Rüstəm Orucov 4 il 6 ay azadlıqdan məhrum edildi
Yanvarın 17-də Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Rüstəm Orucov 1 il 6 ay avtomobil idarəetmə hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Kənan Vəliyev və Pərviz Abbasov məhkəmə zalında həbs edilib. Onların hər biri 1 il 6ay müddətinə azadlıqdan məhrum olunub.
İttihama görə, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.
R.Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi general Novruzəli Orucovun oğludur. N.Orucov hadisədən sonra tutduğu vəzifədən azad
edilib.