“Gültəkin Hacıbəyli və Aynur İmranovanı məhkəməyə verəcəm”(VİDEO)

Fevralın 6-da Beynəlxalq mətbuat mərkəzində “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova mətbuat konfransı keçirib. Konfrans bir neçə gün öncə Aznews.az saytında “Mehriban Zeynalovanın adı insan alverində hallanır” başlıqlı yazıya cavab olaraq baş tutub.  Mətbuat konfransına Aznews.az  saytından qatılan olmayıb. Birliyin sədri jurnalistlərə açıqlamasında haqqındakı ittihama belə şərh verib.

Mehriban Zeynalovanın sözlərinə görə, məlum yazı öncədən hazırlanmış bir plandır. O, yazınının jurnalist Aynur İmranova tərəfindən yazıldığını düşünür.

Mehriban Zeynalova deyib ki,  o, məlum saytı  ona böhtan atdığı üçün məhkəməyə verəcək.  Birliyin sədri  həmçinin, Aynur İmranovanı   və  keçmiş deputat Gültəkin Hacıbəylini də məhkəməyə verməyi düşünür.

Jurnalist Aynur İmranova “Facebook” səhifəsində haqqındakı ittihama belə cavab verib: “Hakimiyyət indi də belə hücuma keçib. Mənim GONGO-lar yazımdan sonra orda adı hallanan məşhur bir xanım başqa QHT rəhbərlərin yığıb məni məhkəməyə verməyi təklif edibmiş. Özü tək verməyib, çünki zatən QHT rəhbəri ola-ola bir dövlət qurumunda fond rəhbəri kimi çalışır”.

Jurnalist daha sonra qeyd edib: “Yəni bu hakimiyyət sizcə onunla çalışmayan QHT rəhbərinə belə vəzifə verərmi? Nə isə o vaxt məni məhkəməyə vermək üçün dəstək ala bilməsə də, son proseslərdə hakimiyyətdən dəstək ala bilib yəqin ki və bu gün məni məhkəməyə verəcəyini bəyan edib.Məsələ nədən ibarətdir, mən sizə açıqlayım. Mənim bu statusumu xatırlayırsız yəqin ki.

Gültəkin Hacıbəyli

nin məhkəmə işindən də yaxşı tanıdığınız bu qız yaxın günlərdə ölkəsinə deportasiya edilmişdi. Deməli, bu qız məhkəmədə udmuşdu, onu istismar edən şəxs bu qıza böyük məbləğdə pul ödəməliydi. Qızın BMT QAK dan ölkədə qalmaq üçün sənədi vardı, ölkəni tərk edən zaman bir çox tanışlarına yazıb kömək istəmişdi və məcburi çıxarıldığını demişdi. Hansı ki, əlaqədar qurum rəsmi cavabında qızın öz istəyi ilə getdiyini yazmışdı. Maraqlıydı,

Lily Diaz

 ölkədən gedən zaman istəyini hansı dildə ərizə ilə yazıb bildirmişdi?  Ölkədən göndərilən zaman vəkilləri niyə dəvət olunmamışdı? Belə böyük məbləğ alacağı halda, niyə pulu verilməmiş getmişdi? Suallar çox idi. O vaxt mən yazdım ki, narahatıq, araşdırırq. İndi adı belə çəkilməyən statusdan özünə pay çıxaran, “soğan yemədən, içi göynəyən” biri kimi bizi məhkəmələrlə hədələyir.

Mən burdan qəti şəkildə bəyan edirəm. Bu iş siyasi işdir, siyasi sifarişdir. Həm Gültəkin xanıma qarşı, həm mənə qarşı. Mən statusumda Lily Diazın problemin qabartmışam, nə təşkilatın adını, nə rəhbərinin adını çəkməmişəm. Halbuki, məsələ ilə bağlı açıqlaya biləcəyim çox faktlarım var. Məhkəmə məsələsi dəqiqləşərsə, mətbuat konfransı keçirib onları da jurnalistlərlə bölüşəcəm. Amma hələ ki, mətbuat konfransında olmadığım və deyilənləri başqalarından eşitdiyim üçün susuram, ad çəkmirəm”.

Gültəkin Hacıbəylinin mövqeyini öyrənmək mümkün olmayıb. Meydan Tv keçmiş millət vəkili ilə yenidən əlaqə saxlayacaq.

Ana səhifəVideo“Gültəkin Hacıbəyli və Aynur İmranovanı məhkəməyə verəcəm”(VİDEO)