14 apreldə hüquq müdafiəçisi Rəsul Cəfərovun daha bir məhkəmə prosesi keçirildi.
İşdə “zərərçəkmiş” kimi tanınan şəxslər çıxışlarını yazılı şəkildə hakimə təqdim edərək, zərər çəkmədiklərini bildirdilər. Nicat İmranlının hakimə təkidlə adının zərərçəkmişlər siyahısından çıxarılmasını tələb etməsinə hakim, “Bura arzular, istəklər klubu deyil. Prosesin sonunda məhkəmə öz qərarını verəcək. Səsinizin tonunu alın” –deyərək, etiraz etdi.
Vəkil Əlibaba Rzayev çıxışına “Heç kimə sirr deyil ki, Rəsulun həbsi sifarişdir” cümləsi ilə başladı. Vəkil davamında “Dövlət qeydiyyatından keçməyən və qrand müqaviləsi imzalayan o qədər QHT-lər var ki, onların heç birinə qarşı belə bir iddia qaldırılmayıb. Lakin Rəsul Cəfərov aldığı qrand layihələrinə görə bu gün ittiham edilir. Rəsul iş görüb. “Eurovision” mahnı müsabiqəsində Avropanın diqqətini Azərbaycandakı insan haqlarına yönəltməsi ölkənin bəzi dairələrini nədənsə qıcıqlandırıb. Cinayət işinin mahiyyəti bu tip addımların qarşısını almaqdır. Nəticədə bu gün Rəsul vergidən yayınmada, vəzifə səlahiyyətlərini aşmada ittiham edilir. Əgər söhbət mənimsəmədən gedirsə, Rəsul heç nəyi mənimsəməyib. Çünkü ortada zərərçəkən şəxs yoxdur”.
Vəkil çıxışında şahid ifadələrinə toxunub. “Şahidlərin hamısı ittiham tərəfinin şahidləridir. Bir nəfər də olsun təqsirləndirilən tərəfin şahidi yoxdur. Maraqlısı orasındadır ki, ittiham tərəfinin şahidlərindən heç biri Rəsulun əleyhinə ifadə verməyib”.
İstintaqda maliyyə məsələsi ilə bağlı zərərçəkmiş qismində tanınanlar barədə isə vəkil “məbləğ soruşulanda onlar dəqiq rəqəm deməkdə çətinlik çəksələr də, istintaqçılar təkidlə bir rəqəm dedizdiriblər. Zərərçəkmiş kimi tanınanlar təxmini rəqəmlər deyiblər. Lakin burada ifadə verərkən də məlum olub ki, onlar imzaladıqları məbləği də alıblar” – dedi.
Vəkil əlavə etdi ki, Ədliyyə Nazirliyinin qrand müqaviləsini qeydiyyatdan keçirməməsini istintaq mənimsəmə faktı kimi qeyd edib: “Mənimsəmədən isə söhbət gedə bilməz. Çünkü Rəsul Cəfərov sahibkarlıqla məşğul olmayıb. Əgər Rəsul Cəfərov mənimsəmədə ittiham olunursa, deməli, o, qanunsuz sahibkarlıqla məşğul ola bilməz. Qanunsuz sahibkarlıqdırsa, mənimsəmə edə bilməz. Bunun izahı Vergilər Nazirliyinin saytında ətraflı olaraq qeyd edilib”.
Rəsul Cəfərov həm də vəzifə səlahiyyatlərini aşmaqda ittiham edilir. Vəkil buna da aydınlıq gətirdi. “İstintaq Rəsulun hansı vəzifədə olduğunu demir. Bu ittiham söz yığınından başqa bir şey deyil. Qanunda “qeydiyyatdan keçməyən təşkilat fəaliyyət göstərə bilməz”- deyə bir şey yoxdur. Rəsul da fəaliyyət göstərib. Əgər ortada hər hansı hüquqi şəxs yoxdursa, hansı vəzifədən söhbət gedə bilər? Üstəlik ittiham tərəfi deyir ki, bu səlahiyyəti aşmaq ağır nəticələr törədib. Hansı ağır nəticələr? Rəsul Cəfərov gəncdir, hüquq sahəsində uğurları var, tənqidi çıxışlar edir. Bu da bəzilərində narahatlıq doğurur. Biz 150.000 manatla bağlı məhkəməyə təqdim etdiyimiz sənədlərin heç biri təqdim edilmədi. Bir mənalı olaraq məhkəmə qərəzlidir. Sübut etmək yükü ittiham tərəfində olsa da, heç bir sübut ortada yoxdur. Xahiş edirik Rəsul Cəfərov barəsində bəraət hökmü çıxarılsın” – deyərək nitqini tamamladı.
Daha sonra Cəfərovun digər vəkili Fariz Namazlı çıxış edərək, hələ də ittihamın nədən ibarət olduğunun aydınlaşmadığını bildirdi: “Rəsul Cəfərov vergidən yayınmada ittiham edilir. Qrand müqaviləsindən isə heç bir vergi tutulmur. Məhkəmə ədalətli qərar versin”.
Məhkəmə fasiləyə yollandıqdan sonra isə prosesin 15 aprel 10:30-a təxirə salındığını açıqladı.
Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.
Müdafiə tərəfi ittihamı rədd edir.
“Amnesty International” təşkilatı Cəfərovu “vicdan məhbusu” kimi tanıyıb.