”Balalarımla bir yerdə cənab Prezidentə qurbanıq!”


Novruzəli Orucov: Bəli, oğluma görə vəzifədən çıxarılmışam

“Biz Ali Baş Komandanın əsgərləriyik. Sabah Ali Baş Komandan əmr versə, nəinki mən, bütün övladlarımla ön cəbhəyə gedib döyüşməyə hazırıq. Balalarımla bir yerdə cənab Prezidentə qurbanıq!”

Bu sözləri “olke.az” saytına vəzifəsindən azad edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, general Novruzəli Orucov deyib. O, oğluna görə işdən azad olunduğunu etiraf edib:

“Bəli, oğluma görə vəzifədən çıxarılmışam. Yoxsa ki, mənim başqa nə pis hərəkətlərim olub? Mən nümunəvi xidmət edən zabitəm. Məni oğluma görə vurdular. Ancaq Allah cənab Prezidentin canını sağ etsin. Mən onun əsgəriyəm. Mənə vəzifəni verən də, alan da odur. Onun qərarlarına heç bir etirazım yoxdur. Ali Baş Komandan əmr versin, bu gün burada, sabah isə cəbhədə düşmənlə döyüşəcəm”.

General baş verən hadisədə avtobus sürücüsünü günahlandırıb:

“Mən oğlumun günahlarını etiraf edirəm. Doğrudur, oğlumun da səhvləri var. Ancaq avtobus sürücüsünün də günahı çoxdur. Hər kəs yaxşı bilir ki, bu gün Azərbaycanda avtobus sürücüləri necə vəhşi kimi maşın sürürlər. Oğlumla avtobus sürücüsü arasında mübahisə də məhz bu üzdən baş verib. Həmin avtobus sürücüsü ilə oğlum dalaşıb-barışıb, sürücü şikayətini də geri götürüb.

Oğlum elə pis uşaq da deyil. Sadəcə olaraq, həmin avtobus sürücüsü oğluma qarşı var-yox söyüşü söyüb. Oğlumun da 21 yaşı var, cavan oğlandır, kim belə söyüşü götürər? İndi axmaq bir avtobus sürücüsü maşını vəhşi kimi idarə edirmiş. Oğlum da bunu görüb, səbri çatmayıb, sürücüyə iradını bildirib. Sürücü də oğluma ağır söyüşlə cavab verib. Bunun nəticəsində də oğlumla sürücü arasında dava olub”.

N.Orucov hazırda sərəncamda olduğunu bildirib:

“Hazırda Sərəncamdayam. Nə vaxtsa çağırıb vəzifə təklif etsələr, onu icra etməyə tam hazıram. Mən 36 ildir ki, xidmət edirəm. Sabah Ali Baş Komandan məni hara göndərsə, əsgər kimi getməyə hazıram. Yenə deyirəm ki, hər şey ölkə başçısının səlahiyyətlərində olan məsələdir. Bu gün məni buradan çıxarıb, sabah başqa yerə verə bilər. Hələlik Sərəncamdayam. Yenə deyirəm ki, sabah Ali Baş Komandanın bir əsgəri kimi istənilən yerə getməyə hazıram. Elə çox qocalmamışam, yaşım da o yaş deyil ki, pensiyaya çıxım. Xəstəliyim də yoxdur ki, xəstəliklə tərxis olum. Xidməti dövrümdə də neqativ hallarım olmayıb. Fəaliyyətim dövründə Vətən üçün xidmətlərim çox olub. O vaxt Ağdamda ermənilər snayperlə Farizi vuran zaman biz dərhal Azərbaycanda snayper kursu açdıq. Həmin kursu bitirən insanlardan biri İslam Həmrəyliyi Oyunlarında üçüncü yerə çıxmışdı”.

General baş verənlərə görə oğlunu cəzalandırmadığını deyib:

“Oğlumu cəzalandırmadım. Ancaq mənim işdən çıxarılmağım oğlum üçün ən böyük cəzadır. Bundan böyük nə cəza ola bilər?”


Xatırlatma:

General Novruzəli Orucovun avtoxuliqanlıq edən oğlu saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

R. Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi general Novruzəli Orucovun oğludur. N. Orucov dünən tutuduğu vəzifədən azad edilib.

Ana səhifəVideo”Balalarımla bir yerdə cənab Prezidentə qurbanıq!”