Vəkil Mehman Hüseynovla görüşə bilməyib

”Şəhla Hümbətova: ”Bunlar bəhanə idi”

Source:
Mehman Huseynov
Mehman Huseynov


”Şəhla Hümbətova: ”Bunlar bəhanə idi”

Vəkil Şəhla Hümbətova dekabrın 27-də 2 il azadlıqdan məhrum olunan bloger Mehman Hüseynovla görüşə bilməyib.

Vəkil Meydan TV-yə deyib ki, 14 saylı Cəzaşəkmə Müəssisəsinin rəhbərliyi əvvəlcə ona Mehman Hüseynovun “kars”da olduğunu, ona görə yuxarıların tapşırığı olsa, görüşə icazə veriləcəyini bildirdilər:

“Sonra dedilər ki, müstəntiq gələcək, onunla birlikdə icazə verəcəklər. Amma iki saatlıq gözləntidən sonra Mehman bəylə görüşə icazə verilmədi. Bunlar bəhanə idi, sadəcə, istəmədilər”.

Ş.Hümbətova dekabrın 28-də bir daha Mehman Hüseynovla görüşməyə cəhd edəcəyini söyləyib:

“Mən vəkil olaraq onunla görüşüb nələr baş verdiyini öyrənməliyəm. Əks təqdirdə, rəsmi məlumatda yazılanlara şübhələr daha da artacaq”.


Dekabrın 26-da

14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb. Penitensiar Xidmətin yaydığı məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.

Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apelyasiya Məhkəməsinə qaytarıb.

Blogerin anası Firəngiz Hüseynova avqustun 6-da vəfat edib.

Ana səhifəXəbərlərVəkil Mehman Hüseynovla görüşə bilməyib