Sərhədsiz Reportyorlar Təşkilatı Aytac Tapdıq barədə bəyanat verib

Aytac Tapdıq. İllüstrasiya: Meydan TV

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Meydan TV-nin həbsdə olan əməkdaşı Aytac Tapdıq (Əhmədova) barədə bəyanat yayıb.

Təşkilat yaydığı bəyanatda bildirib ki, Aytac Tapdıq ehtiyacı olan tibbi müayinədən məhrum buraxılır:

“Aytac Tapdığın sağlıq durumu sürətlə pisləşməyə doğru gedir. 2024-cü ilin dekabrından etibarən qanunsuz olaraq həbs olunan Əhmədovaya təcili ehtiyac duyduğu tibbi yardım göstərilmir”.

Sərhədsiz Reportyorlar Təşkilatı jurnalistin dərhal müalicəsinin təmin edilməsini və azadlığa buraxılmasını tələb edib.

İyulun 4-də “Meydan TV işi” üzrə keçirilən məhkəmə prosesində Aytac Tapdığın vəkili Cavad Cavadov çıxış edərək bildirmişdi ki, Tapdığın səhhətindəki problemlərlə bağlı Tibb Baş İdarəsinə iyunun 19-da məktub göndərsələr də, heç bir cavab ala bilməyiblər.

Aytac Tapdıq həbsdə olduğu 20 ay ərzində 80 qutu burun açıcı spreydən istifadə etdiyini və həbsxana şəraitinin onun nəfəs almasına ciddi təsir etdiyini qeyd edib.

Aytac Əhmədova (Tapdıq) 2024-cü il dekabrın 6-da həbs olunub. Onunla eyni gündə Meydan TV-nin digər əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da həbs edilib.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəMeydan TV işiSərhədsiz Reportyorlar Təşkilatı Aytac Tapdıq barədə bəyanat verib