Mehman Hüseynov ifadə verməkdən imtina edib
Cəzaçəkmə müəssisəsində məhbusluq həyatı yaşayan, 10 günlük cərimə kamerasına (“kars”) salınan bloger Mehman Hüseynov ona qarşı yeni cinayət işinə etiraz əlamət olaraq müddətsiz aclıq elan edib.
Məlumatı “Turan” agentliyinə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov bildirib.
Emin Hüseynov blogerin atası ilə telefon əlaqəsi saxladığını deyib:
“Mehman evə zəng edib və “karserə” salındığını, təzyiqə məruz qaldığını deyib. Söhbət bir dəqiqədən az çəkib. O, Penitensiar Xidmətin onun cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməsi haqqında məlumatının yalan olduğunu deyib. Cinayət işi hələlik fakt üzrə açılıb – Mehmana ittiham irəli sürülməyib. Mehman vəkilləri ilə görüş tələb edir. Amma onun yanına vəkil buraxılmır. Mehman istintaq tədbirlərində iştirakdan və yeni cinayət işinin saxtalaşdırılmasına, ona qarşı təzyiqə və yanına vəkil buraxılmamasına etiraz əlaməti olaraq ifadə verməkdən imtina edib”.
Mehman Hüseynovun vəkili
Şəhla Hümbətova
dekabrın 27-də onunla görüşə bilməyib:
“Müxtəlif bəhanələrlə 2 saat gözlətdilər, sonra icazə vermədiklərini söylədilər”, vəkil deyib.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir bloger və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (İRFS) sədri Mehman Hüseynova qarşı qaldırılımış yeni maddə üzrə ittihamlardan dərin narahatdır.
“Mehman Hüseynovun həbsdən çıxmasına bir neçə ay qalmış onun üzləşdiyi yeni cinayət məsuliyyəti barədə məlumatlar dərindən narahat edir”, deyə o bildirib.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi onun tezliklə azad edilcəyinə ümid edir.
Penitensiar Xidmət
in yaydığı məlumata görə, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.
Məlumata əsasən, bloger Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.
Bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.
Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.
Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.
Blogerin anası Firəngiz Hüseynova avqustun 6-da vəfat edib.