Rüstəm Orucov hadisədə dostlarının günahı olmadığını deyir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq rəis müavini, general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun məhkəməsi aprelin 5-də davam etdirilib.
Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyilə keçirilən prosesdə həbsdə olan general oğlu ifadə verib. Bildirib ki, avtobus sürücüsünü vurmasına səbəb onun söyüş söyməsi olub.
R.Orucov və dostları Pərviz Abbasovla Kənan Vəliyev 85 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovu təhqir edib döyməklə xuliqanlıq etməkdə ittiham olunurlar. Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə təqsirli bilinən R.Orucov 4 il 6 ay, dostları isə ilyarım azadlıqdan məhrum
edilib
. Onlar özlərini təqsirli bilmirlər və üçü də Binəqədi Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti veriblər.
R.Orucov ifadəsində bildirdi ki, hadisə “Memar Əcəmi” dairəsindəki mübahisədən başlayıb: “Tıxac idi. Avtobus da dayanmadan siqnal verirdi. Maşından düşüb pəncərədən ona dedim ki, niyə siqnal verirsən? Dedi ki, korsan? Gəlib maşınıma oturanda pəncərədən eşitdim ki, mənə var-yox söyüşü söydü. Nömrəsini almaq istədim, vermədi. 85-in axırıncı dayanacağına gedib onu gözlədim. Gəldi, adamların maşından düşməyini gözlədim. Dispetçerə də dedim ki, var-yoxumu söyüb, üzr istəsin, gedim. Özünə də dedim ki, məni niyə söydün? Cavabında qayıtdı ki, “söyülməli adamı söyərlər”. Bundan sonra onu vurdum, yıxıldı. Mən də çıxıb getdim”.
R.Orucov qeyd edib ki, bu hadisəyə görə həbs olunan dostlarının heç bir günahı yoxdur, onlar təsadüfən 85-in axırıncı dayanacağından keçəndə hadisəni görüb düşüblər. Sürücü ilə “Memar Əcəmi”-də mübahisə edəndə də, onun arxasınca dayanacağa gedəndə də özü tək olub.
Təqsirləndirilən dostlar da hadisədə iştirak etmədiklərini bildiriblər.Deyiblər ki, onlar Rüstəmin maşınını görüb düşəndə, o, çıxıb gedirdi. Həmin vaxt sürücü də yerdə uzanmış vəziyyətdə olub: “Ürəyi getmişdi, su alıb verdik. Ayılan kimi də Rüstəmi, valideynlərini söydü”.
Məhkəmə aprelin 10-da davam edəcək.
Hadisə 2017-ci il iyulun 3-də baş verib. İttihamda isə yazılıb ki, R.Orucov BMW markalı “10-OG-300” dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə 85 saylı avtobusun sürücüsü ona irad bildirib. R.Orucov avtobusu bir neçə dayanacaq təqib edib və sonda sərnişinlərin gözü qarşısında dostları ilə birlikdə onu döyüb, təhqir edib.
R.Orucov bundan əvvəl də ehtiyatsızlıqdan maşınla piyadanı vurub öldürməyə görə 4 il azadlıqdan məhrum edilib. İki ildən sonra – 2016-cı ildə vaxtından əvvəl azadlığa çıxıb.
Son hadisədən sonra onun atası Novruzəli Orucov vəzifəsindən
uzaqlaşdırılıb
.