, bütün cəmiyyətin məscidlər tərəfindən təslim alınmasıdır. Bu təslim alma əməliyyatı ərzində saxta dəlil yaratmaqdan, hüququ yox etməkdən, xəbər almaq haqqını tamamilə manipulyasiya etməyə qədər, hər sahədə Camaatla şərik işləyibilər. İndi isə hökumətin öz yaratdığı divə ehtiyacı qalmayıb. Gördüyümüz bütün toqquşma budur. Hərbi diktatorluq siyasi düşüncəmizə, dini diktatorluq bütün həyatımızə nəzarət edər. İndi yaşadığımız budur. Sadəcə jurnalistin düşüncəsinə deyil, televiziyanın xəbər lentində nə keçdiyinə belə, nəzarət edən bir rejimdə yaşayırıq. Baş nazir səmimiyyətlə İslam cəmiyyətlərinin belə idarə edilməsinin lazım olduğuna inanır. Lakin dünya bu idarəetməni anlamayacağı üçün, xəyali düşmənləri irəli sürür.
– Bir müddət öncə “Zaman” qəzetinin jurnalisti Mahir Zeynalovun Türkiyədən çıxarıldığını eşitdik. Bu haqda nə deyə bilərsiniz?
Məncə, Zeynalova yad biri kimi deyil, yaxın qohum kimi davrandılar. (gülür.red) Yəni, hökümət bizim jurnalistlərə nə edirsə, ona da ayrıseçkilik qoymadan, eyni şeyi etdilər. Hökümət özünə qarşı olanlar arasında ayrıseçkilik qoymur. ABŞ səfirini də vəzifəsindən azad edib, ölkədən çıxarmaq istədi, amma edə bilmədi.
– Siz həm də CHP-nin başqan yardımçısısınız. Qarşıdan 30 Mart- Türkiyədə Yerli Özünü İdarəetmə Orqanlarına (TYÖİO) seçkilər gələr . CHP bu seçkilərə necə hazırlaşır?
İnsanlar bu seçkilərlərin rejimin son imtahanı olacağını düşünürlər. Mən hər kəsin düşündüyündən fərqli düşünürəm. Məncə, bu seçki sonuncu sekulyarların özlərini nə qədər qoruya biləcəklərini göstərən bir seçki olacaq. Lakin digər tərəfdən bu, Adalet ve Kalkınma Partiyasının (AKP)-nın öz içində də bir imtahandır. Biz bu seçkilərə yolsuzluq, “krışalıq”, ifadə azadlığı, toplaşma azadlığı, sərbəst həyat tərzi kimi mövzularda təməl dünyəvi hüquqları xatırladaraq hazırlaşırıq. Yəni, bir TYÖİO seçkidən daha çox, bir əsas seçki kimi.
– Bəzən Türkiyədə CHP-ni özünü ifadə edə bilməməkdə günahlandırırlar. Maraqlıdır, ümumiyyətlə, bu gün ölkənizdə bir müxalifət partiyasının, dəqiq desək, CHP-nin özünü ifadəsi üçün bərabər imkanlar varmı?
Qanunlar üzərində işləyə bilmək üçün əlimiz-qolumuz bağlıdır. 2011-dən bəri, toplumun içində olan sıxıntıları, vəziyyətin pərişanlığını əks etdirən hesabatları, vəziyyətin düzəlməsini hədəfləyən sorğu və təkliflərimizi veririk. Nəticə isə sıfırdır. İktidar müxalifətin ən insancıl xahişini belə, yerinə yetirmir. Biz bu mövzuda israr etdikcə, onlar da eşitməməyə davam edirlər. Təəssüf ki, məclisdəki səsvermə bölgüsü əl-qolumuzu bağlayır.
Amma bir müxalifət partiyası əgər səs yetərsizliyinə görə məclisdə yox sayılırsa, mediya aləmində səsi eşidilməlidir. Bu da mümkün deyil. Sadəcə nümunə üçün demək istəyirəm. Keçen il İzmirin “Expo yarışı” üçün Parisdə bir təqdimatda çıxış etmişdim. Çıxışım çox bəyənilmişdi. Amma bu, Türkiyədə heç mövzu olmadı. Mən də üzərində dayanmadım. Üstündən Aylar keçəndən sonra AKP-dən ayrılan yüksək rütbəli bir məmur mənə o çıxışla bağlı bütün mediya quruluşları ilə əlaqə saxlanılaraq, xəbər hazırlanmaması təlimatının verildiyini dedi. Çox təəccübləndim, çünki o çıxış AKP-yə qarşı deyil, tam əksinə birlikdə İzmir adına bir beynəlxalq mesaj idi. Amma müxalifət millət vəkilinin bəsit bir bəyənmə almasına dözə bilməmişdilər. Fikrimcə, bu nümunə ictimai qaynaqların, ictimai qurumların, təhlükəsizliyin, məhkəmənin, mediyanın istifadə edilməsi gücü ilə bağlı olaraq, aramızdakı uçurumu göstərməyə yetərlidir.
– Bəs, sizin, yəni, CHP-nin Türkiyə üçün idarəetmə modeliniz necədir? İqtidara gəldiyiniz halda proqramınız necə olacaq?
Mənim ən çılğın arzum beton ehtirasından, göydələn alış-veriş mərkəzlərindən, bina mənfəətindən imtina edib, geniş torpaqlarını başdan-
başa əkinçiliyə və yenidən yaşıllandırmağa, təbiətini qorumağa həsr etmiş, öz toplumu ilə birlikdə, dünyanın bir neçə ölkəsini də doyura bilən bir Türkiyə arzusudur. Bunun üçün dünyada müxtəlif modelləri izləyirəm. Məsələn, Cənubi Koreyanın gəldiyi nöqtə məni olduqca, həyacanlandırır. Türkiyə və Koreya inkişafa demək olar ki, eyni dövrdə başlayıblar. O dövrdən bu günə qədər 60 il keçib. İki ölkənin formalaşma sürətləri fərqliliklərlə irəlilədi. Başlanğıcda Türkiyədən üç qat daha yoxsul və ağır bir vətəndaş müharibəsindən yeni çıxmış olan Cənubi Koreya bu gün dünyanın sayılan ölkələrindəndir. Halbuki, həmin Koreya düz dört dəfə dövlət çevrilişləri ilə sarsılmışdı. Bir çox insan həyatını itirmiş, illərini həbsxanalarada məhv etmişdi. Bizdə dövlətin bölünməsi fobiyası var. Halbuki, koreyalılar nəticəsi çox ağır olmaqla lap əvvəldən bölünmüşdülər. Bütün bu acılardan keçmiş Koreya bu gün liberal bir ölkə olaraq, elm və sənaye nəhəngi olmaq yolunda sürətlə irəliləyir. 1954-cü ildə Koreyada adambaşına düşən milli gəlir 75, Türkiyədə isə 245 dollar idi. 2010-cu ildə isə Koreyada adambaşına düşən gəlir 20 min, Türkiyədə isə 9 min dollardır. Koreya dünyanın ixtira gücünə görə 11-ci, araşdırmalara ən yüksək pay ayırmasına görə 10-cu ölkəsidir. Koreyada adambaşına ARGE ( Elmi-Tədqiqat) 214, Türkiyədə isə 17, 5 dollardır. Aramızdakı bu fərq hansı fərqli siyasətlərin nəticəsində yarandı? Bölünmüş şimal hissəsi yoxsulluq içində yaşadığı halda, cənub bu rifah səviyyəsini hansı siyasətlə əldə etdi? İnsanlıq sərbəst elmdən ictimai problemlər üçün köklü ixtiralar, yeni fikirlər gözləyir. Dünyanın hər hansı bir yerində əldə edilmiş haqlar, azadlıqlar və ixtiralar dünyanın hər yerində ola bilməlidir. Hədəfimiz həmişə ən yaxşı nümunələri götürməkdir. Mən qarşımıza bir maneə çıxanda, umitsizliyə qapılmamağı öyrəndim. Maneənin çevrəsində fıralnıb, yeni bir yol tapmaq həmişə mümkündür. Mən romantik bir sekulyaram və dünya dövlətində, beynəlxalq çevrədə işləmişəm. Müxtəlif sahələrdəki insan hüquqlarına və uzun müddətli sülhə dair qlobal siyasət müəyyən etmişik. Dolayısıyla, indi tək dərdim bu təcrübəmi Türkiyənin, bizim torpaqlarımızın da işinə yaraması üçün vətənimə gətirməkdir. İstəyirəm ki, biz getdikdən sonra da bizdən sonrakı nəsillərin getdikcə qaynaqları azalan və əhalisi artan bu dünyada insan kimi yaşaya bilməklərini təmin etmək üçün gözəl, təmiz bir sistem qurmaqda mənim də bir xidmətim olsun. Bütün bunların CHP-də bir anlam tapacağına inanıram. Uzun müddətdir başıaşağı duran sosial demokratiya dəyərlərinin bu kimi xidmətlərlə düzəlib, həqiqi yerinə oturacağına inanıram. Qatıldığım partiya ilə bölüşdüyüm gələcək arzusu budur.
– Azərbaycandakı hadisələri izləmək imkanınız olur mu?
Əslində, Azərbaycanı bir mütəxəssislik sahəsi kimi izlədiyimi deməyim doğru olmazdı. Amma qəribə bir duyğusal və mədəni bağla harada Azərbaycan xəbəri görsəm, oxuyuram. Bu, bir az əmi uşaqlarından xəbər almaq kimi bir hissdir. 2013-cü ilin iyununda Çinə getmişdim. Kiçik mədəni sıxıntılarda sığındığımız yer Azərbaycan heyəti oldu. O vaxt da aramızda “ nə vaxt başınıza bir iş gəlir, bizə tərəf gəlirsiniz” deyə, bir zarafat mövzusu da oldu. Əmi uşaqları ilə tez-tez görüşmürük, amma görüşəndə də, yüz ildir birlikdə imiş kimi bir hiss var sanki. Bunu çox sevirəm.
– Azərbaycan Sülh və Demokratiya İnstitutu Azərbaycandakı siyasi məhbusalrın siayhısını açıqladı. 134 nəfər. Prezident İlham Əliyev isə deyir ki, Azərbaycanda siyasi məhbus yoxdur. Siz nə deyə bilərsiniz?
Son illərdə sizdə də jurnalistlərin, müxalif aktivistlərin və bloggerlərin mövqelərinə uyğun olmayan xuliqanlıq, narkotik və ya silahdaşıma kimi nüfuzdansalıcı cinayət maddələri ilə həbs olunduqlarını oxuyuram. Bu, məni çox məyus edir. Çünki şərq toplumları nə vaxt bir az inkişaf cəhdi göstərsə, siyasi korlanma və dözümsüzlük bir yerdən partlayır. Mütləq pis bir ənənə yenidən baş qaldırır və insan haqları mövzusundakı inkişafı silib, süpürür.
– Siz uzun müddət BMT-də işləmisiniz. Ümumiyyətlə, bu tip məsələlərdə kimin doğru, kimin yanlış olduğu necə müəyyənləşdirilir?
BMT-də insani yardım xidmətçisi və vəkil olaraq işləmişəm. Nə qədər çətin olsa da, orada diqqət edilən ən önəmli prinsip mümkün olan səviyyədə tərəfsizlikdir. BMT işçilərinin münaqişə tərəflərinin təbliğatlarının arasından sağ və manipulyasiya edilmədən çıxmaqları üçün bərabər məsafədə siyasət yürütmələri və yerinə yetirmələri gərəklidir. Biz bitərəfliyimizi itirməmək üçün bu mövzuda özəl tədris alırıq. Amma böyük rəsimdən baxanda, BMT siyasətinin ən güclü və ən bacarıqlı diplomatiya mütəxəssisləri tərəfindən təsirləndiyini də diqqətə almaq lazımdır.
– Dünyanın ən qaynar müharibə bölgələrində çalışmısınız. Nəyə görə məhz, İran haqqında kitab yazmaq qərarına gəldiniz və yenidən kitab yazmaq haqda düşünürsünüzmü?
İran ən sevdiyim ölkələrin başında gəlir və kitab o möhtəşəm tarixə heç yaraşmayan bir quruluş içərisində olmaqlarına fərdi etirazımı anlatmaq üçün gülümsəyərək yazdığım bir kitab idi. Bugünkü həyatları böyük Fars mirasına yetərincə yad görünür. Məncə, elə bu fikirlə də, “dəcəl və inadcıl” tərəfimə məğlub olub, İranda iki il, səkkiz ay, yeddi gün qaldım. Hətta, bunu “Çöllərdə, sərhəd və müharibə ərazilərində, üstəlik minalı bölgələrdə bir qol, bir ayaqla ora-bura nəyə qaçırsan? İkinci tərəfini də itirmək istəyirsən?” deyə, mızıldanan ikinci səsimə də qulaq tıxayaraq etdim. Məni macəradan-macəraya da daşıyan bu olub. Yoxsa, hər kəs kimi, kifayət qədər normal bir yaşayış üçün darıxan, “penjama və şap-şapla” televizya izləmək istəyən bir tərəfim də var. Və bəli, bacara bilsəm, TBMM-dəki günlüklərimi yazmaq istəyirəm.
-Kitabda İranda nə qədər çətin günlər yaşadığınızı yazırsınız. Lakin orada yaddaqalan məqamlardan biri də İrandan BMT işçilərinin oplimpiyadasına qatılmağınız, üstəlik üzgüçülük üzrə birincilik alıb, qızıl medal qazanmağınızdır. Bu haqda nə deyə bilərsiniz?
Birinci olduğumu öyrənəndə, əvvəlcə elə bildim yanlış eşitmişəm. Əmin olanda, dostlarıma şıltaqlıq edə bilmək haqqı qazandığımı düşündüm. Mən çox medallar, diplomlar almışam, amma nədən isə bu birinciliyin yeri mənim üçün çox ayrıdır.
– Sizcə, nəyə görə Şərq ölkələrində hansısa problemlər yarananda, bu problemlərin qaynağı kimi həmişə qərbi günahlandırırlar?
Bu suala 2009-cu ildə Obamanın demiş olduğu sözlərlə cavab vermək istəyirəm.
“Dünyanın hər yerində nifaq toxumları əkməyə səy göstərən və öz torpaqlarındakı problemlər üçün qərbi günahlandıran liderlərə səslənirəm. Bilin ki, öz xalqınız sizi nələri yox etdiyinizə görə deyil, nələri inşa edə biləcəyinizə baxaraq mühakimə edəcək. Saxakarlıq, aldatma və müxalifəti susturma yolu ilə iqtidara yapışıb qalanlara səslənirəm. Bilin ki, tarixin yanlış tərəfində durursunuz”. Bu fikirlərdə də vurğulandığı kimi, bacarıqsız, saxta və müstəbid iqtidarlar daima xalqın vəziyyətini pərişan etdikdən sonra öz günahlarını kospirasiya nəzəriyyələri ilə təmizləyirlər. Bu, çox istifadə edilən, çox işə yarayan və çox qədim bir ənənədir.
– Sizin həm də caz oxuduğunuzu, rəsm çəkdiyinizi bilirik. Sənət aləmində ən çox kimlərdən və nələrdən zövq alırsınız?
Kitab oxumağı çox sevirəm. Çox klassik bir cavab oldu, amma mən bir kitabı yavaş-yavaş, əvvəlki bölümlərinə yenidən dönərək oxumağı sevirəm. Yəni, bir növ bir ritual kimi. Mən siyasətdə qərbli, sənətdə şərqliyəm. Sizdən Əzizə Mustafazadənin məlahətli səsini dinləməkdən doya bilmirəm. Ən sevdiyim aşıq Aşıq Veysəldir, amma mən bu günə qədər “Uzun incə bir yoldayam” mahnısını Əzizə Mustafazadədən daha yaxşı duyaraq, ifa edənə rast gəlməmişəm. Gündə ən az bir dəfə onun bir mahnısını dinləyirəm. Uzaq Asiyanın rəsm anlayışına heyranam. İstəyərdim ki, evimdə məsələn, Huang Chou’nun bir rəsmi olsun. Sədinin gülləri, Ömər Xəyyamın rübailərini kim unuda bilər ki? Daha nə söyləyə bilərəm ki.
– 2012-ci ildə Mişel Obama və Hilari Klintondan “dünyanın ən cəsarətli qadını” mükafatını alan 10 qadından biri də siz oldunuz. Dünyanın ən cəsarətli qadınlarından biri olmaq necə bir hissdir?
Əslində, həqiqətən cəsarətli olduğumu demək olmaz. Qorxduğum bir neçə sahə var, amma hesab edirəm, başqaları üçün daha çətin olan bölgələrə girdiyim üçün cəsarətli qəbul edilirəm. Bunun çox dəyərli və məsuliyyətinin daha böyük olduğunu düşünürəm. Dolayısıyla, bu mükafat işlərimdə, əxlaqı duruşumda və tədqiq etdiyim bütün insan haqları məsələlərində həm cəsarət, həm də daha böyük məsuliyyətlə yoluma davam etməyimi təmin edəcək. Səhv etmək, dünyəvi təxribatlara təslim olmaq haqqım yoxdur. Bu mükafatı seçdiyim yolun yol işarəsi olaraq anlayıram.
– Oxşar cəmiyyətdə yaşadığımız üçün Azərbaycan və Türkiyə vətəndaşlarının küçədə gördükləri, ümumiyyətlə, istənilən yerdə gördükləri əngəllilərə göstərdikləri münasibətin eyni olduğunu demək mümkündür. Siz həm də bir əngəlli, amma bu əngəlli çoxdan geridə qoymuş biri olaraq, əngəlli insanlara və onların yaxınlarına, əngəlli uşaqlarını evdə gizlədən valideynlərə nə deyə bilərsiniz?
Məncə, cəmiyyətin ortaq kiçiklik komplekslərindən ötrü gözələ, zənginə və güclüyə pərəstiş xəstəliyinin bir əksi də əngəllilərə görə bu qədər utanc, mərhəmət və gizlilik duyğusu hiss etməkdir. Halbuki, ən bacarıqsız, ya da ən bihudə insanın da digərləri ilə bərabər həyat haqqı olduğu qədər, həyata qatacağı bir şey vardır. Önəmli olan o müdafiəsizləri özlərini qoruya biləcəkləri istedadlarla təmin etməkdir. O zaman onlar özləri ayağa qalxa bilərlər. Dünya bunun parlaq modelləri ilə doludur. Məsələn, məncə, buna ən yaxşı bir nümunə əngəlli ingilis pilot Douglas Bader ola bilər.
– Sizə görə, uğurlu insan olmağın sirri nədir?
Elm insan mənliklərinin bir əyri üzərində formalaşdığını deyir. Bir ucda çox həssas vəziyyətdə olanlar(çox alçaq səviyyədə stress qarşısında, hətta, heç bir stress olmayanda belə, ruh sağlığı pozulanlar), digər ucda isə bizim deyimimizlə, fələyin silləsini yemiş, müxtəlif neqativ təcrübələr yaşamış, ancaq yenə də nikbin və pozitiv bir baxışı qoruya bilənlər var. Psixiatrlara görə, insan orta hesabla hadisələri bu iki “ucun” ortasında seyr edir. Bu ortalamanın nikbin yanında qalıb, yaxşı bir hədəf qoymaq, mənə ən doğru seçim kimi görünür. Çünki hədəf qoysanız, çata bilməsəniz belə, mütləq ona yaxınlaşacaqsınız.
– Səmimi söhbətiniz görə, təşəkkür edirəm.
Mən sizə çox- çox təşəkkür edirəm!