AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadənin 32 yaşı tamam olduğu gün bir sıra beynəlxalq insan haqları və media təşkilatları, eləcə də ABŞ Konqresinin üzvləri onun azadlığa buraxılmasını tələb ediblər.
“Human Rights Watch” insan haqları təşkilatı və Tom Lantos İnsan Haqları Komissiyası da jurnalistin azadlığa buraxılmasına çağırıblar:
“Fərid Mehralızadə doğum gününü Azərbaycanda haqsız yerə həbsdə keçirir. O, bu günü həyat yoldaşı və azyaşlı qızı ilə birlikdə qeyd etmək əvəzinə, jurnalist fəaliyyətinə görə cəzalandırılır. Fərid azadlığa buraxılmalıdır”.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) Avropa və Mərkəzi Asiya bölməsi noyabrın 22-də “X” platformasında paylaşım edərək Mehralızadənin doğum gününü ailəsi ilə birlikdə keçirmək əvəzinə həbsdə olmasına diqqət çəkib:
“AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə bu gün 32 yaşını Azərbaycanda haqsız yerə həbsdə qarşılayır. O, doğum gününü həyat yoldaşı və azyaşlı qızı ilə birlikdə keçirmək əvəzinə, jurnalist fəaliyyətinə görə cəzalandırılır. Fərid azadlığa buraxılmalıdır”.
“Amnesty International USA” isə Azərbaycanda siyasi motivli ittihamlarla həbs olunduğu bildirilən bütün şəxslərin azadlığa buraxılmasını istəyib.
“Azərbaycanda Fərid Mehralızadə, eləcə də saxta, siyasi motivli ittihamlarla özbaşına saxlanılan və ya məhkum edilən bütün hüquq müdafiəçiləri, fəallar, jurnalistlər və hökumət tənqidçiləri sərbəst buraxılmalıdır”, – qurumun “X” paylaşımında deyilir.
ABŞ Konqresinin Azərbaycan üzrə qrupunun həmsədri Robert Aderholt da Mehralızadənin həbsinin siyasi motivli olduğunu bildirib.
“Bu gün AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə 32 yaşını Azərbaycanda saxta ittihamlarla haqsız yerə həbsdə qarşılayır. ABŞ Konqresinin Azərbaycan üzrə qrupunun həmsədri kimi bildirirəm ki, Fəridin iki il əvvəl tutulması açıq-aşkar siyasi motivli idi və ABŞ–Azərbaycan münasibətlərinin daha məhsuldar inkişafına zərbə vurur. O, azadlığa buraxılmalıdır”, – Aderholt yazıb.
ABŞ-dən Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması ilə bağlı oxşar çağırışlar bundan əvvəl də səslənib. Sonuncu dəfə sentyabrda üç senator Donald Tramp administrasiyasını Azərbaycanda siyasi məhbusların azad olunmasına nail olmağa və onların hamısının buraxılmasını Strateji Tərəfdaşlığın şərti kimi irəli sürməyə çağırmışdı.
Fərid Mehralızadə 2024-cü il mayın 30-da saxlanılıb. Ona “AbzasMedia işi” çərçivəsində qaçaqmalçılıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər ittihamlar irəli sürülüb.
Jurnalist və müdafiəçiləri ittihamları rədd edərək, ortaya tutarlı sübut qoyulmadığını bildiriblər.
Fərid Mehralızadə 9 il azadlıqdan məhrum edilib. İş üzrə təqsirli bilinən digər jurnalistlərə isə 7 il 6 aydan 9 ilədək həbs cəzası kəsilib.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 322 siyasi məhbus var.
Hökumət təmsilçiləri isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə və ya siyasi baxışlarına görə həbs edilmədiyini vurğulayırlar. Onlar iddia edirlər ki, həmin siyahılarda adları keçən şəxslər törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.
Beynəlxalq insan haqları təşkilatları isə Azərbaycan hökumətini haqsız yerə həbs edildiyini hesab etdikləri şəxsləri dərhal azad etməyə çağırırlar.