Kəlbəcərdə partlayış: 39 yaşlı kişi xəsarət alıb

Mənbə: MN

Bu gün Kəlbəcərin Zəylik kəndində minalardan təmizlənməmiş ərazidə mal-qara otaran 39 yaşlı şəxs sursat partlayışı nəticəsində xəsarət alıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin (DİN) və Minatəmizləmə Agentliyinin (ANAMA) yaydığı birgə məlumata görə, xəsarət alan şəxs Qazax rayon sakini, Sərxan Ələsgər oğlu İsgəndərovdur.

Bildirilir ki, o, minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursatın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

Rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycanda mina partlayışları nəticəsində 70-dən çox insan həyatını itirib, 350-yə yaxın şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan işğaldan azad edilmiş ərazilərdə basdırılmış minaların xəritələrini tam şəkildə təqdim etməyib. Sonradan bəzi Ermənistan hərbçilərinin Azərbaycana qaytarılması müqabilində bir sıra ərazilərə aid mina xəritələrinin verildiyi bildirilsə də, Azərbaycan rəsmiləri həmin xəritələrin böyük hissəsinin reallığı əks etdirmədiyini vurğulayıblar. Ermənistanın Baş naziri isə ölkəsində mövcud olan bütün mina xəritələrinin Azərbaycana təqdim edildiyini açıqlayıb.

1980-ci illərin sonlarından etibarən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalarla müşayiət olunub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib.

2020-ci ildə baş vermiş 44 günlük müharibə və 2023-cü ildə keçirilmiş birgünlük hərbi əməliyyatlardan sonra Bakı ölkənin bütün ərazilərində suverenliyini bərpa etdiyini elan edib. Bundan sonra Qarabağda yaşayan erməni əhalinin böyük hissəsi bölgəni tərk edib.

Ötən ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Sənədə əsasən, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və qarşılıqlı ərazi iddialarından imtina edəcəklərini bəyan ediblər.

Ana səhifəSosialKəlbəcərdə partlayış: 39 yaşlı kişi xəsarət alıb