Hər ayı borcla keçirən ailə: “Bəs deyirlər, iqtisadiyyatımız inkişaf edir?”

“Aşağıda bir dükan var. Orada imkansız ailələrə pulsuz çörək verirlər. Gündə bir ədəd. Kim təşkil edibsə, Allah ondan razı olsun. Müavinətə qədər, heç olmasa, o yavan çörəklə yola gedirik”.

Tək gəlir yerləri əlillik müavinəti olan Ələşrəfovlar hər ay kimdənsə borc almalı olur. Müavinətləri bank hesablarına yüklənən kimi borclarını geri ödəyirlər. Sonra yenə eyni qaydada, borc istəməyə qohum-tanış gəzirlər.

“Biz ikimiz də yoldaşımla əlillik müavinəti alırıq. Mən 3-cü, yoldaşım 1-ci qrup əlildir. 3 aydır da sosial müavinət alırıq. Ümumilikdə, 310 manat edir. Onu da gecikmə ilə verirlər. Elə olur, ümumiyyətlə, vermirlər. İki ay sonra birlikdə ödəyirlər. Təsəvvür edin, bu pul onsuz da yetmir. Bir də gecikəndə, nə baş verir?! İnanırsınız, indi başımı itirmişəm. Bilmirəm uşağı xəstəxanaya aparım, ya özüm gedim müalicəyə?! Danışanda da deyirlər ki, xəstəxana dövlətindir. Zərifə Əliyeva adına klinikaya aparmışdıq uşağı. Gedən kimi dedilər ki, 20 manat! Əlilliyimizə də hörmət qoymadılar” – Zaur Ələşrəfov danışır.

Sentyabrın 10-da əlillik müavinətlərinin artırılması ilə bağlı ƏƏSMN-ə gedən vətəndaşların arasında Zaur Ələşrəfov da olub: “Bizə dedilər ki, büdcəmizdə pul yoxdur. Nə vaxt da televizora baxırıq, deyirlər ki, heç bir problemimiz yoxdur. İqtisadi inkişafımız yüksəkdir. Əlillərin rifahı belə yaxşıdır. Amma nə üçünsə gedib müraciət edəndə, deyirlər ki, iqtisadi böhran yaşayırıq”.

Ələşrəfovlar qohumlarının evində bir otağa yerləşiblər. Yerləri narahat olsa da, kirayə yaşamağa pulları qalmır.

2018-ci il üçün ölkə üzrə yaşayış minimumu 173 manatdır. Əlilliyi olanların müavinəti isə 50-155 manat arasında dəyişir.

Ana səhifəVideoHər ayı borcla keçirən ailə: “Bəs deyirlər, iqtisadiyyatımız inkişaf edir?”